Sosial

MƏKTƏBLƏRİMİZƏ AYAQ AÇAN “XAMENEYİ NƏĞMƏSİ” – ZİBİLƏ DÜŞMÜŞÜK…

Bir neçə gün bundan öncə Yevlax şəhər Sahib Əliyev adına 1 saylı tam orta məktəbdən paylaşılan görüntülər sosial şəbəkələrdə böyük əks-səda yaradıb. Bu görüntülərdə məktəbin riyaziyyat müəllimi Babayeva Nailə Ağaməmməd qızının dərs dediyi 6 “a” sinfində 4 şagirdə farslara məxsus olan “Salam Fermandeh!”(Salam Komandir!) mahnısını öyrətdiyi əks olunub.

Sosial şəbəkə istifadəçiləri mahnının İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyiyə həsr olunduğunu bildiriblər.

Məlumat üçün qeyd edək ki, şagirdlərin səsləndirdiyi ilahi mahnı 12-ci imam Məhəmməd Mehdiyə həsr olunsa da, mahnının mətnində təkrar-təkrar “Xameneyinin ordusu səni gözləyir” ifadəsi keçir.

Ona görə də cəmiyyətin bu hadisəyə haqlı etirazı başadüşülən və anlaşılandır. Sosial şəbəkələrdə əksər vətəndaşlar şagirdlər arasında dini ideologiyanın təbliğatın aparılmasını qəti şəkildə pisləyərək, müəllimin cəzalandırılmasını tələb ediblər.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoru Əfsanə Səlimovaya töhmət, tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə Nailə Babayevaya isə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

Təhsil İdarəsinə dəvət olunan Nailə Babayeva öz izahatında bildirib ki, o, bu addımı dini təbliğ etmək üçün yox, şagirdlərə təhsildən əlavə maraqlı məlumatlar çatdırmaq məqsədilə atıb. Ancaq sonradan məlum olub ki, müəllimin niyyəti heç də göründüyü qədər məsum deyil.

Belə ki, sosial şəbəkələrdə Nailə Babayevanın şəxsi “feysbuk” profilinə nəzər saldıqda onun “İran aşiqləri”ndən biri olduğunu görmək mümkündür. İran rejiminə böyük sevgi-məhəbbət bəsləyən bu müəllim öz hesabında yazır ki, o, bu hərəkətindən peşman deyil və bunu şüurlu şəkildə, bilərəkdən edib.

Bununla da kifayətlənməyən Nailə Babayeva “Kimin üçün namus vacibdirsə, İran da vacib olmalıdır”, “Azərbaycan xalqı daim İrana bağlı olub”, “Sionizmə lənət olsun!” kimi təxribatçı çıxışlar edib.

Ancaq müəllimin bu anormal ideoloji düşüncələrindən daha çox diqqətimizi çəkən başqa bir paylaşım oldu. Həmin paylaşımda Nailə Babayeva yazır ki, hadisədən sonra ondan ərizə yazaraq işdən çıxmasını tələb ediblər. O da ərizə yazaraq işdən ayrılmaq qərarına gəlib. Daha sonra isə ona sadəcə töhmət veriləcəyini və işinə davam edəcəyini bildiriblər. Maraqlıdır, görəsən əvvəlcə Nailə Babayevanı işdən çıxarmaq istəyənlər daha sonra niyə bu qərarlarından vaz keçərək, kiçik bir töhmətlə kifayətləniblər?

Bu suala cavab tapmaq üçün Təhsil Nazirliyinin mətbuat xidmətiylə əlaqə qurmağa çalışsaq da, bu, mümkün olmadı. Sözügedən məktəbdən də zənglərimizə heç bir cavab verilmədi. Yevlax şəhər Təhsil İdarəsindən isə bildirildi ki, bu məsələ ilə bağlı cavab vermək səlahiyyətləri yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 18-ci bəndinin üçüncü hissəsində Azərbaycan Respublikasında dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması öz əksini tapıb. Bu maddəyə əsasən, təhsil müəssisələrində hər hansı bir dini ideologiyaya xidmət edən təbliğat yolverilməzdir.

Bu mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, son vaxtlar təhsil sahəsində neqativ halların sayı kəskin artıb: “Qız şagirdlərin bir-birini bıçaqlaması, məktəblərdə aparılan hansısa dini ideologiyanın təbliğatı, hansısa xarici ölkənin təbliğatı, direktorların səs yazıları və s. onu göstərir ki, hazırda təhsil sisiteminə nəzarət yoxdur. Özlərini ağıllı hesab edənlərin manasız layihələrlə nə qədər yanlış mövqedə olduqlarını görmək üçün təhsilimizdə baş verən bu cür hadisələrə nəzər salmaq kifayət edir”.

Ekspert qeyd edib ki, təhsil sahəsinə mütəxəssislər cəlb olunmadığı müddətcə, belə hallar baş verəcək: “Bu gün təhsildə yaşanan neqativ hallar heç bir dövlət strtukturunda baş vermir. Təhsil strateji bir yerdir. Bu gün kimsə gəlib burada öz dini düşüncələrinin təbliğatı ilə məşğul ola bilməz. Bu, bizi böyük bir təhülkəylə üzü-üzə qoyur. Hesab edirəm ki, bu cür neqativ hallar dərhal aradan qaldırılmalıdır”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov da yerli mediaya açıqlamasında bildirib ki, məktəblər heç bir halda dini fanatizmin təbliğat yeri ola bilməz: “Buna şərait yaradılarsa, biz bunun açıq fəsadlarını görərik. Necə ki, bu gün görürük. Məktəblərdə yalnız dini maarifləndirmə işləri aparıla bilər. Bunu da Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə dövlət komitəsi həyata keçirə bilər. Bu baxımdan məktəblərdə belə məsələlərə ciddi nəzarət olunmalı, müəllimlərin fəaliyyəti nəzarətdən keçirilməlidir. Bu gün ölkəmizdə dini etiqad azadlığı var, amma bu, o demək deyil ki, kimsə gedib məktəbdə öz dini düşüncələrinə uyğun təbliğat aparsın. Belə məsələlərə qarşı prinsipial mövqe olmalıdır”.

Millət vəkili qeyd edib ki, bu cür halların baş verməməsi üçün məktəb direktorları da müəllimlərə ciddi nəzarət etməlidir: “Bu gün Təhsil Nazirliyi müəllimi cəzalandırıb, amma hesab edirəm ki, məktəb direktorları da bu prosesə ciddi nəzarət etməlidirlər. Heç bir halda məktəblərdə hansısa dini ideologiyaların yayılmasına imkan verilməməlidir. Əgər verilsə, bu, bizim üçün ciddi problem yaradacaq”.

Qeyd edək ki, son vaxtlar təhsil sistemində baş verən analoji halların sayı xeyli artıb. Elə götürək, iki ay bundan öncə Kəmalə Qədirovanın direktoru olduğu Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdə baş verən hadisəni. Xatırladaq ki, həmin vaxt məktəbdə keçirilən “9 May – Qələbə Günü” tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti” asılaraq, şagirdlər vasitəsilə siyasi mesajlar verilmişdi. O zaman da Təhsil Nazirliyi hadisəyə etinasız yanaşmış, məktəb rəhbərliyini və tədbirin təşkilatçılarını cəzalandırmağı lazım görməmişdi.

Ümumiyyətlə, dövlətin strateji maraqlarını təhlükə altına atan bu cür məsələlərdə Təhsil Nazirliyinin və Təhsil İdarəsinin etinasız mövqe sərgiləməsi cəmiyyət arasında birmənalı qarşılanmır. Bu gün dövlət qurumlarının yumşaq münasibətindən faydalanan Nailə Babayeva kimi müəllimlər rahat şəkildə təhsil ocaqlarında kimlərinsə tapşırılqaırını icra etməkdən çəkinmirlər. Çünki anlayırlar ki, onların bu əməlləri ya cəzasız qalacaq ya da ən pis halda bir töhmətlə yaxalaını qurtara biləcəklər.

Sual olunur ki, son günlər İranın ölkəmizdəki casus şəbəkəsi yenidən aktivləşməyə başladığı bir vaxtda, sözügedən müəllimin belə bir video hazırlayaraq, sosial şəbəkələrdə paylaşması təsadüf ola bilərmi? Təhsil Nazirliyinin qərarıyla hazırda öz peşə fəaliyyətini davam etdirən, İranın ideloji təsiri altına düşən bir müəllim şagirdlərə nə öyrədə bilər? Milli mənəvi dəyərlərimizdən uzaq olan, öz vətənindən daha çox başqa ölkələrə rəğbət bəsləyən bir təhsil işçisinin pedaqoji fəaliyyətini davam etdirməsinə kimlər, hansı əsasla icazə veriblər?

Ümid edirik ki, müvafiq qurumlar bu məsələyə daha məsuliyyətli yanaşaraq, açıq saxladığımız suallara cavab tapmağa çalışacaqlar…
“AzPolitika.info”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir