Cəmiyyət

“Şirkət “pulunu ver, itil cəhənnəmə” prinsipi ilə işləyir” – Kontakt Home niyə şikayətlərə baxmır?

 

Çox sayda alıcının “Kontakt Home” mağazalar şəbəkəsindən şikayəti demək olar ki, bitib-tükənmək bilmir. Müştərilər aldıqları məhsula görə, müxtəlif problemlərlə üzləşdiklərini və mağaza filiallarının onu həll etməkdən boyun qaçırdıqlarını bildirirlər.

Alınan məhsulun xarab çıxması, texniki nasaz olması, bu kimi problemlərə nümunədir. Hətta məhsulun bir növ sığortalanması üçün əlavə ödənişlə verdikləri qızıl zəmanət talonu da bu məqamda köməyə çatmır. Sosial şəbəkə platfomalarında “n” qədər bu kimi şikayətlərə hər gün rast gəlmək olur.

Şikayətçi Meydiyeva Aylinin sözlərinə görə, “Kontakt Home”dan aldığı 800 manatlıq telefon anidən xarab olub. Lakin sözügedən mağaza şəbəkəsi günahı alıcının üstünə ataraq, kömək göstərməkdən yayınıb:

“Kontaktdan aprel ayında 800 azn-lik kreditlə telefon götürmüşəm. Telefon ekranı yazışdığım yerdə qaraldı. Gedib kontakta göstərirəm, zərbə alınıb deyilir, heç bir şey edə bilmərik, söyləyirlər. Ancaq telefona heç bir zərbə dəyməyib. Nə edə bilərəm?”.

Digər şikayətçi isə 14 gün müddətində problemli məhsulu qaytarmaq əvəzinə servisə göndərərək günlərlə onları süründürdüklərini bildirib:

“Dostum “Kontakt Home” mağazasından online sifarişlə “Xiaomi” model telefon alıb. 2-3 gün işlətdikdən sonra təzə olmasına baxmayaraq batareyanın kəskin azalmasını hiss edib. Mağazaya yaxınlaşdıq, servisə müraciət etməyimizi istədilər. Telefona baxış keçirildi, öz mütəxəssisləri baxışdan sonra heç bir problem tapılmadığını dedilər. Daha sonra rəsmi servisə göndərəcəklərini dedilər. Özünə də sadə telefon veriblər ki, götür hələlik işlət. 14 gün ərzində qaytarılma və dəyişdirilmə olduğu halda niyə belə uzadırlar ki?”.

Həmçinin başqa bir şikayətdə servisə göndərilən məhsulların təmir olunmadığını, əksinə ehtiyat hissələrin ustalar tərəfindən dəyişdirildiyi qeyd edilir.

Bizim.Media olaraq redaksiyamıza daxil olan saysız-hesabsız şikayətlərlə bağlı “Kontakt Home” la əlaqə saxladıq. Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin meneceri Vəfa Rüstəmova isə suallara yalnız rəsmi e-mail vasitəsi ilə cavablandıra biləcəyini bildirərək bir növ sualımızdan yayınmağa çalışdı.

Bu halda həm maddi, həm də mənəvi ziyan çəkmiş alıcılar kimə müraciət etməlidir?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya mözvu il bağlı açıqlama verib.

O, bildirir ki, uzun illərdir sözügedən şirkətlə bağlı yüzlərlərlə şikayət alır, lakin hələ də həll yolu tapılmır:

“”Kontakt Home” dan uzun illərdir ki, şikayətlər yağış kimi yağır. Baxmayaraq ki, mən dəfələrlə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişəm. Şikayətlərin çeşidi o qədər müxtəlifdir ki, elektron mallar satılan mağaza şəbəkələrinin ən problemli olanı “Kontakt Home”dur.

Onlar sanki insanları aldatmaq üçün yarışa giriblər, bu yarışın da birincisi sözügedən mağaza şəbəkəsidir. Birinciliyi də heç kimə vermir. Bizə müraciət edən istehlakçılar bildirir ki, aldığı mal bir gün keçməmiş xarab olub və aparıb servisə verib. Lakin 1 il sonra məhkəmə qərarı ilə məhsulun üzərinə faiz də qoyaraq istehlakçıdan onu ödəməyi tələb edirlər.

Bu qurum “pulunu ver mənə, itil cəhənnəmə” prinsipi ilə işləyir. Yəni böyük reklam kampaniyaları, alıcını təntənə ilə qarşılama, endirim kimi məsələlərlə istehlakçıları aldadırlar. Lakin problem çıxdığı halda alıcını görməyə gözləri olmur”.

Ekspertin sözlərinə görə, aidiyyatı qurumlar bu kimi mağaza şəbəklərində güclü monitorinqlər aparmalıdır:

“Mən bu günə kimi 26 ildir ki, istehlakçı hüquq qoruyuram, qurumun rəhbər şəxslərindən bir nəfəri ilə bu tip məsələləri müzakirə etmə imkanı belə tapa bilməmişəm. Bizə illər boyu gələn şikayətlər içərisində işlənmiş, standarta uyğun olmayan malın istehlakçıya satılması kimi hallar müşahidə olunub.

Onlar həmçinin ictimai rəyi bloklamaq üçün güclü siyasət aparırlar.

Bizə daxil olan şikayətlərlə bağlı biz ərizələri “Kontakt Home” un şikayətlər şöbəsinin müdirinə və ya hüquqşünasa göndəririk və adətən bu cəhdlər uğursuz olanda məcbur oluruq ki, şikayətçinin ərizəsini İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərək. Nəticə yenə də uğursuz olur və məsələ məhkəməyə qədər gedir.

Məhkəmələr də şikayətçinin yox, şirkətin tərəfini saxlayır. Sonda günah yenə istehlakçının üzərində qalır və ödənişinə əlavə faiz də qoyulur. Bu ciddi problemdir. Aidiyyatı qurumlar “Kontakt Home” və bu kimi mağaza şəbəkələrində monitorinqlər aparmalıdır”, – deyə E.Hüseynov bildirib.
Bizim.Media

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir