Cəmiyyət Manşet

Rəna Nəsibovanın ölüm hökmünə möhür basan SENSASİON SƏNƏD – Rüstəm Usubovun məşhur arayışı

9 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, MTN-in keçmiş əməkdaşları – Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Cinayət işi üzrə 36 zərərçəkən şəxs və 20 milyon manatdan artıq zərər var.

Son məhkəmə proseslərindən birində iş üzrə təqsirləndirilən şəxs Sahib Ələkbərov uzun illər baş prokurorun 1-ci müavini olmuş Rüstəm Usubovun şahid qismində dindirilməsini tələb edib. Sahib Ələkbərov vaxtilə Rüstəm Usubovu Hacı Məmmədovun cinayətkar bandası barədə məlumat vermiş Rəna Nəsibovanın qətli ilə bağlı dindirdiyini qabardıb.

“Yeni Müsavat”ın ötən saylarında Rüstəm Usubovun 2005-ci ildə şahid qismində dindirilməsi protokolunu dərc etmişdik. Həmin protokoldan belə aydın olurdu ki, Rəna Nəsibova Hacı Məmmədovun killer dəstəsi ifşa olunmazdan 2 il əvvəl Rüstəm Usubovla görüşüb. O zaman Rüstəm Usubov Baş Prokurorluqda Prokurorluq Orqanlarına Nəzarət İdarəsinin rəisi olub. Birbaşa baş prokuror Zakir Qaralovun tabeçiliyində olub.

Görüş zamanı Rəna Nəsibova Rüstəm Usubova Azərbaycanda adam oğurlayan və sifarişli qətllər icra edən dəstəyə Hacı Məmmədovun başçılıq etdiyini deyib. Dəstədə olan killerlər, dəstə üzvləri, onların yaşayış yerləri, telefonları, ailə üzvləri, dolanışıqları və s. barədə olduqca vacib məlumatlar verib.

Bu yerdə haşiyəyə çıxıb qeyd edək ki, Rəna Nəsibova Rüstəm Usubovla Baş Prokurorluğun binasında görüşüb ona məxfi məlumatlar verdiyi vaxtda Baş Prokurorluğun digər bir idarəsində artıq Hacı Məmmədovla bağlı cinayət işi vardı. Həmin cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunmuşdu. İş o zaman xüsusilə mühüm işlər üzrə müstəntiq Namiq Muradovun icraatında olub və heç bir əsas olmadan dayandırılmış vəziyyətdə olub.

Rüstəm Usubov bu haqda Rəna Nəsibovaya heç bir söz demədən onu dinləyib. Zavallı qadın bildiklərinin hamısını xırdalıqlarına qədər prokurorluq yetkilisinə çatdırıb. Düşünürmüş ki, bundan sonra daha adamları öldürməyəcəklər, oğurlamayacaqlar…

Məxfi məlumat verdi, kimliyinin gizli saxlanmasını istədi. Amma…

Rəna Nəsibova Rüstəm Usubova məlumatları verməklə yanaşı özünün təhlükəsizliyinin təmini üçün də tədbir görülməsini istəyib. Hacı Məmmədovun dəstəsində olan killerlərin onu öldürə biləcəyindən ehtiyat etdiyini də Rüstəm Usubova açıq şəkildə deyib. Amma Rüstəm Usubov hər hansı bir tədbir görməyib. Sadəcə, Rəna Nəsibovanı dinləyib və işini bitmiş hesab edib. 10 ay sonra Rəna Nəsibova işlədiyi şirkətin ofisində öldürülüb.

Rəna Nəsibovanın verdiyi məlumatlar Rüstəm Usubovun yadına bir də Hacı Məmmədovun bandasının ifşa olunmasına 10 gün qalmış düşüb. 28 fevral, 2005-ci il tarixində Rüstəm Usubov 3 vərəqədən ibarət arayış hazırlayıb və MTN-ə yollayıb. Arayışı hazırlamaq üçün Rüstəm Usubovun 1 il 6 ay gözləməsinin səbəbi nə olub sualı açıqdır. Həmin 1 il 6 ay ərzində Hacı Məmmədovun bandası tərəfindən Fətulla Hüseynov şəhərin mərkəzində, evinin qarşısında başına açılan güllə ilə öldürülüb, yenə də Hacı Məmmədovub bandası tərəfindən iş adamı Hafiz Məmmədovun atası oğurlanıb və iş adamı Ülvan Bağırov oğurlanıb!

Həmin arayışı təqdim edirik:

1970-ci il təvəllüdlü, “Knauf” firmasında menecer vəzifəsində işləyən, boşanmış, 1 uşaq anası, Fatmayi kəndində bağ evlərində müvəqqəti yaşayan (tel. 2131005) Bakı şəhəri, 2-ci mikrorayonda qeydiyyatda olan Nasibova Rəna Yusif qızından alınmış məlumata dair

ARAYIŞ

11 avqust 2003-cü il tarixdə Nəsibova Rəna Yusif qızı Azərbaycan Respublikasının Baş Prokurorluğunun inzibati binasına gəlmiş, Baş Prokurorluğun Kriminalistika şöbəsinin rəisi Rövşən Əliyevin qətli və törədilmiş digər cınayətlərlə bağlı məxfi məlumat vermək arzusunda olmasını bildirmişdir.

Rəna Nəsibova bildirmişdir ki, Bakı şəhərində törədilən bir çox cinayətlərin başında DİN-nin əməkdaşı Hacı Məmmədov durur. Hacı Məmmədovun bir neçə cinayətkar dəstəsi var. Bir cinayətkar dəstənin üzvləri digər dəstənin üzvlərini tanımırlar. Hacı çeçen milliyyətindən olan 3 qardaşa – Ruslan, Sedek və Hüseynə çoxsaylı cinayətlərın törədilməsini tapşırmışdır (adam oğurluğu, avtomaşınların qaçırılınası).

Çeçen milliyyətindən olan həmin 3 qardaş hal-hazırda bır neçə avtomaşın oğurlayıb. Oğurladığı avtomaşınları və adamları Novxanı kəndində saxlayırlar. Cinayətləri törədəndən sonra avtomaşınları məhv edirlər. Çeçen milliyyətli həmin 3 qardaş Rənanın qonşuları olmaqla, 4-cü mikrorayon, Bınəqədi küçəsi, ev l a, mənzil 4-də və ya 5-də yaşayırlar. Telefonları 69 26 68-dir. Bəzən onlar Hüseynin arvadı Raisanın 339 52 19 nömrəli mobil telefonundan istifadə edirlər. Hüseyn qardaşı Ruslana, Ruslan isə Rənaya danışıb ki, Məmmədov Hacının oğulluğu Ruslan deyib ki, Rövşən Əliyevi şəxsən özü öldürüb və bu cinayətin təşkilatçısı Məmmədov Hacıdır. Ruslanın deməsinə görə, adam oğurluqları ilə bağlı olan cinayət işində Rövşən Əliyev Məmmədov Hacıya çıxmışdır, yəni Hacının həmin cinayətlərdə iştirakını sübuta yetirmişdir. Hacının Rövşən Əliyevi görməyə gözü yox idi. Ona görə kı, onun ayağının altını qazırdı. Hacının bütün yaxın adamları DİN-in işçiləridir. Hacı istədiyi adamı DİN-nə işə düzəldə bilir və çıxartdıra bilir.

Rüstəm Usubov Hacı Məmmədovun bandasını ifşa etməkdən niyə yayınıb?

Hüseyn onun öldürülməsinin əleyhinə olmuş, lakin buna baxmayaraq həmin şəxsi öldürüblər

Məmmədov Hacı cinayətkarları ratsiya ilə təchiz edir və onlar cinayətləri törədərkən onun verdiyi ratsiyalardan istifadə edirlər. Guya hansısa bir nəfər oğurlanmış adamı onlar öldürmüşlər. Məmmədov Hacı onlara demişdir ki, bu adamı mütləq aradan götürmək lazımdır. Hüseyn onun öldürülməsinin əlehinə olmuş, lakin buna baxmayaraq həmin şəxsi öldürüblər. Hüseyn deyir ki, namaz qılmadığına gorə Sidekin arvadını öldürmək lazımdır.

Hüseynin evində səsboğucusu olan 2 ədəd tapancası vardır. Hüseyn Cövhər Dudayevin dövründə polkovnik rütbəsində olmaqla Çeçenistan daxili işlər nazirinin müavini vəzifəsində işləmişdir. Guya Hüseynin Çeçenstan prezidenti vəzifəsinə namizədliyi irəli sürülmüşdür. Hüseynin yanına gələnlər oğurlanmış avtomaşınlarla gəlirlər.

Mənbə şübhələnir ki, çeçenlər onu öldürmək istəyirlər ki…

İçində çeçenlər olan avtomaşının qəzası təşkil edilmişdir. Əvvəl 1 avtomaşın olmuş, maşında kişi ilə qadın olmuşdur. Qəzadan sonra Məmmədov Hacının göstərişi ilə mobil telefondan Hüseynə zəng olunmuşdur kı, həmin çeçenlərlə Hüseynin arasını vurmaqla aralarında düşmənçilik yaradılsın və bu yolla 3 qardaş aradan götürülsün. Hüseynin 52-53 yaşı olmaqla 2 arvadı və 5 uşağı var. Arvadları bütün gün ərzində bır yerdə olurlar və yalnız gecələr öz mənzillərinə gedirlər. Məmmədov Hacı qorxmadan həmin 3 qardaşla görüşür, onlara cib xərcləri verir. Ruslan öz qardaşları Hüseyn və Sedekdən ehtiyat edir. Ruslannm 23 yaşı var. Qardaşı Sedek Xaçarayevin barəsində olan cinayət işi üzrə Ruslan dindirilmişdir. Eyni zamanda belə bır məlumat da var ki, Hacı Məmmədovun bankda işləyən Elçin adlı bacısı və ya qardaşı oğlu Hacıya məlumat vermişdi ki, 1 nəfər milliyyətcə yəhudi olan şəxsin külli miqdarda pulu var və həmin şəxsi onlar oğurlamalıdırlar. Lakin onlar hələlik qorxurlar. Ona görə ki, Hacı Məmmədov hələ onun oğurlanmasına göstərişi verməmişdir. Həmin yəhudi keçmiş İnqlab küçəsində yaşayır. Hacı Məmmədov DİN-də işləməklə polkovnik rütbəsindədir O, Malakan bağının yanında musiqi alətləri mağazasının yerləşdiyi binanın 3-cü mərtəbəsində, qapısı sol tərəfdən olan mənzildə yaşayır. Mənzilin pəncərələri tündləşdirilmişdir. Mənbə adının məxfi saxlanılmasını xahiş edib, ona görə ki, adlarını çəkdiyi şəxslər onun yanında cinayətləri törətdikləri barədə söhbət etmişlər. Onun məlumatının yoxlanılması çox ehtiyatla aparılmalıdır kı, onun şəxsiyyəti təhlillə müəyyən edilməsin. Mənbə şübhələnir ki, çeçenlər onu öldürmək istəyirlər ki, “onların törətdiklərı cinayətlər barədə məlumatlar” yayılmasın.

Məlumatın sonu.

Qeyd:

Adulvaxabov Xuseyn Mitsiyeviç. 1951-ci il təvəllüdlü. Yaşayır: Bakı şəhəri, 4-cü mikrorayon, Əli İsgəndərov küçəsi, ev l v. mənzil 4 və 5.

Abdulvaxabov Sedek. O, Xaçaroyev Ruslan Dayeviç adlı şəxsin sənədi ilə yaşayır, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.

Abdulvaxabov Ruslan Mitsiyeviç. 4-cü mikrorayon, Əli İsgəndərov küçəsi ev 1 v, mənzil 58-də yaşayıb, sonra isə o, həmin mənzili təhvil verib və çıxıb. Hazırda o, Çeçenstana gedib.

Rəna Nəsibovanın verdiyi məlumatın yoxlanılması Rövşən Əliyevin qətlə yetirilməsi faktına görə başlanmış cinayət işi üzrə əməliyyat yolu ilə araşdırılmış, eyni zamanda həmin məlumatlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Eldar Əzizov, Araz Piriyev tərəfindən də yoxlanılmışdır.
“Yeni Müsavat”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir