Lerikin Mastail kəndinin sakinləri ölkə başçısı İlham Əliyevə müraciət ediblər.
Pravda.az-a müraciət edən sakinlər bildiriblər ki, onlar rayondakı özbaşınalıqdan və problemlədən şikayətçidirlər.
Müraciəti təqdim edirik:
“Cənab Prezident!
Yaşadığımız Lerik rayonun Mastail kəndi rayon mərkəzindən 4-4,5 kilometrlik məsafədə yerləşir. Kəndimizdə 1200 nəfər əhali yaşayır. Onlardan 484 nəfər seçici hüququna malikdir. O cümlədən 100 nəfərə kimi ali və orta ixtisas təhsillidir.
Birinci Qarabağ müharibəsində 3 nəfər şəhid, 20 nəfər veteran, 44 günlük Vətən Müharibəsində isə 30 nəfər müharibə iştirakçısı və veteranımız var.
Cənab Prezident!
Bu kənddə uşaqdan böyüyə kimi həmişə Sizin siyasətinizi dəstəkləyib, Sizə, dövlətə və dövlətçiliyə sadiq olub. Bütün dövlət tədbirlərində gözümüzün önündə Sizi canlandırıb hər şeyə göz yumaraq dövlət naminə iştirak etmişik.
Kəndimiz Lerik rayon İcra Hakimiyyətinin Livədirqə Ərazi Dairəsinə aiddir. Ərazi Dairəsinin mərkəzi, yəni Livədirqə kəndi bizə 5-6 kilometrlik məsafədə yerləşir. Rayon rəhbərliyi tərəfindən keçirilən bütün tədbirlər Livədirqə kəndində və əraziyə daxil olan digər kəndlərdə keçirilir. Bizə də elgözünə tədbirdə iştirak etmək üçün hərdən təklif olunur.
Kəndlər arasında məsafə uzaq olduğundan və heç bir ictimai nəqliyyat olmadığından biz həmin kəndə gedə bilmirik. Yağış və qarlı havalarda isə ümumiyyətlə yol bağlanır. Məhz buna görə də problemlərimizi rayon rəhbərliyinə çatdıra bilmirik.
Kəndimizdə isə yadımıza düşmür ki, rayon rəhbərliyi və səs verdiyimiz deputat nə vaxt olub. Ümumiyyətlə, kənd camaatı bu adamları heç vaxt görmədiyindən onları tanımırlar. Onlar da bu kəndə ögey münasibət bildirərək kəndimizdə əhali ilə heç səyyar görüş keçirtmirlər. Bu da kənd camaatının hiddətinə səbəb olur. Biz elə fikirləşirik ki, bütün bunlar əhali ilə sizin arasında olan münasibətə xələl gətirmək məqsədini daşıyır. Çünki camaatın problemləri çoxdur. Onların həllinə isə əhəmiyyət verən yoxdur. Gələcəkdə yenə də dövlət tədbirləri ola bilər. Biz hansı əhval-ruhiyyə ilə o tədbirlərdə iştirak edə bilərik?
Bu adamların ağsaqqalı kimdir və kimə güvənib Sizə xəyanət etmək istəyirlər, bilmirik. Biz isə Sizi tanıyır və Sizə günənirik. Ümid edirik ki, bu balaca “padşahlar” barəsində tədbir görəcəksiniz. Həm də növbəti həftələrdə ağsaqqallarla Sizinlə görüşə gəlmək istəyirik. Xahiş edirik bizi qəbul edəsiniz. Çünki Sizə çatdırılası fikirlərimiz çoxdur.
Məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı .
DİA.AZ