Cəmiyyət

“Optimal Elektronika”nın satdığı telefon müştərinin əlində partladı – VİDEOFAKT

“Optimal Elektronika” MMC-nin satdığı telefon müştərinin əlində partlayıb. Zirveyolu.info xəbər verir ki, sonxeber.az-a müraciət edən Saatlı rayon sakini Arif İmanov bildirib ki, 2020-ci ilin avqust ayının 1-də “Optimal Elektronika” MMC-nin Saatlı rayon filialından 1 il zəmanətlə aldığım “Samsung Galaxy A11” markalı telefon keyfiyyətsiz çıxıb:

“Aldığım gündən bəri telefondan istifadə edikcə qızdığını gördüm. Bir müddət keçdikdən sonra telefonda barmaq izi tanınması funksiyası işləmədi. Sonuncu gün isə telefonun həddindən artıq qızdığını hiss etdim. Dərhal onu əlimdən yerə atdım. Həmin an telefon alışıb yanmağa başladı. Əgər onu zamanında əlimdən yerə atmasaydım, çox güman ki, özüm də xəsarət alacaqdım. Mən yenidən “Optimal Elektronika” MMC-nin Saatlı rayon filialına gedərək telefonumun yandığını söylədim. Mağazadan mənə yanmış telefonun qalıqlarını gətirməyimi istədilər və bildirdilər ki, 20 gündən sonra servisdən xəbər gələcək.

Telefonu kreditlə götürmüşdüm. Kreditin 262 manatını ödəmişdim. 78 manat borcum qalmışdı. 20 gündən sonra servisdən mənə xəbər gəldi ki, guya mən telefonun yalnız üz və arxa qapağını gətirmişəm.

Zəng etmədiyim yer qalmadı. Hələ utanmaz-utanmaz məndən 78 manat kredit borcunu istəyirlər. 2 ildir ki, şikayət etmədiyim yer qalmayıb. Amma hələ də cavab verən olmayıb. Müvafiq qurumlardan xahiş edirəm ki, mənim şikayətimə baxsınlar.

Ümumiyyətlə, videodan da gördüyünüz kimi, “Optimal Elektronika” MMC insanlara keyfiyyətsiz məhsul sataraq, həm onların cibinə girir, həm də həyatları üçün təhlükə yaradır”.

Arif İmanovun bizə göndərdiyi videonu təqdim edirik:

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir