[center][medium]https://gundem.media/uploads/posts/2022-06/1654686134_1654664752_0001.jpg[/medium][/center]
“Təzadlar”ın elektron poçtuna oxucumuz R.Həsənov tərəfindən bir məktub daxil olub. Aşağıda təqdim edirik və inanırıq ki, hər kəsin marağına səbəb olacaq:
– Hörmətli “Təzadlar”! Bu məktübü həm də təhsil naziri Emin Əmrullayevə müraciət kimi qəbul edə bilərsiniz…
Cənab nazir! “Altın” nəşriyyatının direktoru, əvəzolunmaz dərsliklər müəllifi Rafiq İsmayılovun “yazdığı” Azərbaycan dili dərsliyi “kitablarından” xəbəriniz varmı? Bilmirəm. Bu dərsliklər təhsilimizə vurulan ən ağır zərbədir. Təhsil Nazirliyində kim belə dərsliklərə rəy verir? Xahiş edirəm araşdırasınız!
7-ci sinif “Azərbaycan dili” dərsliyi. Adından göründüyü kimi, bu dərslikdə elə şeirlər verilməlidir ki, uşaq Azərbaycan dilinin incəliklərini öyrənsin. Dili dolaşmasın, şeirdə axıcılıq olsun, rabitəli nitq inkişaf etsin. Həmin dərslikdə H.Həsənovun “Ağıllı Ömər” şeirinə baxaq:
Elektrik xəttinə
Gərək dəyməsin əlim.
Bunu mənə öyrədib
Anam, atam, müəllim
Ütü, qayçı, bıçağa
Əlimi uzatmaram.
Oyuncaqla oynasam,
Sonra onu yığaram.
Bilirəm ki, kibritlə
Heç vaxt oynamaq olmaz.
Mətbəxdə qaz yananda
Yanında durmaq olmaz
İndi altı yaşım var,
Daha böyük oğlanam.
Bacımla tək qalırıq
İşə gedəndə anam.
“Elektrik xəttinə gərək dəyməsin əlim” nə deməkdir? Deməlidir ki, mən əlimi elektirikə vurmaram.
Şeirin qafiyə sisteminə baxın; uzatmaram, yığaram, durmaq, oynamaq bu sözlər bir-birilə qafiyə deyil axı. Uşaq şeirdən qafiyəni öyrənməlidir. Əgər nə vaxtsa öyrənibsə, bu şeir onu çaşdıracaq. Şeirin müəllifinin adına baxın: H.Həsənov. Müəllifin adının baş hərfini yazıblar. Belə bir imzanı kim tanıyır? Əlbəttə, heç kim? Birdən müəllim sual versə ki, uşaqlar, şeiri kim yazıb? Uşaqlar nə deyəcək: “H.Həsənov, müəllim!”???
2-ci sinif “Azərbaycan dili” dərsliyində Ləman Həsənlinin “Nağıl olmaq istəyirəm” şeirinə baxaq. Ləman Həsənli burdadırmı? Əlbəttə, olmayacaq. Çünki belə nəşriyyat direktorunun və ya kitab tərtib edənin qurama adıdır.
Nağıl olmaq istəyirəm
Bir gün nağıl olsam əgər,
Bir nənənin ürəyindən
Az gedərəm, üz gedərəm,
Dərə, təpə düz gedərəm,
Balaların gözlərinə
Yuxu olub dolaram mən.
Dərələrdən sel kimi,
Təpələrdən yel kimi
Keçərəm hey, keçərəm.
Bir baxarsan, Məlikməmməd,
Bir də baxarsan, Keçələm.
Qoruyaram balaları
Zalımlardan, ac divlərdən,
Küpəgirən qarılardan.
Xəyallardan gerçəklərə
Yol açaram, iz salaram.
Göydən düşən almalardan
Hər nağılda pay alaram.
Bu şeir uşaqlara hansı sevgini, hansı biliyi öyrədir, hansı hadisəni başa salır, hansı təbiət hadisəsini, tərbiyəni aşılayır. Qafiyə yox, yenilik yox, şeiriyyət yox. Belə şeirlərin dərsliyə salınması zərərlidir. Uşaqlarda zövqü korlaşdırır, ailədən öyrəndiyi nə varsa, onu da məhv edir.
2-ci sinif “Azərbaycan dövlət dili” dərsliyinə baxaq. Kitabın adındakı dövlət dili dərsliyi uyarlı deyil. Azərbaycan dili dərsliyi özündə dövləti də ifadə edir. Reyhan Yusifqızının “İncinin cavabı” şeirində ideya yaxşıdır, amma…
Bir gün masanın üstdə
Düzülmüşdü kitablar.
Mübahisə başladı,
Lovğalıq etdi onlar.
Riyaziyyat öyündü:
“Mən ən vacib kitabam.
Ən çox məni oxuyur,
İnciyə çox lazımam”.
“Yox, mən daha vacibəm”,
Dilləndi ana dili.
“Hərfləri bilməsə,
Yaza bilməzdi İnci”.
Reyhan xanım nasir olduğu üçün bu şeiri yaxşı yaza bilməyib. Füzulinin “Meyvələrin söhbəti”ndən bəhrələnməsi normaldı. Qafiyə, şeiriyyət, axıcılıq yoxdur. Kitablar – onlar, oxuyur – oyundu, kitaba – lazımam, dili – inci bu sözlər qafiyə deyil axı.
3-cü sinif “Azərbaycan dili” dərsliyində Vəli Əhmədin “Qələm” şeiri verilib. Şübhəsiz ki, Vəli Əhməd də qurama addır.
Müəllimin qələmi
İnci düzdü vərəqdə.
Baxıb həmin qələmdən
Aldı o gün Şəfəq də.
Yenə də “kotan salıb”
O, dəftəri “dağladı”.
Yağlıca “iki” alıb
Acığından ağladı.
Elə bilirdi ki, sehr
Qələmin feilindədir.
Demirdi ki, bəs qələm
Gör kimin əlindədir.
Vərəqi dağlamaq nədi, kotan varsa, şum olmalı idi. O da uşaq vərəq üstə kotan məsələsini anlaya bilsəydi.
7-ci sinif “Azərbaycan dili” dərsliyinə baxaq. Sahibə Xasayqızının “Cavanlığım” şeiri orta məktəb uşaqları üçün yararlı deyil, toyda səslənə bilər. Cabir Novruzun “Cavanlığım” şeirinin ritminə uyğun yazılmış bu sicilləmə uşaqlara nə verir, başa düşmürəm.
Yaşılbaşlı sona idi,
Yenilməyən qala idi.
Kaş yerində qala idi,
Mənim gedən cavanlığım.
Tanış imiş mənə bunlar,
Əziz imiş köhnə yollar.
Çətin imiş ayrılıqlar,
Qürbətlər günahkar imiş.
Şeirin zəifliyi, söz yığını, şagird etikasına uyğun gəlmədiyi bir yana, heç sözlər bir-birilə düz gəlmir. Tanış imiş mənə bunlar – Nə? Hardan sənə tanış oldu, axı sən bunu birinci dəfə görürsən, çətin imiş ayrılıqlar, qürbətlər günahkar imiş. “Qürbətlər” sözünün cəm şəkilçisinə baxın, heç biri uyğun deyil. Bir də 13 yaşlı uşaqların – şagirdlərin yanında cavanlıqdan bəhs etmək olarmı?
***
Çarli Çaplin ilk dəfə filmlərini balaca uşaqlara göstərirmiş. Əgər uşaqların baxışlarında təbəssüm yaranırdısa, o filmin geniş istehsalına icazə verilirdi. Heç olmasa, hörmətli tərtibçilər həmin şeirləri evdə balalarına, nəvələrinə oxutduraydılar, onda görərdilər ki, bu şeirlər uşaqların xoşuna gəlir, ya yox?
Dərsliklərdə populyar müəllif olan Dilrüba Nurəddin qızının (bu imzanı birinci dəfə eşidirəm) kitaba salınmış “Dovşan” şeirinə diqqət yetirək.
Dovşan çox bərk qaçırdı
Arxasına baxmadan.
– Necə sürətlə qaçır?
Sincab dedi ağacdan.
Çox çalışıb, görünür,
Məşq edib axşam-səhər.
Yoxsa qaça bilərmi,
Yorulmadan bu qədər.
Bunu (?) eşidib dovşan,
Heç ayaq saxlamadan (?)
– Sən də belə qaçarsan,
– Məşqçin (?) tülkü olarsa. (Bu bəndin qafiyəsizliyi və məzmunsuzluğu artıq göz önündədir).
Bu şeir uşaqlara nəyi öyrədir görən? Bu şeirin estetikası nədir? Belə çıxır ki, ölkəmizdə və dünyada qaçış üzrə olimpiya və dünya çempionlarının məşqçiləri tülkü imiş? Biz uşaqlara bunumu öyrətmək istəyirik?
Dərsliklərin məşhur şairi N.Həsənov (?) adlı bir müəllifin yeni şeirinə baxaq.
İndi altı yaşım var,
Daha yekə (?) oğlanam
Evdə məni tək qoyur,
İşə gedəndə anam.
Bu altı yaşlı uşaq hələ “yekə” oğlan deyil. Ona görə ki, o, “anam məni evdə tək qoyur” deməməliydi. O, yekə oğlandısa, deməliydi ki, mən evdə tək qalıram.
***
Bütün bu dərsliklərin müəllifləri və tərtibçiləri aşağıdakılardır: Rafiq Ələkbər oğlu İsmayılov, Gülşən Yasin qızı Orucova, Ülkər Nuraliyeva, Aynur Xanlarqızı, Dilrüba Nurəddin qızı, İradə Bayramova və rəyçi Azərbaycan Təhsil Nazirliyi – 2018”.
Görəsən, Təhsil Nazirliyində bu kitabı kimlər oxuyub və çapına razılıq verib? Bilmirəm hələ. Amma onlara demək istəyirəm ki, balaca fidanların günahı nədir ki, heç bir ədəbi-bədii keyfiyyəti olmayan “Azərbaycan dili” kitabını yük elədiniz onların zəif çiyinlərinə!