Cəmiyyət Manşet

“Güzəştli kreditə görə `şapka` istəyirlər” – Sahibkardan ETİRAZ

Sahibkarlığın İnkişafı Fondunun məlumatına görə, 2022-ci ilin yola salınan 5 ayında sahibkarlara 43.7 milyon manat güzəştli kredit verilib.

Zirveyolu.info  xəbər verir ki, adını çəkmək istəməyən bir sahibkar “AzadlıqRadiosu”na bildirib ki, bir il əvvəl o da güzəştli kredit üçün müraciət edib:

“Mənə bankdan o qədər sənəd deyilib ki, bunların hamısını təqdim etmək mümkün deyil. Hətta təqdim edənlər var. Amma əvəzində hər hansı səhv tapırlar, adamı get-gəl edirlər. Sonra da bəzən “şapka” istəyirlər. Nəticədə isə imtina cavabını alırsan. Vaxtın da gedir, əsəbin də”.
Sahibkarlığın İnkişafı Fondundan isə “Turan”a deyilib ki, indiyədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 min 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2.7 milyard manatdan çox güzəştli kredit ayrılıb:

“Kreditlərdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91.7 faiz təşkil edib. 6.1 faiz sənaye məhsullarının istehsalı və emalı, 1.6 faiz xidmət, 0.6 faizi isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb”.
Qurumdan vurğulanıb ki, kreditlər tam şəffaf sistemlə təqdim olunur.

İqtisadçı Nemət Əliyev isə “AzadlıqRadiosu”na bildirib ki, 5 ay ərzində sahibkarlara verilən güzəştli kreditlərin məbləği çox kiçikdir:
“Azərbaycan iqtisadiyyatı üçün sahibkarların ehtiyacları kontekstində qiymətləndirəndə bu, çox az maliyyə vəsaitidir. Bu, 43.7 milyon manat olmalı deyildi, milyardlardan söhbət getməli idi”.

Onun fikrincə, Azərbaycan sahibkarlarının kredit resurslarına ehtiyacı həddindən artıq çoxdur:

“Güzəştli kredit məsələsi gündəmə ona görə daşınır ki, güzəştsiz kreditlərin faiz dərəcələrini qaytarmaq, onların yükünü daşımaq hazırkı şəraitdə mümkün deyil. Ona görə də güzəştli kreditlərə tələbat həddindən artıq çoxdur”.

N.Əliyevin sözlərinə görə, Azərbaycan reallığında güzəştli kreditlərdən heç də hamı yararlana bilmir:

“Hər hansı bir şəkildə bu və ya digər dərəcədə əlaqəsi olanlar bu imkandan istifadə edirlər. Ona görə də güzəştli kreditlərdən istifadə edən çərçivə çox məhduddur”.

Güzəştli kreditlər sahibkarlara 5 faizlə təqdim edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir