Cəmiyyət

`Sədərək` Yusif Mingəçeviri SATIN ALIB? – İstədiyini edir…

Mingəçevir məlumdur ki, əhali sayı etibarı ilə Azərbaycanın dördüncü böyük şəhəridir. Şəhər Kür çayının sahillərində yerləşir. Mingəçeviri turizm şəhəri də adlandırmaq olar. Bura təkcə Azərbaycanın digər bölgələrindən deyil, xarici qonaqlar da təşrif buyururlar.
Şəhərdə müxtəlif ulduzlu otellərin, restoranların olması şəhərin turizm imkanlarının geniş olmasından xəbər verir.
Ümumiyyətlə, Mingəçevirin ən gözəl yerləri Kür çayının sahilləridir.
Və sahibkarlar da daha çox bu məkanda restoran, kafe, otel tikməyə həvəs göstərir.
Əlbəttə, bu başa düşüləndir. Amma…
Əmması odur ki, Kür çayının sahilini, hətta Kür çayının özünü tullantı ilə doldurmaq yolverilməzdir.
Əsas mövzuya keçməzdən öncə qeyd edək ki, Mingəçevirdə Kür çayının sahilində Ulu Öndər Heydər Əliyevin adını daşıyan böyük park var idi.
Həmin parkın ərazisinin xeyli hissəsi kafelərə, restoranlara satılıb. Bu isə Mingəçevir sakinləri arasında ciddi narazlıq yaradır.
Son illər sahildə tikilən otel, kafe və restoranların hər nə qədər istirahət imkanlarının artmasına səbəb olduğu deyilsə də, yerli sakinlərin əksəriyyəti bu vəziyyətdən narazıdır. Səbəb də bu tikililərin çayın içərisinə doğru getməsi, çayın görünüşünün qarşısının alınması, hətta çayın sularını çirkləndirməsidir.
Buna görə də sakinlər dəfələrlə Prezident Administrasiyasına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət ediblər.
Amma heç bir tədbir görən yoxdur.
Həmin kafe və restoranların tullantılarının Kür çayına axıdılması ilə bağlı Ekologiya Nazirliyinə yüzlərlə şikayət daxil olsa da, cənab nazir Muxtar Babayev heç bir tədbir görmür.
Bu günədək mediada sabiq icra başçısı Niyazi Bayramovun 30 illik icarəyə verdiyi “Liman”kafesinin Kür çayına axıtdığı tullantılar barədə bütün dövlət qurumlarına yazılıb.
Ekologiya Nazirliyinin 8 saylı Regional İdarəsi də vətəndaşların şikayətinə cavab vermir.
Media üzərindən apardığımız araşdırma zamanı bəlli oldu ki, Mingəçevir ərazisində Kür çayının sahilini və çayın içərisini zəbt edən şəxs “Sədərək Yusif” kimi tanınan şəxs Yusif Qədimbəylidir.
Bəli, keçmiş icra başçısı Niyazi Bayramov və indiki icra başçısı İlham İsmayılov Yusif Qədimbəylinin “Deka” şirkətinə Mingəçevirdə, daha doğrusu, Kür çayının üzərində xüsusi şərait yaradıblar.
Belə ki, Yusif Qədimbəyliyə məxsus olduğu deyilən, “İnci” restoranı Kür çayını zibil qırıntıları ilə doldurur.
Ümumiyyətlə, Kürün ətrafındakı dəbdəbəli obyektlərin hamısını bu şəxsin adı ilə bağlayırlar. Kürün digər sahilində yerləşən “Ağsaray” oteli də ciddi ekoloji problemlər yaradır.
Bir məsələni də xüsusi qeyd etməliyik ki, hələ SSRİ dövründən avarçəkmə yarışları bu ərazidə keçirilib.
Yəni bu qanunsuz restoran və kafelər bu idman yarışını da əngəlləyir. Bəli, bu ərazi beynəlxalq yarışların keçirilməsi üçün birbaşa Prezidentin sərəncamı ilə yaradılan reqadanın mühafizə zolağına daxildir. Yəni bunlar suyun içini satıblar və bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Su və Meliorasiya Cəmiyyətinin icazəsi yoxdur. Bunlar sadəcə olaraq icra başçısının qanunsuz sərəncamı ilə ərazini zəbt ediblər.
Bütün bunlar azmış kimi, Gündəlik-Bakıya daxil olan son VİDEO-dan görünür ki, bəzi işbazlar Kür çayının üzərində tikdikləri restoranlar vasitəsilə hətta….
Bəli, restorandakı tualetin tullantıları birbaşa Kür çayına axıdılır.
Hansı ki, bu çay bir çox rayonlar üçün içməli SU MƏNBƏYİDİR.
Təsəvvür edirsiniz vətəndaşlar üçün içməli su mənbəyi olan Kürə çox üzr istəyirik NƏCİS axıdılır.
Bütün ölkə koronavirusla vuruşduğu bir zamanda özümüz özümüzə qənim kəsilirik.
Gündəlik-Bakıya göndərilən videoda açıq-aşkar görünür ki, restoranın tullantıları Kür çayına axıdılır.
Bəs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, nazir Muxtar Babayev, Mingəçevirin icra hakimiyyəti hara baxır..?
Növbəti yazıda bu suallara aydınlıq gəriməyə çalışacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir