Bu ilin fevral ayının 8-də redaksiyamıza “Avrasiya” klinikasının cərimələnməsi barədə məlumat daxil olmuşdu. Belə ki, klinika barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi üzrə (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) inzibati protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdi.
Xəbər verildiyi kimi iş hakim Babək Pənahovun icraatına verilmişdi. Məhkəmə iclasının vaxtı uzun müddət təyin olunmadığına görə məhkəmənin nəticələrini izləyə bilməmişdik.
Bununla belə, sözügedən klinikada müxtəlif dərəcəli qanun pozuntularına yol verilməsi halı ilk dəfə deyil. Klinika fəaliyyətə başlayandan indiyədək yanlış cərrahi əməliyyatlar nəticəsində şikəst olan, həyatını itirən, pulu və sağlamlığı əldən gedən vətəndaşların sayı onlarladır. Klinikanı “məşhurlaşdıran” qalmaqallı ölüm
faktlarının bir neçəsinə nəzər salaq:
2015-ci ildə “Avrasiya”nın tanınmış cərrahı Sənan Mehdiyevin burun əməliyyatı icra etdiyi pasiyenti 19 yaşlı Leyla Mürsəlovanın ölümü medianın ən sensasiyalı xəbəri oldu. Səhiyyə nazirliyinin baş anestezioloqunun rəyinə görə gənc qızın faciəli ölümünə səbəb, xəstəyə narkozun həddən artıq verilməsi olub.
2016-cı ildə Qazax Rayon Polis Şöbəsinin rəisi polkovnik Natiq Həsənov Avrasiyada mədə əməliyyatı zamanı qanaxmadan dünyasını dəyişir.
2018-ci ildə Bakı sakini Ş. Əhmədova Avrasiyada sinə və qol nahiyəsi üçün estetik əməliyyat keçirir. Əməliyyatdan sonra xanım Əhmədovanın sinəsində və qollarında çürümə başlayır. Vətəndaş Ş.Əhmədova klinikanı məhkəməyə verir.
2019-cu ildə Masazır sakini, məcburi köçkün Gülbadam Musayeva həmin klinikada ürək əməliyyatı olunur, evə gətirilən zaman vəfat edir. Gülbadam Musayevanın qızı klinikanı məhkəməyə verir.
Hələ bu harasıdır, 2020-ci ildə reklamı göz çıxardan bu klinikaya ginekoloji müayinə üçün müraciət etmiş S.B. adlı bakirə qıza borudankənar hamiləlik diaqnozu qoyulur. Qız MRT-nin cavabını götürməyə nişanlısı ilə birgə gedir. Məzhəkə də burada başlayır. Hamiləlik barədə diaqnozu eşidən gənc qız və nişanlısı şok vəziyyətinə düşür. Həmin xanım “Avrasiya”da başına gələnləri sosial şəbəkələrdə ətraflı yazıb.
Bu cür qanunsuzluq və cinayət halları sözügedən klinikada adi hala çevrilib. İxtisasca stomatoloq olan Pərviz Hüseynov 2019-cu ildə “Avrasiya”ya direktor təyin ediləndən sonra da klinikanın fəaliyyətindəki neqativ hallar azalmayıb, əksinə, şikayətlərin sayı durmadan artmaqdadır.
Hələ biz mediada işıqlandırılan, ictimai rezonans doğurmuş faktları qeyd etdik, şahidlərin bildirdiyinə görə hospitalda onlarla belə hadisə baş verib və ictimaiyyətdən gizlədilib.
Bütün bunlardan əlavə, bir neçə ay bundan əvvəl klinikanın kifayət qədər vergi borcu yarandığı üçün bank hesablarına müəyyən məhdudiyyətlər tətbiq edilmişdi. Bu istiqamətdə araşdırmalarımız davam edir, yaxın günlərdə oxucularımıza daha geniş məlumat veriləcək.Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.AZƏRBAYCANREALLIĞI.COM