İcra Hakimiyyəti qarşısında özünü yandıran qazinin anasından ETİRAZ – “Bu qədər yalan olmaz axı”
Sabirabad Rayon İcra Hakimiyyətinin binasının qarşısında özünü yandıran Qarabağ əlili Elvin Cəfərovun ölümü cəmiyyətdə böyük rezonans doğurub. Onun yas mərasimində iştirak edən icra başçısı Siraqəddin Cabbarovun qazinin psixoloji problemlərinin olması haqda dedikləri və hadisənin də bundan qaynaqlanmasına işarə etməsi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elvin Cəfərovun dövlətdən hər ay 1000 manata yaxın pul alması haqda açıqlaması mərhumun yaxınlarını narazı salıb.
DİA.AZ-ın məlumatına görə, Elvin Cəfərovun anası Ruqiyyə Cəfərova Bizimyol.info-ya bildirib ki, oğlu 2020-ci il oktyabrın 1-də 44 günlük müharibəyə yollananda heç bir xəstəliyi, psixi və psixoloji problemi yox idi: “Müharibəyə könüllü getmişdi. Sentyabrın 27-də müharibə başladı, o, oktyabrın 1-də getdi. Mən pambıq yığırdım, xəbər çatdı. Birbaşa Hərbi Komissarlığa getdim. Orada onunla danışanda mənə dedi ki, “ay ana, müharibəyə gedən oğlanlardan əskik deyiləm ki”. Şuşa-Laçın dəhlizində yaralandı. Əvvəl Füzulidə, sonra Gəncədə hospitalda yatdı. Oradan Qazaxa apardılar. Qazaxda icra başçısı sağ olsun, tez-tez gəlib baş çəkirmiş. Sonra “Papanin”dəki Mərkəzi hərbi Hospitala gətirdilər. Bir müddət də Maştağada (Respublika Psixiatriya Xəstəxanası) müalicə aldı. Gözünün biri yaxşı görmürdü, qulağının biri yaxşı eşitmirdi. Soyuqda, suda qalmaqdan müharibə vaxtı böyrəyinin biri büzüşmüşdü. Oğlumun müharibədən əvvəl nə psixoloji problemi olub, nə də başqa xəstəliyi. Yaralanmağı da, kontuziyası da müharibədə olub. Psixoloji problemi vardısa, niyə yardım göstərmirdilər? Niyə müalicə eləmirdilər? Maştağada da qardaşının hesabına müalicə aldı”.
Ruqiyyə Cəfərovanın sözlərinə görə, oğlu üçüncü qrup Qarabağ əlili kimi 420 manat pensiya alırdı. Amma son iki ayda pensiyası kəsilmişdi: “İki körpə balası vardı, onları dolandırmaq lazım idi. Dolanışıqda problemlər yarananda gileylənirdi, deyirdi ki, belə yaşayış olar? Qiymət verilməməsindən gileylənirdi. Amma heç vaxt özünə nəsə eləmək barədə deməmişdi. 8 medalı vardı, onlardan 5-ni vermişdilər. Aralarında “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları da vardı. 1 hektar pay torpağımız var, onu da lap çoxdan veriblər. Amma susuzluğa görə əkə bilmirik. Dolanışığa görə onun iki uşağını da götürüb getdim Məmməd müəllimin yanına, iş verilməsini xahiş etdim. Sağ olsun, məni işə götürdü. 66 yaşım var, mənim pensiyam kredit ödənişinə gedir. Hələ 2025-ci ilə qədər kreditimiz var”.
Oğlunun rəsmi şəxslərdən öz qohumları üçün bankda iş istəməsi haqda iddiaların yalan olduğunu deyən Ruqiyyə Cəfərova qazinin ölümündə rolu olanların tapılıb cəzalandırılmasını tələb edir: “Birinci tələbim bu işin hərtərəfli araşdırılması, günahkarların cəzalandırılmasıdır. İkinci tələbim oğluma şəhid statusunun verilməsidir. Mənim oğlum Vətən uğrunda canını fəda edib. Həyat yoldaşı və uşaqlarında bu hadisədən sonra psixoloji dəyişiklik yaranıb. Onların müalicəyə ehtiyacı var. İki körpə balası qalıb. Onların müalicəyə, təhsilə ehtiyacı var. Evləri yoxdur. Evlə təmin olunmalıdırlar. O biri oğlum Bakıda yaşayır, qardaşının balalarının üstündə gözü olsun deyə Bakıda mənzillə təmin olunmalarını istəyirəm. Bunlar mənim balamın haqqıdır”.
Anası əlavə edib ki, Elvin Cəfərovun hadisədən əvvəl kiminlə görüşməsi “məni sındırdı” dedikdə kimi nəzərdə tutması ona məlum deyil. Ruqiyyə Cəfərova yas mərasiminə icra başçısını buraxdıqlarına görə onları qınayanlara, hətta pul aldıqlarını iddia edənlərə də cavab verib: “Deyirlər ki, guya pul almışıq. Bu qədər yalan danışmaq olmaz axı. Mən o oğulun anasıyam ki, könüllü müharibəyə gedib, canını bu Vətənə fəda edib, onun qanını pula satmaram. Ayıb olsun bunu deyənlərə…”
Elvin Cəfərovun qardaşı Elnur Cəfərov da bildirib ki, icra başçısının onlara pul verməsi haqda iddialar yalandır: “Biz yasdayıq, qapımıza düşmən də gəlsə, qovmarıq. Qardaşımın qanını, nəslimi nə pula satanam, nə də satın alanam”.
O, qardaşının dövlətdən ayda 1000 manata yaxın pul alması haqda açıqlama ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyilə əlaqə saxlayıb, deyilənlərin sübutunu istəyib: “Yaşıllaşdırmaya şəxsən özüm işə düzəltmişdim. DOST xidməti düzəltməyib. Anam da özü gedib iki uşaqla iş istəyib, ona iş veriblər. 290-300 manat maaşlı işdi. 11 min manat pul verilməsilə bağlı da sübut istədim. Dedim, mənə kamera görüntüsü verin, sübut təqdim edin. Deyirlər, təsərrüfatı olub, hardadır təsərrüfatı? 20 il olar pay torpaq sahəsi verilib, onu da su yoxdur deyə, əkib-becərmək olmur”.
Elnur Cəfərov da qardaşının ölümünə görə məsuliyyət daşıyanların cəzalandırılması, ona şəhid statusunun verilməsində israrlıdır: “Deyirlər, psixoloji problemi vardı. Elədirsə, niyə seansa göndərmirdiniz, müalicə elətdirmirdiniz? İmkansızlıqdan 5-6 ay idi müalicə almırdı. Bu vətən uğrunda gedib Elvin. İki dəfə yaralı-yaralı qaçıb, qayıdıb müharibəyə. Ona “Mauqli” ləqəbini general Mais Bərxudarov verib. Çünki ermənilərin ağacların başına quraşdırdığı kameraları bir-bir o sökürmüş. 100-dən çox şəhid, yaralı çıxarıb. Psixoloji problemi vardı, müalicə elətdirəydilər. İlk növbədə səbəbkarların cəzalandırılmasını tələb edirik. Ona şəhid statusu verilsin. Özünü geri qaytarmaq mümkün deyil, heç olmasa, bundan sonra uşaqlarının qayğısına qalsınlar. Özüm Avropa və dünya çempionuyam, Bakıda kirayə qalıram. Özümə heç nə istəmirəm. Elvin ev növbəsinə düşmüşdü. Evi Bakıda versinlər ki, mənim də gözüm onların üstündə olsun”.
35 yaşlı Elvin Cəfərov iyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmamışdan öncə video çəkdirib. O, həmin görüntülərdə icra başçısının qəbuluna düşə bilməməsindən şikayətlənir: “Başçının qəbuluna çıxmaq olmur. Niyə? İmamdır, peyğəmbərdir?.. Həyatda hərtərəfli qollarımı sındırdılar. Məni o dərinliyində sındırmağın yeri yox idi…”,- Elvin Cəfərov bildirib.
Elvin Cəfərov iki gün sonra xəstəxanada dünyasını dəyişib. Sabirabad rayonunun Qalağayın kəndində Cəfərovlar ailəsinin qapısındakı yas mərasimində iştirak edən icra başçısı Siraqəddin Cabbarov onu qəbul etməməsi haqda deyilənləri təkzib edib. O bildirib ki, Elvin Cəfərovla bir neçə dəfə şəxsən görüşüb: “İcra hakimiyyəti, bələdiyyə, icra nümayəndəsi tərəfindən imkan daxilində onun istəkləri həyata keçirilib. Həmişə diqqət göstərilən qazilərimizdən, vətən müharibəsi iştirakçılarından olub”.
İcra başçısı Qarabağ əlilinin özünə qəsd etməsinin səbəbi barədə konkret söz deməsə də, onun psixoloji problemləri olduğunu, Maştağada psixiatriya xəstəxanasında müalicə aldığını xatırladıb: “Səbəbi hüquq-mühafizə orqanları araşdırır. Psixoloji durumunda problem olub, bu və başqa səbəblər hərtərəfli araşdırılacaq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov isə bildirib ki, adıçəkilən Qarabağ qazisinə pensiya, təqaüd, maddi yardım və əməkhaqqı formasında ümumilikdə aylıq 958 manat ödənilir.
Onun sözlərinə görə, ötən ilin noyabrında Cəfərova 3-cü dərəcə əlillik təyin edilib. Bununla əlaqədar ona Prezidentin aylıq təqaüdü (300 manat) və aylıq müavinət (120 manat) təyin edilib. DOST İş Mərkəzi də onu 2021-ci ilin mayından aylıq 300 manat əməkhaqqı ilə işlə təmin edib: “Elvin Cəfərovun ailəsinə “YAŞAT” Fondu tərəfindən 2021-ci ildə 6500 manat maddi dəstək olunub. Hərbi səbəbdən 3-cü dərəcə əlilliyə görə “Azərsığorta” da 4400 manat sığorta ödənişi edib”.