Cəmiyyət

“Tunel Tikinti Servis”də ÖZBAŞINALIQ – MÜRACİƏT

“Sonradan xəbər tutdum ki, mənim adımdan guya könüllü işdən çıxmaq barədə saxta ərizə hazırlanıb. Guya hadisə yerində partlayan qaz balonunu mən evimdən gətirib quraşdırmışam və partlayış da mən balonun üzərində çay hazırlayarkən baş verib. Bir sözlə, şirkət bütün məsuliyyəti partlayış zamanı yanan işçinin – mənim üzərimə yıxıb, həm məni işsiz qoyub, həm də iş vaxtı başıma gələn hadisəyə görə sığorta ödəməyib”. Zirveyolu.info xəbər verir ki, bunu Meydan TV-yə Lənkəranın Göyşəban kənd sakini, 38 yaşlı Elnur Rəhimov deyir.

7 il əvvəl Elnur Rəhimov iş sorağıyla Bakıya gəlib. “Tunel Tikinti Servis” MMC-nin Lökbatan-Bibiheybət tikinti-quraşdırma sahəsində tunel qazıntısı aparılan ərazidə əvvəlcə fəhlə, sonra briqadir kimi işlə təmin olunub. 1 avqust 2014-cü il tarixdə səhərə yaxın çay hazırlamaq məqsədilə qaz balonunu yandırmaq istəyərkən partlayış baş verib, nəticədə o, yanıq xəsarətləri alıb.

Elnur Rəhimov danışır ki, iş yoldaşları onu 5 saylı Birləşmiş Şəhər Xəstəxanasının yanıq şöbəsinə çatdırıblar. Şirkət müalicə xərclərini ödəyib. Ancaq o, müalicəsi tam başa çatmamış xəstəxanadan çıxarılıb:

“19 gün idi ki, xəstəxanada müalicə alırdım və hələ tam sağalmamışdım. Qəfil gəlib qolumda sistem şlanqı ola-ola məni palatadan çıxartdılar, dedilər, sağalmısan, evə buraxılırsan. Sonradan bilmişəm ki, guya özümü yaxşı hiss etdiyimə görə xəstəxanadan buraxılmaq üçün adımdan ərizə yazılıb. Beləcə, məni tələm-tələsik Lənkərana – evimə yola saldılar”.

Elnur Rəhimovun sözlərinə görə, şirkət nümayəndələri onun sonrakı taleyi ilə maraqlanmayıblar. Bir də xəbər tutub ki, “öz ərizəsiylə işdən çıxıb”.

Elnur Rəhimov:

“İşə qayıtmaq istəyəndə məlum oldu ki, məni işdən çıxarıblar. Guya ərizə yazıb könüllü işdən çıxmışam. Vəziyyətim ağır olduğuna görə nə vəkil tuta bildim, nə məhkəməyə gedə bildim, nə sığortam ödənildi, nə səhhətim yol verdi ki, bu hüquqlarımı müdafiə etmək üçün vaxtında addımlar atım”.

Partlayış hadisəsi ilə əlaqədar Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılıb. Elnur Rəhimov deyir, o, bircə dəfə də prokurorluqda olmayıb və izahat verməyib:

“Xəstəxanadan çıxandan sonra Qaradağ Rayon Prokurorluğundan mənə zəng gəldi, bildirdilər ki, prokurorluğa gedib izahat yazmalıyam. Mən bu barədə şirkət rəhbərliyinə bildirəndə dedilər ki, sən heç narahat olma, səhhətinlə məşğul ol, biz özümüz hər şeyi yoluna qoyacağıq. Sonradan xəbər tutdum ki, orda da hər şey saxtalaşdırılıb. Partlayış tunelin içinə baş versə də, partlayışın izlərini yox eləmişdilər və belə qələmə vermişdilər ki, guya hadisə tuneldən kənarda baş verib. Hətta guya qaz balonunu ora mən gətirmişəm”.

Elnur Rəhimov deyir, başına gələnlərlə bağlı Prezident Administrasiyasına, Ombudsmana, Əmək və Əhalinin Sosial Müdafiəs Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciətlər edib. Ancaq nəticəsi olmayıb.

“Tunel Tikinti Servis” MMC-dən bildirilib ki, Elnur Rəhimov 25 aprel 2014-cü ildə işə qəbul olub, 28 oktyabr 2014-cü ildə onun ərizəsinə əsasən onunla Əmək Məcəlləsinn 2a bəndinə (İşçi öz ərizəsiylə şdən çıxdıqda) uyğun şəkildə əmək müqaviləsinə xitam verilib. Baş vermiş bədbəxt hadisəylə bağlı vaxtilə araşdırmalar aparılıb, hüquqi qiymət verilib. Hadisənin üzərindən 7 ildən çox vaxt ötüb, Elnur Rəhimovun hər hansı narazılığı vardısa, məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi.

Elə hüquqşünas Namizəd Səfərov da bildirir ki, əslində Elnur Rəhimov ayrı-ayrı qurumlara müraciət etməklə məhkəmədə iddia qaldırmaq müddətini itirib:

“Vətəndaşların problemi odur ki, belə hallarda vaxt və imkanlarını məhkəməyə yox, məsələn, Prezident Administrasiyasına, ayrı-ayrı qurumlarla yazışmağa sərf edirlər. Elnur Rəhimov işə götürülən tərəfindən sığortalanır və işdə baş vermiş bədbəxt hadisəyə görə ona sığorta ödənməli idi. Lakin vətəndaşın deməsindən aydın olur ki, ödənməyib, o isə həm işə bərpa, həm də sığorta iddasıyla məhkəməyə müraciət etməyib və iddia müddətini çoxdan ötürüb”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir