Cəmiyyət

BNA-nın əlindən maşınımızı hara götürüb gedək… – AKTUAL

“Təəssüf ki, parklama yerləri bu gün zəbt olunub”. Bunu TİA.az-a nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. O bildirib ki, problemin həlli ilə bağlı əsaslı, əməli işlər aparılmır: “Bakı şəhərində parklanma məsələsi bu gün sakinlərin və qonaqların bir nömrəli probleminə çevrilib. Halbuki Azərbaycanda şəhərsalma və arxitektura qaydalarına görə hər bir obyektin ayrıca parklanma yeri olmalıdır. Təəssüf ki, bu gün bu məsələyə çox da diqqət yetirilmir. Bakı şəhərində parklanma probleminin həlli ilə bağlı əsaslı, əməli işlər aparılmır.

Ən azından Bakı şəhərində dövlətin balansında olan pulsuz parklanma yerləri var. Bu parklanma yerlərinin ünvanları vətəndaşlara açıqlanmalıdır. Ayrıca olaraq informativ qaydada bir saytda, bir portalda bu yerlər göstərilməlidir. Bütün vətəndaşlar bilməlidir ki, parklanma yerləri harada mövcuddur və avtomobillərini gəlib orada saxlamalıdırlar”.

Ekspertin sözlərinə görə, təəssüf ki, parklama yerləri bu gün zəbt olunub və parklanma yerində çalışan parklama nəzarətçiləri burada avtomobil saxlayan vətəndaşlardan haqsız olaraq pul tələb edirlər: “Vətəndaşın da pul verməkdən başqa çarəsi qalmır, çünki nəzarətçilər deyir ki, biz bu yeri kirayə götürmüşük və s. Vətəndaş isə ona deyə bilmir ki, bu dövlətin nəzarətində olan pulsuz parklanma yeridir. Çünki heç bir yerdə bu təsbit edilməyib. Ən azından qeyd etdiyim ki, bu yerlər müvafiq qurumun saytında göstərilməlidir. Yerlər müəyyən olunmadığı üçün sürücülər avtomobillərini harda gəldi saxlayırlar və bu da özlüyündə tıxaclara səbəb ola bilir. Təəssüflər olsun ki, bu gün Bakı şəhərində parklanma yerlərini təşkil etmədən avtomobilini saxlayan sürücülərə dayanma-durmaya görə kütləvi şəkildə cərimələr yazılıb. Mənə elə gəlir ki, bu cərimələrin üçdə biri əsassız və qanunsuzdur.

Bakı şəhərində parklanma problemini həll etmək üçün ilk növbədə dövlətin balansında olan pulsuz parklanma yerləri cəmiyyətə açıqlanmalıdır. İkincisi isə Bakı şəhərində olan obyektlərin hər birinin parklama yerləri təşkil olunmalıdır və bu tələb onlara irəli sürülməlidir. Bu tələb Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən dövlət proqramında da əks edilib. Cənab prezidentin imzaladığı bu dövlət proqramında parklanma yerlərinin təşkili ilə bağlı tələblər mövcuddur”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir