Bu ilin yanvar ayında Prezident sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilib. Ölkəyə gələn bir çox xarici qonaqlar, o cümlədən, siyasilər, mədəniyyət sahəsinin tanınmış nümayəndələri, qardaş Türkiyənin bir çox parlaq simaları hər dəfə ölkəmizə təşrif buyuranda, ilk gedəcəkləri yerlərdən biri, hətta birincisi Şuşa şəhəri olur. Bu, artıq dəb halını alıb. Şuşa şəhərində demək olar ki, hər ay bir tədbir keçirilir, bir konsert verilir və bütün sosial şəbəkələr həmin festivalların görüntüləri ilə dolub-daşır. Şuşa şəhəri ölkəmizin mədəniyyət mərkəzidir və bütün bu tədbirlər normaldır, keçirilməlidir. İllərlə biz xalq olaraq bu günləri gözlədik, nəhayət görmək, duymaq, o torpaqlara ayaq basmaq uca Yaradan tərəfindən bizə qismət oldu.
Ancaq ortada olduqca anormal bir mənzərə də var – 2022-ci il “Şuşa ili” elan edilir və bu şəhər ölkənin mədəniyyət mərkəzinə çevrilir, bununla yanaşı, paytaxt Bakıda yerləşən “Şuşa”, yəni Şuşa kinoteatrı zibilliyin, antisanitariyanın, sərxoş və tüfeyli həyat tərzi sürənlərin mərkəzinə çevrilir. Açığı, heç burada həmin o məşhur kinoteatrdan əsər-əlamət də qalmayıb, sadəcə əvvəllər onun yerləşdiyi yer indi dəmirlərlə hasarlanıb və on illərdir ki, o vəziyyətdədir. İçəridə ağaclar, kollar bitib, amma bu kollar, ağaclar sanki kimsə tərəfindən əkilməyib, əksinə, insan ayağı dəymədiyindən, təbiət özü bitirib. Ancaq yox, bura insan ayağı dəyir, hətta burda özünə yorğan-döşək salıb yatan kimsəsizlər də var.
Gənclik metrosundan çıxıb, üzü Atatürk parkı istiqamətində getdim. Kinoteatrın xarabalıqlarını görmək üçün Qazi Mustafa Kamal Atatürkün adını daşıyan bu prospektdən və eyniadlı parkdan keçməli idim. Parkın girişində “Atatürk parkı” yazılsa da, içəridə Atatürkü xatırladan bir yazı, lövhə, tikili belə yox, hər yer kafe-restoran və adları da əcnəbi dillərdə. Tiragikomediya isə orasındadır ki, Atatürkün adını daşıyan parkın daxilindəki restoranların adları ingiliscədir. Təbii ki, bir çox suallar da yaranmış olur: bu parkın Atatürklə uzaqdan-yaxından nə əlaqəsi var? Parkda restoran və kafelərin nə işi var? Bu sonuncu sual həqiqətən maraqlıdır. Bakı sakinləri icra hakimiyyətlərinin qorxusundan öz evinə bir qapı sala bilmir ki, bu saat gəlib, başına uçuracaqlar, amma şəhərin mərkəzində, insanların asudə vaxt keçirməsi üçün salınmış parkda kafe-restoran əlindən tərpənmək olmur. Mən bilən, Atatürk restoran adamı yox, cəbhə adamı olub, yaxşı olardı ki, dəyişikliyə elə ilk öncə parkın adından başlayardılar, bu park Mustafa Kamalın adını daşımağa qətiyyən layiq deyil.
Qayıdaq əsas mövzumuza – Şuşa kinoteatrına, yaxud da kinoteatr xarabalığına. Bölgə illərdir iri dəmir lövhələrdə qapadılıb, nə bir tikinti var, nə də bir təmizlik. Ətrafda içki şüşələri, iynələr, içi zibil dolu sellofan torbalar, bir də bütün bunların içində özünə yataq yeri düzəltmiş və şirin yuxuda olan kimsəsiz biri… Görüntülərdən belə anlaşılır ki, bu dəqiqə aidiyyatı qurumlardan heç birinin bu əraziyə ayıracaq nə zamanı, nə də marağı var. Bəlkə nə vaxtsa ölkə prezidenti bu yerdə yenidənqurma barədə sərəncam imzalasa, onda hər birinin gözü də, könlü də açılacaq. Məlum, ortada yenidənqurma üçün ayrılacaq dövlət vəsaiti var axı. Necə bir zamanlar Şuşa şəhəri ilə bağlı bəzi özünü ağıllı zənn edən nazir-məmur tayfası Prezidentə təkliflər etmişdilər ki, şəhərdə zastava, otel binaları, kimlərinsə nəzarətində ola biləcək biznes mərkəzləri açılsın. Həmin vaxt ölkə rəhbəri bütün bu “təklif”ləri rədd etmiş, hətta onlara öz hədlərini bildirmişdi. Eyni şey bu gün xarabalığa dönmüş Şuşa kinoteatrı üçün də keçərlidir. Bura indi heç kimin marağında olmayan, zibilliyə dönmüş boş ərazidir. Bəlkə də, hansısa icra başçısının, məmurun burda tikmək istədiyi xülyaları var, ancaq bu, diqqət çəkəcəyindən belə bir işə qol qoymaq istəmir. Ətrafda sıx ağaclar da var, əgər obyekt tikilsə, gərək həmin ağaclar kəsilə, yaşıllıq da yox ola. İndi bu ərazidə nə Atatürk parkında olduğu kimi restoran-kafe aça bilirlər, nə də əvvəlki kinoteatr binasını inşa edirlər. Necə deyərlər, yuxarı tüpürsən bığ, aşağı tüpürsən saqqal.
Məsələ ilə əlaqədar Bakı şəhəri İcra Hakimiyyəti ilə əlaqə saxladım. Bildirildi ki, bu ərazi Binəqədi rayonu İH-nin balansında olduğundan bu barədə heçnə edə və deyə bilməzlər. Binəqədi İH isə bildirir ki, Şuşa kinoteatrı kimi mədəniyyət sahəsinə məxsus tikililərdən Mədəniyyət Nazirliyi məsuliyyət daşıyır, gərək, onlar bu işə maraq göstərsinlər. Mədəniyyət Nazirliyi isə bildirir ki, 2006-cı ildə ölkə prezidentinin sərəncamı ilə bir sıra kinoteatr özəlləşdirməyə açılıb. Onların sırasında “Şuşa“ kinoteatrı da olub. Bu baxımdan da nazirliyin balansından çıxarıldığından sözügedən obyektin acınacaqlı durumunun və gələcək aqibətinin onlara heç bir aidiyyəti yoxdur.
Qarabağdakı Şuşanı erməni vandalizmindən təmizlədik, bir qaldı Bakıdakı “Şuşa”mızın fəthi. Görək, buna gücümüz, qüdrətimiz çatacaqmı, yoxsa paytaxtda da şəhid verməli oalacağıq?…
Bizimyol.info