Avropa İttifaqı Şurasının (AİŞ) Prezidenti Şarl Mişel mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında liderlərin razılaşması barədə 4 bənd səsləndirdi. “Bu gün mən Azərbaycan Prezidenti Əliyevi və Ermənistanın Baş naziri Paşinyanı yenidən qəbul etdim. Bu, bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Avropa İttifaqının hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik. Müzakirə səmimi və məhsuldar keçdi”, – deyən Mişelin açıqladığı bəndlər belə sıralandı: sərhəd məsələsi, kommunikasiyalar, sülh müqaviləsi və sosial-iqtisadi inkişaf.
Sülh müqaviləsi məsələsindən danışarkən AİŞ Prezidenti bildirdi ki, liderlər Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinə dair müzakirəni davam etdirmək barədə razılığa gəliblər: “Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri bu prosesi davam etdirəcəklər. Bunun davamı olaraq, mən hər iki liderə müraciətlə vurğuladım ki, zənnimcə, Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir”.
Mişelin “Qarabağdakı etnik erməni əhalinin hüquqları və təhlükəsizliyi məsələsinin həll olunması vacibdir” açıqlaması Ermənistan ictimaiyyətində birmənalı dəyərləndirilmir. Paşinyanın əleyhdarları hesab edirlər ki, bu, Nikol hökumətinin növbəti xəyanətidir. Çünki açıqlamada “Qarabağın statusu” ifadəsi yer almır.
Azərbaycan ictimaiyyətində də əksər fikir ondan ibarətdir ki, “status” ifadəsinin səsləndirilməməsi maraqlarımıza uyğundur. Amma bunun əksini söyləyən ekspertlər də var və onlar mövqelərini bununla əsaslandırırlar ki, “ermənilərin təhlükəsizliyi və hüquqları” ifadəsi statusun başqa bir formasıdır. Çünki sual yaranır: Ermənilərin təhlükəsizliyi və hüquqlarını kim qoruyacaq, qarant kim olacaq, mexanizm nədən ibarətdir?
Kommunikasiyalar məsələsinə gəlincə, Mişel belə deyib: “Liderlər nəqliyyat əlaqələrinin açılması istiqamətində işlərin davam etdirilməsi zərurəti üzərində razılığa gəldilər. Onlar Azərbaycanın qərb hissəsi ilə Naxçıvan və Azərbaycan ərazisindən Ermənistanın müxtəlif hissələri arasında tranzitləri, habelə hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq nəqliyyat daşımalarını tənzimləyəcək prinsiplər üzərində razılığa gəldilər. Onlar xüsusilə beynəlxalq daşımalar kontekstində sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları barədə razılığa gəliblər və yaxın günlərdə Baş nazirlərin müavinləri bu işi davam etdirəcəklər”.
Bu açıqlamada “sərhəd idarəetmə prinsipləri, təhlükəsizlik, eləcə də gömrük rüsumları və qaydaları” onu deməyə əsas yaradır ki, “Zəngəzur dəhlizi” anlayışı ortadan qaldırılır. Dia.az xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində sözügedən məsələni ətraflı şərh edib. O, hər şeydən əvvəl deyib ki, bu, Şarl Mişelin bəyanatıdır, burada tərəflərin heç bir öhdəliyi yoxdur:
– Sadəcə Mişel vəziyyəti belə anlayır. O demək deyil ki, Mişelin bəyanatı bizim mövqeyimizə şamil oluna bilər, yaxud da Ermənistanın. Status məsələsinə gəlincə, bəli, bu termindən bəyanatda istifadə edilmir. Amma sonra deyilən fikirlər, Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları ilə bağlı söylənənlər – bu, status deməkdir. Görünən odur ki, Azərbaycanın iradlarını nəzərə alaraq, “status” terminindən istifadə edilmir. Sadəcə yeni bir formada status mövzusunu gündəmə gətirirlər. Bəllidir ki, Şarl Mişel rəsmi Parisin təsiri altında olan bir siyasətçidir. Diqqət etmək lazımdır ki, Ermənistanın və Mişelin bu məsələdə açıqlamaları üst-üstə düşür.
Digər məsələ – Zəngəzur barədə səslənən fikirlərdir. Orada sərhəd və gömrük qaydalarının tətbiqi ilə bağlı fikirlər onu göstərir ki, Ermənistanın mövqeyi dəstəklənir. Zəngəzur dəhlizində Ermənistanın sərhəd və gömrük qaydaları tətbiq olunarsa, bu, dəhliz yox, kommunikasiya olacaq. Təbii ki, bu, ciddi problemlər yaradır. O zaman sual olunur: nəyə görə Azərbaycan Laçının dəhliz statusunu beş il gözləməlidir? Bunlara nəzər yetirsək, görərik ki, bu, İrəvanın maraqlarına uyğundur. Yenə də deyirəm, bu bəyanatın müəllifi Mişeldir və burada onun öz rəyi əksini tapıb. Bəli, “status” sözü yazılmır, amma mahiyyətcə Ermənistanın istəklərinin mahiyyəti dəyişmir.
– Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmini dedikdə muxtariyyət nəzərdə tutulur?
– Hər halda “status” deməkdir. Çünki təhlükəsizlik və hüquqlar dedikdə kimlər nəzərdə tutulur? – Erməni əhalisi. Demək ki, onların hansısa xüsusi hüquqları olmalıdır ki, bu, elə status deməkdir. İndi rəsmi İrəvan məsələ ilə bağlı mövqeyini açıq şəkildə demir. Amma o demək deyil ki, danışıqlar başlayandan sonra İrəvan əvvəlki mövqeyinə qayıdıb, “müstəqillik” statusu tələb etməyəcəklər. Necə ki, 30 il bundan qabaq ermənilər bunu tələb etdilər, münaqişə başladı. Bilirsiniz, burada məqsəd odur ki, məsələni köhnə çərçivəyə qaytarsınlar, danışıqları əvvəlki istiqamətə yönəltsinlər. Əminəm ki, Azərbaycanda bunu yaxşı başa düşürlər.
Mişelin açıqlamasındakı digər önəmli məsələ delimitasiya və demarkasiya məsələsidir. Orada da bəlli maraq var. Onlar istəyirlər ki, Ermənistanın SSRİ zamanında olan sərhədləri danışıqlarda əsas kimi götürülsün. Əgər belə olsa, Azərbaycan de-fakto bu sərhədləri əsas kimi tanımalıdır. Məqsəd də ondan ibarətdir ki, Ermənistanın sərhədlərini Azərbaycan tanısın, amma onların ərazi iddiaları da davam etsin.
– Ermənistan ərazi iddiasını davam etdirəcəksə, o zaman sülh müqaviləsindən danışmaq olarmı?
– Əlbəttə, olmaz. Ərazi iddiası davam etdikcə, heç nə alınmayacaq. Biz görürük ki, köhnə məsələlər yeni formada ortadadır. Avropa İttifaqı Şurası Prezidentinin bəyanatından belə qənaət formalaşır ki, danışıqlar istiqaməti dəyişmir, sadəcə yeni forma alır. Brüsseldə liderlərin beş saatdan çox davam edən danışıqlarından sonra ortaya çıxan bəyanat bunu deyir. Mən başa düşə bilmirəm, adi adamlar bunu başa düşür, mütəxəssislər bunu anlamırlar, görmürlər? Peşəkar təhlil bunu deyir ki, Ermənistanın köhnə mövqeyində dəyişiklik yoxdur. Onsuz da mənim dediklərim ortaya çıxacaq, bəlli olacaq ki, ermənilərin maraqları qorunur.
– Artıq sərhədlərin delimitasiyası üzrə Komissiya formalaşıb, ilk görüş də keçirilib. Belə çıxır ki, rəsmi Bakı bunları qəbul edir?
– Xeyr! Azərbaycanda çox yaxşı başa düşürlər ki, SSRİ dövrünün xəritələrini delimitasiya prosesində əsas götürsək, bu, nə deməkdir. Ermənistanın Qarabağa iddiası davam edəcəyi təqdirdə, biz Zəngəzur məsələsini qaldıra bilərik. Cənab Prezident İlham Əliyev son çıxışlarından birində söylədi ki, 1918-ci ilin xəritələri əsas götürülə bilər. Yəni ki, Azərbaycanda bunu yaxşı başa düşürlər. Komissiyanın formalaşması və görüşün keçirilməsinə gəlincə, bu, təbiidir. Rəsmi Bakı heç bir danışıqlardan qaçmadığını nümayiş etdirir. Azərbaycan üçün danışıqlar öz mövqeyimizi təqdim etmək üçündür. Hesab edirəm ki, Azərbaycan delimitasiya məsələsində hansısa ilə aid konkret xəritəni əsas götürməyəcək, sərhədin hissələrinə uyğun müxtəlif xəritələri əsas götürəcək. Məsələn, Zəngəzur bölgəsi ilə bağlı 1921-ci ilin xəritəsini əsas götürəcək, Naxçıvanın hansısa hissəsi ilə bağlı SSRİ xəritələri ola bilər və s. Azərbaycan danışıqlarda öz maraqlarını müdafiə etmək üçün sərbəst şəkildə mövqeyini ortaya qoyacaq.
– Bəlkə, “Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təminatı” dedikdə məhz bunun üçün qarant kimi Azərbaycanı nəzərdə tuturlar?
– Bilirsiniz, biz status məsələsini həll edirik axı. Ermənilərə ən yüksək statusu – Azərbaycan vətəndaşı statusunu veririk. Hər bir vətəndaşın da hüquqları, təhlükəsizliyi Azərbaycan Konstitusiyasında təsbit olunub, vəssalam! Bunun üçün danışıqlar, müzakirələr nəyə lazımdır?! Ermənilərin içərisindən kimlər vətəndaşlıq almaq, Qarabağda yaşamaq istəyirsə, buyursun. Kim də razı deyil, xoş getsin. Bunun üçün danışıqlar, maddə, bənd və s. nəyə lazımdır? Biz onlara vətəndaşlıq statusundan başqa nəsə verəsi deyilik.
Nəzərdə tutulursa ki, onlara mədəni muxtariyyət verilsin, qəzet-jurnal buraxsınlar, tədbirlər keçirsinlər və s. biz buna 2020-ci il müharibəsindən sonra razı deyilik. Onların bizə qarşı davranışını gördük. Müharibədən əvvəl hardasa bu barədə düşünmək olardı. Amma indi verdiyimiz ən böyük imtiyaz məhz vətəndaşımız olmalarıdır. Əlavə nəsə istəyirlərsə, o zaman bizə nümunə göstərsinlər. Zəngəzura qayıdan azərbaycanlılara nə statusu versələr, bəlkə, nəsə düşünərik. Mən bilirəm ki, Zəngəzura azərbaycanlıların qayıdışına, onlara status verilməsinə razı olmayacaqlar. Demək istədiyim odur ki, Qarabağdakı ermənilərə status istədiklərində Zəngəzurla cavab verilməlidir. Buna “hücum diplomatiyası” deyilir. Müdafiə olunduğumuz bəsdir. Neçə ki, müdafiədə olacağıq, bizdən əl çəkməyəcəklər. Şarl Mişel bəyanatında açıq şəkildə göstərir ki, əl çəkməyəcəklər.
– Belə başa düşdüm ki, sonuncu Brüssel görüşünü və Mişelin mətbuata açıqlamasını prosesdə irəliyə doğru ciddi addım saymaq olmaz…
– Bilirsiniz, bir görüşlə, hətta on görüşlə də məsələ həll olunmayacaq. Sadəcə Azərbaycan bütün danışıqlara açıq olduğunu nümayiş etdirməlidir. Amma o demək deyil ki, danışıqlarda bizə təqdim olunan “siyasi tələləri” biz görməməli, onlara lazımi qiymət verməməliyik. Bizim ictimaiyyət də başa düşməlidir ki, hansısa danışıqlarda iştirak etmək o demək deyil ki, əleyhimizə olan mövqeni qəbul edirik. Sadəcə rəsmi Bakı göstərir ki, sülhdən yanadır və bunun üçün istənilən danışıqlarda iştiraka hazırdır. Ədalətə söykənən mövqeyimiz var və bunu tələb edirik. Brüssel görüşündə cənab Prezident Azərbaycanın mövqeyini bir daha səsləndirib, buna heç kəsin şübhəsi yoxdur. İndi Şarl Mişel məsələyə öz prizmasından yanaşırsa, özü bilər.
– Avropa İttifaqının mövqeyi ilə Rusiyanın mövqeyi üst-üstə düşürmü?
– Tamamilə üst-üstə düşür. Çünki həm Moskva, həm Brüssel, həm də Vaşinqton Qarabağ münaqişəsinin davam etməsində maraqlıdır. Çünki münaqişə onların bölgəyə, bölgə dövlətlərinə təsir mexanizmidir. Bu güclər, əlbəttə, hərəsi öz maraqlarına uyğun olaraq münaqişə ocağının qalmasını istəyirlər. Əsas məsələ isə odur ki, Rusiya, Avropa İttifaqı və ABŞ-ın bu istəyi Ermənistanın da maraqları ilə üst-üstə düşür. Rəsmi İrəvanın məqsədi hazırkı geopolitik vəziyyəti, təhlükələri nəzərə alaraq, vaxtı uzatmaqdır. İstər Moskva, istər Vaşinqton, istər Brüssel və ya Paris olsun – onların Qarabağla bağlı taktikası eynidir.
– Dediklərinizdən belə anlaşılır ki, danışıqlar əvvəlki kimi, uzun illər uzana bilər…
– Bəli. Biz buna hazır olmalıyıq. Çünki Ermənistan açıq şəkildə bəyan edir ki, ərazi iddiasından əl çəkmir. Azərbaycanın sülhlə bağlı tədqim etdiyi beş maddəlik prinsiplərə İrəvanın altı bəndlik cavab xarakterli təklifində bu, açıq şəkildə qeyd edilir. Hətta Paşinyanın bəyanatlarında da Qarabağa iddia əksini tapır. Paşinyan açıq şəkildə bəyan edir ki, İrəvan Qarabağla bağlı siyasəti yeni şəraitdə davam etdirəcək. Bu, Paşinyanın gizlətmədiyi strategiyasıdır. Belə olan halda, sülhdən danışmaq mümkün deyil. Sülhü gərək iki tərəf də istəsin. Təkcə Azərbaycan sülh istəyirsə, “sabah sülh olacaq” demək mümkünsüzdür.
Bəli, Azərbaycan güclüdür, imkanlarımız daha yaxşıdır, geopolitik vəziyyət bizim xeyirimizədir, Türkiyənin dəstəyi var. Amma bu, o demək deyil ki, Ermənistan əllərini qaldırıb təslim olub və Azərbaycanın tarixi ədaləti bərpa etməsinə imkan verməyə, beynəlxalq hüquqa uyğun davranış sərgiləməyə hazırdır. Təbii ki, yox. Biz bunu başa düşməliyik ki, İrəvanın siyasətində dəyişiklik yoxdur. Sadəcə 2020-ci ilin sentyabrından əvvəl cəbhə xətti Beyləqan, Ağcabədi idisə, indi Laçındır, Kəlbəcərdir. Hələlik təmas xətti qalır. Qarabağda bir hissə hələ də bizim tam nəzarətimizdə deyil. Amma hesab edirəm ki, qısa müddətdə o məsələ həll olunacaq. Ermənilər bundan ehtiyat edirlər, qorxurlar. Onlar eyni zamanda, bizim Zəngəzurla bağlı ictimai rəyimizdən də qorxurlar. Başa düşürlər ki, indiki geopolitik vəziyyətdə onların heç bir şansı yoxdur. Ona görə də, oyun oynamaqla məşğuldurlar.
– Belə vəziyyətdə Azərbaycan nə etməlidir?
– Hazırkı addımlar davam etməlidir. İşğaldan azad edilən ərazilərdə infrastruktur tam bərpa olunmalıdır, qayıdış başlamalıdır. Diplomatik addımlara gəlincə, düşünürəm ki, rəsmi Bakı Zəngəzurla bağlı mövqeyini daha güclü səsləndirməlidir. Biz tarixi ədaləti bərpa etmək üçün ciddi siyasi addımlar atmalı, Zəngəzur mövzusunu hər fürsətdə gündəmə gətirməliyik. Gərək, Zəngəzur məsələsi rəsmi görüşlərdə səsləndirilsin. Ermənistanın Qarabağa aid iddialarını ən azı neytrallaşdırmaq üçün Zəngəzur mövzusunu qaldırmağımız mütləqdir. Onlar Qarabağ sözünün “Q” hərfini səsləndirən kimi, biz “Zəngəzur” deməliyik.