Xətai rayonu 3 saylı Uşaq evində növbəti dəhşətli görüntülər ortaya çıxıb. İddialara görə Qurban bayramı ilə əlaqədar Uşaq evinə müxtəlif imkanlı şəxslər tərəfindən gətirilən qurbanlıq ət və heyvanlar müəssisə rəhbəri Məhbubə Hüseynovanın sürücüsü tərəfindən satılıb.
Zirveyolu.info xəbər verir ki, bununla bağlı görüntüləri Bizim.Media-ya 3 saylı Uşaq evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva təqdim edib.
Görüntülərdə iddia olunur ki, iyulun 11-də Uşaq evinə bir neçə şəxs tərəfindən qurbanlıq əti gətirilir, bir qədər sonra isə qutularla dolu ət müəssisə rəhbəri Məhbubə Hüseynovanın avtomobilinə daşınır. Kadrlarda həqiqətən də içində nə olduğu bilinməyən qutuların avtomobilə daşınması əks olunur.
Gülcan Nağıyevanın iddiasına görə Məhbubə Hüseynova sürücüsünə Uşaq evindən çıxarılan ətlərin satılmasını tapşırıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan 3 saylı Uşaq evinin rəhbəri Məhbubə Hüseynova sözügedən iddialarla razılaşmayıb.
O, deyib ki, Uşaq evinə gətirilən qurbanlıq əti çox olduğundan hər işçiyə 2 kq olmaqla ət paylayıb:
“O, qutunun içini görüb? Nə bilir ətdir, ya şüşədir. Fərz edir sadəcə… Onu deyim ki, Qurban bayramı olduğu üçün bütün işçilərimə ət vermişəm. Uşaq evinə həddən artıq ət gəlir, iylənməkdənsə, zibil yeşiyinə atmaqdansa, arxayın olaram ki, işçimin evində qazan qaynayır.
Hərəsinə 2 kq-dan ət verilib. Açığını deyim sizə ki, Gülcan ümumiyyətlə bizə sataşır. Çünki yanvar ayında aramızda problemlər yaşandı və münaqişə də oradan başladı. İndi də hər şey qurtarıb, güncdə-bucaqda gizli foto və videolar çəkir.
Deyir, görün mən buranı dağıdıram, ya yox… Dilə gətiriləsi olmasa da, o qadında nəsə psixi pozuntular var. Biz böyütmüşük, oxutmuşuq, ərə vermişik. Axırda onu öz yanıma işə düzəltmişəm. Bu da bunun çox sağ oludur”. Məhbubə Hüseynova məsələdən rayon polis şöbəsinin də məlumatı olduğunu bildirib.
Qeyd edək ki, Gülcan Nağıyeva Məhbubə Hüseynovanın qurbanlıq ətlərin işçilərə paylanması ilə bağı məsələyə münasibət bildirib:
“Yalandır, o ətlər satmağa aparılıb. Əgər işçilərə ət paylanıbsa, mənə niyə verilməyib? Mən də oranın işçisiyəm”, – deyə şikayətçi etiraz edib.
Xatırladaq ki, bundan əvvəl sözügedən Uşaq evində 6 yaşlı Nuranın suçiçəyinə yoluxması, qızdırm içində olmasına baxmayaraq həkim nəzarətindən kənarda qalması ilə bağlı görüntülərini ictimailəşdirmişdik.
Onu da bildirək ki, ötən ilin oktyabrında 3 saylı Uşaq Evində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi araşdırma aparıb. Müəssisədə bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.
VİDEO BURADA: https://player.bizim.media?v=8601&share_user_id=