Cəmiyyət Manşet

Təyyarəsi necədirsə, taksisi də elədir… – Aeroportun taksiləri “baş kəsir”

 

Bakı hava limanı sözün əsl mənasında bazara çevrilib. Yox, bu dəfə “AZAL”-ın dəyişməz, böyük və qüdrətli qiymət siyasətindən danışmayacağam. Bəllidir ki, “AZAL”-a “daydaylıq” edən hər kimdirsə, mənim, sənin, bizim gücümüz çatacaq birisi deyil. Və bütün KİV-in yazdıqlarını oxuyub, bığaltı gülür də…
Deyir “dəyirman baş ağrıdır, çaxçax öz işində”. Burada çax-çax biz media qurumları oluruq. Nə isə, keçək mətləbə…

Bir neçə gün əvvəl gecə saatlarında “Bakı Taksi Xidməti”-nin xidmətindən istifadə edim. Bilirsiniz nəyi deyirəm? “Rahat və komfortlu olduğu” deyilən “London” taksilərinin qırmızısı var ha, onların xidmətindən. Düşündüm nə olar, bir gün biz də “ağ insanlar kimi” lüks həyat yaşayaq. Deməz olaydım. Yaxınlaşıb qiymətlərlə maraqlandım.

“London” taksinin sürücüsü gedəcəyim yeri soruşdu, dedim. Adətən, getdiyim ünvana ən baha aparan taksilər belə 15 manatdan artıq qiymət demir. Ürəyimdə düşündüm ki, uzağı bu taksi istəsin 20-25 manat… Ləng davranış sərgiləyən sürücü mənə dedi ki, gedəcəyim yerə məsafə çox uzaqdır və bu mənə çox baha başa gələcək. Mən də cavab verdim ki, “qardaş rayona getmirəm ki, Bakıda daxilindədir, qiymət danışaq”. Bu vaxt sürücü mənə bildirdi ki, “bu taksinin yerindən tərpənməsi 40 manatdır”. Eşitdiyim qiymətə inanmayıb təkrar soruşdum ki, “gedəcəyim ünvana 40 manata aparırsınız?” Sürücü dedi, “yox sadəcə, taksiyə minirsən 40 manat yazılır, sonra kilometrə görə hesablanır”…

Kənara çəkilib avtomobilə baxdım, yəni bildiyiniz “London” taksisi, xüsusi əlavəsi, artırması, lifti, yumşaq yatağı və s. olmayan taksi… Dedim yəqin əcnəbilər üçün nəzərdə tutulub. Sürücülər susdular. Sonra digər taksi sürücüləri ilə söhbətləşdim. Onların sözlərinə görə,“London” taksi sürücüləri hər gün 70 manat plan verdiyi üçün qiymətlər belə “ceyran belindədir”.

“Bakı Taksi Xidməti” haqqında hava limanının saytında yazılan məlumatlara nəzər saldım. Saytda xüsusi qürurla qeyd edilib ki, “Bakı Taksi Xidməti” yeganə dövlət taksi xidmətidir. Sonra isə, taksilərin duracağı, sifariş etmə və s. haqında məlumatlar var. Qiymətlərə gəldikdə isə, bu barədə konkret rəqəm yazılmayıb.

Yəqin sürücülərə tapşırılıb ki, gözünüzü yumub qiymət oxuyun, “kim yeyər, yeyər” və yaxud “yesələr də budur, yeməsələr də”… Saytda həmçinin qeyd edilib ki, “Bakı Taxi” müştərilərinə TX4 və LEVC TX markalı “London Taxi” minik avtomobilləri ilə xidmət göstərir. Xatirinizdədirsə, bu avtomobillərin qiymətləri haqqında yazmışdıq bir müddət öncə.

Sonda sürücülər xüsusi olaraq qeyd etdilər ki, bu taksilər aeroportun taksiləridir. Düzü, onlar qiyməti dedikdən sonra həmin yolu 12 manata aparan sürücülərə minnətdarlıq etmək gəldi içimdən. Sonra da düşündüm ki, Bakı Taksi Xidməti dövlətindir və aeroporta məxsusdur. Aeroport isə Cahangir Əsgərovun biznesidir. Belə çıxır ki, Bakı Taksi Xidməti də müəllimin biznesinə daxildir. Bəlkə də “AZAL”-ın qiymət siyasəti eynilə “Bakı Taksi Xidməti” taksilərinə də tətbiq edilir. Yoxsa özünüz düşünün 40 manata yerindən tərpənən taksi olar?

Bir də maraqlı başqa sual var: “Bakı Taksi Xidməti” dövlətindir, “AZAL” da dövlətindir və eyni qiymət siyasəti aparılır. Bəlkə biz bilmirik, elə dövlət dediyimiz Cahangir Əsgərovun özüdür?

Qeyd edək ki, Bakı Taksi Xidmətinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olduğu deyilir. Məsələ ilə bağlı nazirliyə sorğu ünvanladıq. Cavabı olarsa, sizinlə paylaşacağıq. Mövzunu davam etdirəcəyik.
Bizimyol.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir