Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin onlayn bilet satışı fırıldağı – Boş yerlərin sayı gizlədilir
Yay aylarında insanların ən çox üz tutduğu məkanların istirahət guşələri olması heç kəsə sirr deyil. Özəlliklə Nabran turbazasına insanların axışı daha çox iyul -avqust aylarında pik nöqtəsinə çatır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti isə sərnişinlərin gediş-gəlişini təmin etmək istəmir. Bəli, bəli, istəmir. Təsəvvür edin, Nabrana gündə cəmi bir reys var, ona da onlayn bilet sifarişinə süni qadağa qoyulub.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin saytında qeydiyyatdan keçib bilet sifariş etmək istəyənlər öncə biletin dəyərini və boş yerlərin sayını əks etdirən məlumatla qarşılaşırlar. Yer seçimi bölümünə keçəndə isə bəlli olur ki , boş yer ya bir dənədir, ya da yoxdur. Bəs axı 18 yerlik Hyundai avtobusunda boş yerlərin sayı, məsələn, 11 göstərilib? Belə çıxır ki, biletlər gizlədilir? ! Biz hələ onu demirik ki, Nabrana çatandan sonra hər sərnişindən əlavə 2 manat (əvvəllər 1 manat idi ) alınır ki, Nabranın olmayan avtovağzalından qıraqda saxlamaq xərcidir. Soyğunçuluğa baxın, Bakıdan Nabrana gediş haqqı 5 manat, Nabrandan Nabrana əlavə 2 manat! Belə rüşvət – korrupsiya xidmətindən kim incisə də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, yanındakı Dövlət Avtomobil Nəqliyyatı Xidməti, İqtisadiyyat Nazirliyi, yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inciməz, yəqin. Heç hökumət də incimir. İndiyədək Nabranda son dayanacağın yerini bəlirləmək istəməyən ( axı bəlirlənsə, əlavə 2 manatdan məhrum olacaqlar ) nəqliyyat xidmətindən istehlakçı hüquqlarının qorunmasını gözləməyə dəyməz.
Onu da vurğulayaq ki, sərnişinlərin avtovağzaldan ayrı-ayrı yerlərə getməsini təmin etmək elə avtovağzalın üzərinə düşür. Yerli əhəmiyyətli marşrut avtobusları açmaq çətin deyil və xidmət borcudur .
Necə ki, məsələn, hava limanından şəhərə marşrut(lar) təşkil olunur.
Bəlkə Nabrana da AZAL -ın uçağı ilə gedək? Onda bilet tapılacaq? Nabran “aeroport”undan avtobuslar təşkil olunacaq? Çətin. . Bizim hökuməti insanların rifahı yox, şəxsi cibi düşündürür! (?)
Məğrur Bədəlsoy