Ötən həftə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev vəzifəsindən azad edildi.
Zirveyolu.info JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu işdən çıxarılmanın səbəbi kimi, bir neçə gün əvvəl həbs olunan generallarla bağlı olduğu deyilir. Lakin prosesin bundan xeyli əvvəl başladığı, məsələnin isə tamamilə başqa bir mövzu ilə bağlı olduğuna dair iddialar var.
Qeyd edək ki, hələ mayın 17-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi DGK-da əməliyyat keçirmişdi. Həmin əməliyyat nəticəsində Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, “İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanov həbs olunmuşdular. Bundan başqa, həmin gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində daha bir əməliyyat keçirib. Əməliyyat zamanı Komitənin şöbə müdiri, Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni Orxan Zöhrabov saxlanılmışdı.
Əslində, bu həbslər prosesin başlanğıcı idi. Çünki bundan sonra digərlərinin həbsi baş verməli idi və baş verdi. Nəticədə, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov, ardıyca əsgərlərə çatacaq siqaretləri satan, gömrük xidmətinin əməliyyat və istintaq baş idarəsinin general-mayoru Məsum Rəsulov həbs olundular.
JAMAZ.İNFO xəbər verir ki, proseslərin Səfər Mehdiyevin üzərində cəmləşməsi səbəbsiz deyildi. Söhbət həbs olunan generallardan da getmirdi. Həmin həbslərə qədər Mehdiyevə bir dəfə xəbərdalıq edilmişdi. Bu xəbərdarlıq da DGK-nın sədri ətrafı ilə birlikdə dövlət büdcəsinə çatmalı olan, lakin müxtəlif maxinasiyalarla mənimsənilmiş 452 milyon manata yaxın puldan ibarət idi. Belə ki, gömrük rüsumlarından yığılan həmin pullar ya rəsmiyyətə salınmayıb, ya da başqa vasitələrlə mənimsənilibmiş. Məsələnin üzəri açıldıqdan sonra Mehdiyev çətin vəziyyətə düşsə də, həmin pulun toplanılaraq, aprel ayında ödəməyə müvəffəq olur. Lakin sonrakı həbslər və daha bir qədər pulun da rəsmiyyətə salınmadan mənimsənilməsi məsələsinin üstünün açılması, komitə sədrinin işdən çıxarılmasının əsas səbəbi olur.
Bəzi iddialara görə, həbs olunan generallar da ifadələrində tutduqları əməlləri təkbaşnı etmədiklərini deyiblər. Onlar əldə etdikləri pulların bir hissəsinin Səfər Mehdiyevə verdiklərini bildiriblər. Tapşırıqları da ondan aldıqlarını söyləyiblər. Hərçənd Mehdiyev onun haqqında deyilənləri təkzib edib, elə ilk gündən bildirib ki, baş verənlərdən xəbəri olmayıb. Lakin onun dediklərinin heç bir faydası olmayıb. Generalların ifadələri əsasında qərar verilib.
Səfər Mehdiyevin həbs olunub, olunmayacağı barədə məsələyə gəldikdə, mənbələr bu barədə konkret fikir bildirə bilmirlər. Onlar keçmiş komitə sədrinin əməllərinə hüquqi qiymət verilməsi üçün siyasi qərarın verilməsini vacib hesab edirlər. Belə bir qərarın verilib, verilmədiyi isə hələlik məlum deyil.