“Hərbi Prokurorluğun qarşında keçirilən aksiya hərbi prokuror Xanlar Vəliyev üçün ciddi bir siqnaldır”.
Zirveyolu.info xəbər verir ki, bunu Bakupost.az -a ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov deyib.
O, X.Vəliyevin vəzifədən azad olunmasının tələb edildiyini bildirib:
“Bundan əvvəl xahişimiz oldu ki, hərbi prokuror “Tərtər işi” ilə bağlı istintaq dövründə vəzifəsindən azad olunsun. Məsələ bitəndən sonra isə onun hərəkətləri hüquqi qiymət alsın. Əgər hərəkətlərində hər hansı qanunazid hərəkət yoxdursa, vəzifəsinə qaytarılsın, yox əgər vəzifə səlahiyyətlərini aşıbsa, sözssüz ki, onunla bağlı qanunun müvafiq maddələri tətbiq olunmalıdır. Uzun müddətdir ki, insanlar bunu dilə gətirirlər. Əsas odur ki, Xanlar Vəliyevin artıq vəzifədə olmaq müddəti bitib. Düşünürəm ki, yaxın günlərdə Xanlar Vəliyev vəzifəsindən azad olunacaq. Əvvəla, qanunvericilik bunu tələb edir, digər tərəfdən, bu cür hadisələr heç də cavabsız qalmayacaq”.
Ü.Cəfərov aksiyaçılardan ərizlərin toplanması görüntüsünün formal xarakter daşıdığını qeyd edib:
“Fikrimcə, aksiya keçirən ailələrin istefa tələbi ilə bağlı ərizələrinin toplanaraq Hərbi Prokurorluğun nümayəndəsinə verilməsi də formal xarakter daşıyır. Onlar sadəcə düşdükləri çətin vəziyyətdən çıxmaq üçün ərizələri yığırlar. Elə ərizələrdən Hərbi Prokurorluğa, müvafiq qurumlara yüzlərlə verilib. İnsanları bu vəziyyətə çatdırmaq olmaz. Kimliyindən asılı olmayaraq hər kəs öz məsuliyyətini hiss etməlidir. Məmurlar öz məsuliyyətini dərk etmirlər. Əvvəlki illərin hesabatlarında Hərbi Prokurorluq məsələlər haqqında konkret danışırdı. İndi isə Xanlar Vəliyev rəqəmləri faizlə ifadə edir. Bunun isə heç bir əhəmiyyəti yoxdur. Ona görə də yığılan ərizələrə ciddi yanaşılacağını düşünmürəm. Hərbi Prokurorluğun fəaliyyətində xeyli formallıq elementləri mövcuddur”.
Hərbi ekspert deyib ki, təcilli və təsirli addımlar atılmalıdır:
“Əgər təcilli və təsirli tədbirlər görülməsə, bu aksiyaların davamı gələcək. Guya orada yazılan ərizlərə cavab verəcəklər? Belə bir ciddi işə formal yanaşmaq insanların narazılığına gətirib çıxarır. Bu məsələyə dövlətçilik nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Hələ bu günə qədər istintaq qrupunun rəhbərinin Azərbaycan ictimaiyyətinə açıqlama verdiyini görmədim. Onların çoxu heç vəzifə borcalarını dərk etmirlər. Nə qədər ki məmurlar bu işə səhlənkar yanaşacaqlar, bu aksiyanın davamı gələcək. Bu cür həssas insanları yola vermək olmaz. Onların problemini həll etmək lazımdır. Ümumiyyətlə, Hərbi Prokurorluğun öz işində ciddi dönüş yaratmasının tərəfdarıyam. Bu gün keçirilən etiraz aksiyası Xanlar Vəliyev üçün ciddi bir siqnal olmalıdır. Əgər faktlar təsdiqini tapırsa, qanun çərçivəsində addım atılmalıdır”.
Qeyd edək ki, bu gün “Tərtər işi” ilə bağlı həbs olunan şəxslərin yaxınları Hərbi Prokurorluğun inzibati binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar məsələnin ədalətli araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb ediblər.
Aksiya iştirakçılarının sözlərinə görə, həmin iş üzrə həbsdə olan hərbçilər günahsız ola-ola işgəncələrə məruz qalıblar.
Onlar müttəhimlərin azadlığa buraxılmasını tələb ediblər.
Etirazçılar hərbi prokuror X. Vəliyevin istefasını tələb ediblər. Aksiya iştirakçıları bunu yenilənmiş istintaqın obyektiv aparılması üçün zəruri olduğu ilə izah ediblər.