Cəmiyyət Manşet

Prezident İlham Əliyev Özbəkistanda geniş tərkibli görüş zamanı

Azərbaycan daim türk dünyasının birliyinə çağırışlar edərək bunu atdığı addımları ilə təsdiqləyir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, dövlət başçısı İlham Əliyev ötən il  Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bu Qərar  ölkə Prezidentinin Azərbaycan  ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülhün və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbəyə görə qəbul olunmuşdu. Türkdilli Ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi qərarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalamışdılar. Bu mühüm Qərar bir daha türkdilli ölkələr arasında əlaqələrin bugünkü səviyyəsinə işıq saldı. Ötən ilin noyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dövlət başçısı İlham Əliyev ali ordenə görə  üzv ölkələrin dövlət başçılarına minnətdarlığını ifadə edərək bildirmişdir ki, bu, türk dövlətləri tərəfindən mənim işimə,  fəaliyyətimə verilən çox yüksək mükafat, qiymətdir. Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

Tarixi Zəfərimizin reallıqları fonunda  türk dövlətləri arasındakı birlikdən danışarkən, təbii ki, əsas çağırış  gələcəyə baxmaqdır.  Çünki xalqlarımızın və dövlətlərimizin gələcəyi üçün  möhkəm təməl yaradılmışdır. Ortaq köklərimiz, dilimiz, dinimiz və ortaq maraqlarımız birliyimizi daha da möhkəmləndirərək əməkdaşlığın yeni prioritetlərinin  müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılmasından, eyni zamanda, Azərbaycanın iki il bu quruma sədrliyi dövründə səmərəli fəaliyyətindən, türk dünyasının birliyinə verdiyi töhfələrdən bəhs edərək deyib: “Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində  həmkarı  Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə  iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra  mərasimlərdə iştirakı və sair kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə güclü Azərbaycan və güclü  Özbəkistandır”.

Ümummilli Liderin dost Özbəkistana ilk rəsmi səfəri  1997-ci ilin iyununda  reallaşıb və bu səfər münasibətlərin   inkişafında yeni mərhələnin əsası kimi tarixdə yer alır. Belə ki, həmin səfər çərçivəsində 19 sənəd imzalanıb. Artıq həmin vaxtdan  25 il ötür. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı  iki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixinin bu gün  çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdığını diqqətə çatdıran Özbəkistan Prezidenti  bu xatırlatmanı da etdi ki,  Prezident İlham Əliyevin  budəfəki səfəri Azərbaycan xalqının  ümummilli lideri Heydər  Əliyevin ölkəmizə birinci rəsmi səfərinin  25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezident  Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etdilər.   Bu, Azərbaycan xalqının əbədiyaşar liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə ehtiram kimi dəyərləndirildi”.

Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imzalanmış sənədlərin əhatə dairəsi “həqiqətən də bu səfərin ikitərəfli münasibətlərin inkişafında tarixi əhəmiyyət daşıdığını nümayiş etdirir söyləyən” YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, iki ölkə arasında 20-dək sənəd imzalanıb:

Hər bir sənəd özlüyündə gələcək münasibətlərin, əməkdaşlığın əsas istiqamətlərinin aydın mənzərəsini yaradır. Bu baxımdan 2023-cü ilin  nəticəli il olacağına böyük əminlik ifadə edildi. Səfər zamanı imzalanmış sənədlər Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.  “Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” özündə bütün  məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici  siyasətinin prioritetləri  əksini tapıb,  dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub.  İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün  əlavə addımların atılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu günədək iki ölkə arasında 135 sənəd imzalanıb. Pandemiyadan sonra Azərbaycan Prezidentinin ilk dövlət səfərini Özbəkistana etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinin, xalqlarımızın dostluğunun və qardaşlığının əyani təzahürüdür”.

44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu. O da məlumdur ki, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi başa çataraq qardaş Türkiyəyə  keçdi. Dövlət başçısı İlham Əliyev qurumun VIII Zirvə Görüşündə bu əminliyi ifadə etmişdir ki, Türkiyə Prezidentinin  liderliyi ilə ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək və türk dünyasının lideri olan hörmətli Cümhurbaşqanının bu işdə uğur qazanacağına heç şübhəm yoxdur. Çünki Türkiyənin  siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur”.

 

Binə Xocavar kəndi.Ülvi Rufullayev

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir