“Qaz idarəsinin işçiləri məni dəmir parçasıyla döyüblər. Prokurorluğa şikayət etmişəm, ancaq heç bir tədbir görülmür”.
Zirveyolu.info-ın məlumatına görə, Saatlı sakini, 1-ci qrup əlil Elvin İsayev Meydan TV-yə qaz idarəsinin işçiləri tərəfindən döyüldüyünü deyir.
Onun sözlərinə görə, bu il martın 27-də onun yaşadığı ünvana gələn qaz idarəsinin işçiləri Cəlal, Zaur, Nicat adlı şəxslər borca görə qaz xəttini kəsmək istəyəndə aralarında mübahisə yaranıb. Nəticədə o döyülüb:
“Məsələ ondan ibarətdir ki, qaz idarəsinin işçiləri gecələr hamının əl-ayağı küçədən çəkiləndə, adamlar yatanda qaz sayğaclarının “plomblarını” qırırlar, sayğaca müdaxilə edirlər. Səhər də gəlib abonentin başının üstünü alırlar ki, sayğaca müdaxilə etmisən, akt yazırlar. Bu, tək mənim bşıma gəlməyib, Saatlıda xeyli abonent qaz idarəsi işçilərinin bu əməllərindən şikayətçidir”.
Elvin İsayevin sözlərinə görə, mayın 20-də bir neçə abonent bu işlərə son qoyulması üçün icra hakimiyyətinə gediblər:
“Dedilər, “SOCAR”dan gələn var, gedin, dərdinizi deyin, biz də getdik. Qaz idarəsinin bir neçə işçisi icra hakimiyyətinin qarşısına gəldi. Bizə dedikləri söz bu oldu ki, gedin, əliniz hara çatırsa, şikayət edin. Hətta işçilərdən biri məni həyatımla təhdid etdi. Dedi, əlil adamsan, get otur bir kənarda, ora-bura şikayət edərsən, sənə baha oturar”.
Elvin İsayev “Facebook” üzərindən “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə də yazıb.
Saatlı sakini, müharibə veteranı İlham Hüseynov da qaz sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunduğunu və 518 manat cərimələndiyini iddia edir:
“Evdə heç kim olmayıb, gəliblər, sayğacın plombunu qırıblar, müdaxilə ediblər. Sonra da gəliblər ki, sayğacınızdan şübhələnirik, götürüb aparıblar, göndəriblər ekspertizaya, sonra da üstümə 518 manat cərimə yazıb göndəriblər. Tək mən deyiləm, başqa abonetlər də var ki, onların da sayğacına qaz idarəsinin işçiləri tərəfindən müdaxilə olunub. Düzdür, mənim özümün borcum olub, ancaq mən qışboyu hər ay 80 manat civarında qazpulu ödəyirəm deyə, o borcdan ödəyə bilmirəm, havalar isinəndə, qaz sərfiyyatımız azalanda başlayıram aybaay həmin borcdan ödəməyə… Bunu qaz idarəsinin rəisi də bilir. Deyir, səndə hər şey qanunidir, yayda, qışda nə yandırırsan, ödəyirsən. Daimi sərfiyyat, daimi ödənişlərdir. Gəl ki, cəriməni yükləyiblər kürəyimə…”.
Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin təbii qazın qəbulu və satış şöbəsinin rəisi Nicat Əliyevsə Meydan TV-yə bildirib ki, rayonda qazdan qeyri-qanuni istifadə edən xeyli abonent aşkar edilib. Hazırda şikayətçi olan bu şəxslər də həmin siyahıdadır:
“Bu adamlar qazdan qeyri-qanuni istifadə edib. Biz dəliyik gecələr gedək sayğacı açaq, adamların evindən gələn qaz xəttinə şlanq qoşaq? Bunu kim edər? Qaz oğurluğu araşdırılıb, aktlaşdırılıb, cərimə yazılıb. Bu işlər hamısı prokurorluqdadır, bayaq da burda iclas idi, prokurorluq işçiləri də gəlmişdi. Həmin abonentlər qazdan qeyri-qanuni istifadə etdiklərinə görə məhkəməyə veriləcəklər. Vətəndaş haqlıdırsa, məhkəməyə versin, ora-bura yazırlar”.
Nicat Əliyev abonentin döyülməklə bağlı dediklərinə belə münasibət bildirib:
“Məndən də ona görə narazıdılarlar ki, əvvəl rahatca qaz oğurluğuyla məşğul olurdular, ilyarımdır burdayam, mane oluram. Ona görə də məndən şikayət edirlər”.
Bu yaxınlaradək Salyan Regional Qaz İstismaq İdarəsinin Saatlı xidmət sahəsinin rəisi İxtiyar Abıyev olub. Hazırda o, Bakı şəhərinə təyinat alıb və işini paytaxtda davam etdirir. Saatlı Sahə Xidməti rəhbərsiz qalıb.
Saatlı Xidmət Sahəsinin əməkdaşlarıyla abonentlər arasında əvvəllər də münaqişələr olub.
Abonentlərə artıq pul yazılması ilə bağlı sosial şəbəkələrdə də məlumatlar paylaşılır. Yerli mətbuat isə bununla bağlı bəzi idarə rəislərinin və rəis müavinlərinin cəzalandırılmasına dair xəbər yayıb. Ötən həftə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev öz “Facebook” hesabından deyilənləri yalanlayıb:
“Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, blogger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir. Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik”.