Cəmiyyət Manşet

“Azersun”da işçi əməyi istismar olunur – NARAZILIQ VAR!

Son illər ölkədə hökm sürən iqtisadi böhran və işsizlik səbəbilə, çarəsiz xalq məcburiyyət qarşısında, 3-5 manat çörəkpulu qarşılığında, güclə tapdıqları ən təhlükəli, ən ağır işlərdə belə çalışmağa razı olur.

Odur ki, əksər müəssisələr (hətta bəlkə də hamısı) bu fürsətdən yararlanaraq, işə götürdükləri insanların əməyini istismar edirlər.

Əsasən də demək olar ki, bütün şəbəkə marketlər, eləcə də istehsal müəssisələri yaşından, səhhətindən asılı olmayaraq, hər kəsi hər gün, 12 (hətta bəzən 13) saat işlədir, müəssisələr həftədə bir dəfə, şəbəkə marketlər isə ayda bir, ya iki gün istirahət verir. Özü də minimum əmək haqqı ilə.

Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan, həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirilməsi üçün müəyyən edilən zaman – tam iş vaxtı adlanır. Gündəlik normal iş vaxtının müddəti 8 saatdan, belə iş vaxtında uyğun olan həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan artıq müəyyən edilə bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən həftəlik tam iş vaxtı üçün bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edilə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan, həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı -ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq, Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısadılmış iş vaxtı müəyyən edilə bilər. Bu müddət həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır.

Amma, çox təəssüflər olsun, bu qanun yalnız (göründüyü qədərilə biznes məqsədləri üçün nəşr olunan) məcəllə kitablarının vərəqlərində “baxımsız” qalıb…

Yeri gəlmişkən, bu cür fəaliyyət göstərən, işçilərinin əməyini istismar edən müəssisələrdən biri də Azərbaycanda ən böyük istehsal şirkətlərindən biri olan “Azərsun Holding”dir.

Belə ki, bəzi bölgələrdə bostanları, bağları və konserv zavodları olan “Azərsun Holding” işə aldığı vətəndaşlara (vətəndaşların özünün dediyinə görə) tələsdirib, müqaviləni oxumadan imza atdırır və hər gün səhərdən axşama qədər gündəlik cəmi 8,50 (səkkiz, əlli) AZN muzdla işlədir.

Yerli sakinlərin “DogruXeber.az”a bildirdiklərinə görə, İmişli, Biləsuvar rayonları ərazisində bostan və konserv zavodlarında çalışanlar buna etiraz olaraq, bir neçə gün əvvəl “Bəhrəmtəpə -Biləsuvar” magistral yolunu bağlayıblar.

Yalnız bundan sonra, elə həmin gündən etibarən fəhlələrin əmək haqları 15 (on beş) manata, hətta bəzilərinin gördüyü işin çoxluğuna görə 17-18 manata qədər artırılıb.

Lakin, çalışanlar bildirir ki, “bu hal çox davam etmədi. İndi söhbət gəzir ki, məbləğ standart hamı üçün 11 (on bir) manata qədər azaldılıb”.

Konserv zavodlarının özündə isə gecə və gündüz növbələrinə işə alınan fəhlələrə də aylıq 276 (iki yüz yetmiş altı) AZN maaş təklif olunur.

Azərbaycanda minimum əmək haqqı 300 (üç yüz) AZN olduğu halda, deyəsən dövlət vergisini belə “Azərsun Holding” rütubətin, müxtəlif qoxuların içində çalışan fəhlələrə ödətdirir.

Bu insanların əməyini istismar etməklə yanaşı, həm də Azərbaycan Konstitusiyasının əmək qanunlarını pozmaqdır.

Güman edirik, aidiyyatı qurumlar bu barədə gərəkən tədbirlər görəcəkdir.

P.S: Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı.

Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //azinfo.tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir