İnsan üçün bu həyatda bir çox sərvət var, lakin sərvətlərin içərisində ən dəyərli, ən qiymətli, ən əziz olanı isə sağlamlıqdır. Çünki, digər sərvətləri pulla əldə etmək olar, amma sağlamlığı pulla almaq olmaz. Buna görə də ən qiymətli sərvət olan sağlamlığın qeydinə qalmaq lazımdır. İnsan sağlamlığının qayğısına ilk növbədə şəxs özü, daha sonra isə bu sahənin peşəkarları olan həkimlər qalmalıdır. Lakin həkim peşəsi çox nəcib və məsuliyyətli bir işdir, çünki insanların sağlamlığı, hətta bəzən həyatları həkimdən asılı olur. Ancaq hər kəs həkim ola bilməz. Bu peşəyə yiyələnmək üçün xüsusi bir xarakterə, səbrə, diqqətliliyə, sakitliyə ən əsası xeyirxahlığa sahib olmaq lazımdır, bunlarla yanaşı möhkəmlik, tez qərar qəbul etmək qabiliyyəti, böyük bir məsuliyyət hissi də əsasdır. Həkim öz işinə ürəkdən bağlı olmalıdır, həmçinin peşəsinin vacibliyini, ciddiliyini dərk edən, çətinliklərdən, təhlükələrdən qorxmayan, bütün həyatını insanlara həsr etməyi qəbul edən, işləyərkən davamlı öyrənməyə və inkişaf etdirməyə davam edən olmalıdır. Ona görə ki, tibb daim inkişaf edir, yeni xəstəliklər, yeni biliklər tələb edir. Çünki bir həkimin bilik və bacarıqları yalnız təmiz tibb sahəsi ilə məhdudlaşmır. Əsl mütəxəssis də yaxşı psixoloq olmalıdır. Bir insanı səbrlə dinləyə bilmək, ruhuna nüfuz etmək, sakitləşdirməyi bacarmaq, ümid, inam aşılamaq, təyin olunmuş müalicənin düzgünlüyünə və zəruriliyinə inandıra bilmək bütün bunlar insandan psixoloq olmağı tələb edir. Axı elə insanlar var ki, inadkardırlar, sağlamlıqlarına qulluq etmək istəmirlər, hətta əksər hallarda indkarlıqları ilə vəziyyətlərini daha da pisləşdirirlər, sağalma prosesini ləngidirlər. Lakin həkim öz davranışı, təfəkkürü, dünyagörüşü ilə digərlərindən fərqlənməli və ən əsası özünə inam yaratmağı bacarmalıdır. Çünki həkimə inam hissi olmadıqda, bəzən xəstənin müalicəsi də səmərəsiz olur. Həkimin xoş sözü, mehribanlığı, qayğıkeşliyi birbaşa xəstənin vəziyyətinə çox müsbət təsir göstərir. Həkim qayğısı, səmimiyyəti də müalicə vasitəsidir. İnsan xəstə olduqda həkim ona ən yaxın şəxs olur. Həkimlər elə ünsiyyət yaratmalıdır ki, xəstələr özlərini rahat hiss etsinlər və narahatlıqlarını onlarla bölüşsünlər. Və hətta xəstə ilə həkim arasındaki dialoqdan sonra insanlar elə düşünürlər ki, həkimlər hər halda mütləq onlara kömək edəcəklər, bir iynə və ya başqa bir yardım alaraq yaxşılaşacaqlar. Bu özü çox müsbət bir haldır, ona görə ki, bir həkim xəstədə sağalmağa inam hissi yarada bilir. Bir xəstəyə ruh yüksəkliyi vermək müalicə prosesinin ən başlıca mərhələsidir.
Məlumdur ki, bütün dünya uzun zamandır koronavirus imtahanı verir. Və Yer kürəsinin bütün qitələri topsuz-tüfəngsiz atəş açan bu müharibədə “gözəgörünməz düşmən”lə vuruşmağa məhkumdur. Sanki Koronavirus silahsız-sursatsız baş verən üçüncü dünya müharibəsidir. Həmçinin Koronavirus XXI əsrin biomüharibəsidir. Bu müharibə dünyada baş verən bütün müharibələrdən fərqlidir, həm strategiyası, həm də taktikası baxımından. İndiyə qədərki müharibələrdə hücum taktikası əsas hesab olunurdusa, biomüharibədə müdafiə olunma, təcrid edilmə qələbəyə aparan əsas yolu müəyyən edir. Biomüharibənin digər müharibələrdən bir fərqi də bundadır ki, digər müharibələrdə başqa xalqların ərazilərini, sərvətlərini ələ keçirmək əsas hədəf kimi seçilir, biomüharibənin isə əsas strategiyasını insanı məhv etmək təşkil edir. Koronavirus insanı hədəfə aldığına görə bütün insanlıq bu bəşəri bəla ilə mübarizədə birləşmişdir.
Koronavirus sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan birbaşa insanlığa qarşı ünvanlanmış total bir müharibədir. Ona görə də koronavirusa qarşı mübarizədə bütün insanlıq vahid amal ətrafında birləşmişdir. Məhz buna görədir ki, koronavirus Ümumdünya Səhiyyə Təşkilatını biomüharibənin baş qərargahına çevirmişdir.
Bu “müharibədə” ölkələrin qələbəyə nail ola bilməsi dövlət rəhbərlərinin təkcə silahlı qüvvələrə deyil, bütün xalqa vaxtında əmrlər verməyi bacaran Ali Baş Komandan missiyasını icra etməklə bərabər, həm də müəyyən edilmiş proqramın mütləq həyata keçirilməsini təmin etməsindən çox asılıdır. Və bu gün çox böyük qürur hissi ilə diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini tam layiqincə həyata keçirmiş əsl qalib Ali Baş Komandandır.
Ümumiyyətlə Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İnsan sağlamlığını cəmiyyətin sərvəti adlandıran ümummilli lider Heydər Əliyev 2001-ci ildə 17 iyun tarixinin tibb işçilərinin peşə bayramı kimi təsis edilməsi haqqında xüsusi sərəncam imzalamışdır. Ulu öndərimiz hər zaman milli səhiyyəmizin inkişafına çox böyük diqqət və qayğı göstərib. Və hazırki dövrdə isə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Bugünkü gündə Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir və bu sahəyə dövlət qayğısı ildən-ilə artırılır. Beləcə canımızı inamla həvalə etdiyimiz həkimlərimiz də yüksək peşəkarlıqla öz vəzifə borclarını yerinə yetirirlər. Peşə bayramınız mübarək dəyərli tibb işçiləri!
Müxbir: Cavadzadə Seyid Sürayə