Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Cahangir oğlu Məmmədovun bayraqla hörmətsiz davranışını əks etdirən görüntülər yayılıb.
DİA.AZ xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərin şəhid məzarı başında çəkildiyi görünür.
İcra başçısı mərasimi tələm-tələsik başa çatdırmaq üçün Azərbaycanın üçrəngli bayrağını şəhidin atasına təqdim etmək məqsədilə alır, onu bir əli ilə bürmələyərək şəhid atasına təqdim edir. Şəhid atası isə icra başçısından fərqli olaraq, bayrağı səliqəyə salır və öpərək alnına qoyur. İcra başçısının bayraqla hörmətsiz davranışı sosial şəbəkə istifadəçilərinin kəskin etirazına səbəb olub.
Xatırladaq ki, Məmməd Məmmədov 07 iyun 2018-ci ildə Tovuz rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
DİA.AZ bildirir ki, hələ də görüntülərlə bağlı sözügedən RİH-dən hər hansı açıqlama gəlməyib. Amma fakt ortadadır və hansısa izahat da yalnız bəhanə xarakteri daşıya bilər. Və fakt ondan ibarətdir ki, ən ali dəyərlərimizdən olan bayrağımıza gerçək münasibəti səbəbindən Məmməd müəllimə layiqli münasibət açıqlanmalıdır. Özü də ən ali səviyyədə…