Cəmiyyət Manşet

VEPA şirkəti işçilərin haqqını yeyib – Bakıda ETİRAZ

Şərq bazarının tikintisində çalışan fəhlələr zəhmət haqlarının verilməməsinə etiraz olaraq iyunun 16-da bazarın önündə toplaşıb, etiraz ediblər.

Etirazçılardan Maarif Babayev deyir ki, artıq aylardır döymədikləri qapı qalmayıb, əməkhaqlarını ala bilmirlər:

“Axırıncı dəfə bizə söz vermişdilər ki, bu ayın 15-də maaşımızı alacağıq, vermədilər. Bunlar bizdən imtina edirlər”.

İşçilər bildirirlər ki, onlar VEPA şirkətində çalışıblar.

Həmin şirkət isə MEK şirkətinə tabe olub.

VEPA şirkətinin rəhbəri, Türkiyə vətəndaşı olan Cem Turek Azərbaycandan gedib:

“Gedəndə də dedi ki, bazarda iş görüb və buna görə ona 600 mindən artıq borcları qalıb. Həmin borcu ala bilmir ki, işçilərin maaşlarını ödəyə. MEK isə deyir ki, bizlik deyil, Cem qaçıb və tapılmayınca, maaş söhbəti ola bilməz. Məsləhət görürlər ki, məhkəməyə şikayət verək”.

Şərq Bazarı Kompleksi yeni təmirdən çıxıb.

Təmirdən sonra, iyunun 6-da həyata keçirilən açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Açılışda bildirilib ki, kompleksində 78 icarədar çalışacaq. Ümumilikdə isə bazarda 300 yeni iş yeri yaradılıb.

Şikayətçilər bildirirlər ki, ölkə başçısı bu obyektə pul da ayırıb.

“Biz həmin büdcədən maaş almalıydıq. Hamımızla müqavilə bağlanıb. Üstəlik, bizə nüsxəsi də verilmir. Fevraldan bu yana kimin 2, kiminin 3 aylıq maaşı qalıb. Bizə maaş verilmirsə, deməli, dövlətin ayırdığı vəsait yeyilib. Şikayət etdik, Əmək Müfəttişliyindən gəlib cərimələdilər. Sonra da dedilər ki, bu ayın 15-dək maaşlar veriləcək. Bir nəticəsi olmadı”, – Maarif Babayev deyir.

Ümumilikdə 100-dən artıq insanın maaşını ala bilmədiyi bildirilir. Hətta işləmiş mühəndislər var ki, 4-5 aydır maaş ala bilmirlər:

“Hamımız fəhlələrik. Elektrik, havalandırma, mexanik işlərinə baxmışıq. Tutduğumu vəzifəyə görə 800-1000 manat arası maaş alanlar var. Görünür, kimlərsə pulu bölüb aralarında. İndi də bizə maaş çatmır. Üstəlik, şikayət edirik, işıqlandırırıq, bizə sahib çıxan da yoxdur”.

Nemət Məmmədov isə deyir ki, adicə çıxıb haqlarını tələb edəndə də deyirlər ki, bura toplaşmayın. Hər hansı tədbir görən isə yoxdur:

“Ən son maaşı martda almışam. Aprelin pulunu ala bilmirəm. Özüm də asan iş görməmişəm. Qaynaqçı kimi çalışmışam. Bəzən gecə-gündüz işləmişəm. Bunun müqabilində maaş ala bilməmək adamı üzür”.

Şikayətçilərdən Maarif Babayev bildirib ki, bəlkə, insanlara belə haqsızlıq edən bir yerdən kimsə alış-veriş etməsə, ağılları başlarına gələ bilər:

“Azərbaycan xalqından xahiş edirik ki, kimsə buradan alış-veriş etməsin. Bura insanların haqqını yeyib. Hamımız ehtiyaclı insanlarıq. Ailəyə baxırıq, kiminin uşağı, anası xəstədir. Rayondan gəlib kirayə qalıb, evə borclu qalanlar var”.

Şərq bazrında hazırda da iş görən MEK şirkətinin əməkdaşı Salman Salmanzadə isə bildirib ki, işçilər toplanıb məhkəməyə müraciət etməlidir. Çünki nə az, nə çox 119 nəfərə yaxın insanın maaşı qalıb.

Hərəsini ortalama 1000 manatdan hesablansa, bu, 119 min manatdan çox vəsait edir:

“Hansı şirkət sizi işə götürüb, onunla bağlı şikayət edilməlidir. Siz VEPA şirkəti, Cem Tureklə işləmisiniz, o da qaçıb çıxıb gedib. Bizlik nəsə yoxdur. Sizin 1000-2000 manat alacğınız var, bizim isə 200-300 min. Yəni tək alacağı olan siz deyilsiniz”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir