Keçmiş işçisi Şahin Bağırovu o ki var TƏRİFLƏDİ… – “12 il Komitənin mərkəzi aparatında xidmət göstərsəm də…”
Keçmiş gömrük əməkdaşı Natiq İmanov Dövlət Gömrük Komitəsinə sədr əvəzi gətirilən Şahin Bağırov haqda fikirlərini açıqlayıb. TİA.Az keçmiş komitə sədri Səfər Mehdiyev tərəfindən həbsə atılan N. İmanovun sədr əvəzi haqda dediklərini təqdim edir:
“Məlum olduğu kimi 18 iyul tarixində Dövlət Gömrük Komitəsinə yeni təyinat oldu. Hesab edirəm ki, sədr vəzifəsinin müvəqqəti icrasının məhz Şahin Bağırova həvalə edilməsi xüsusilə sevindirici bir haldır. Çünki Şahin Bağırov savadlı, dünyagörüşlü ən əsası isə sadə bir insandır. Dövlət Gömrük Komitəsində fəaliyyəti dövründə işgüzar general, qayğıkeş bir insan kimi tanınıb. Onun sözlərinə görə, Ş. Bağırov kabinetində oturub əmr verən generallardan deyil, əlində sənəd inspektorlarla birgə işləyən general olub: “Hər bir görmükçü işə qəbul olunanda gömrük akademiyasında kurs keçirdi. Şahin Bağırov yeganə general idi ki, bizə akademiya dərs keçirdi. Onun gömrüyə olan sevgisi, peşəkarlığı biz kursantları da həvəsləndirirdi. Kursantlara, savadlı kadrlara elə qayğı göstərirdi ki, onun bir general olduğunu hiss etmirdik. Təəssüflər olsun ki, 2018-ci ildə yeni rəhbərlik təyin olunan zaman bütün peşəkarlar komitədən uzaqlaşdırıldığı kimi o da vəzifəsindən kənarlaşdırılmışdı. Çünki belə bir korrupsiya yuvasında təmiz insan işləyə bilməzdi.
Nəzərinizə çatdırıram ki, komitəyə 2018-ci ilin aprel ayında yeni sədr təyin olunmuş iyul ayında isə Şahin Bağırov vəzifəsindən kənarlaşdırılmışdı. Media və sosial şəbəkələrdə ictimaiyyətə məlumdur ki, mən də 2018-ci ilin sentyabr ayında haqsız olaraq həbs edilmişəm. Təəssüflər olsun ki, məhkəmə və aidiyyəti dövlət orqanlarına qurumda baş verən korrupsiya faktlarını dediyim üçün mənə qərəzli mövqe tutulduğunu bəyan etsəm də, onlar hazırda dövlət vəsaitini mənimsəmə maddəsi ilə təqsirli bilinən hətta həbs olunan Məsum Rəsulovun və onun təlimatı əsasında hərəkət edən Rəfael Əhmədovun verdiyi şəryaxan ifadələrini əsas götürmüşdü. Halbuki cəmi beş gün şöbə rəisi vəzifəsinə təyin olunsam da hansı ki, onun da iki iş günü deyildi, mənim heç bir sənədi imzalamağa səlahiyyətim olmamış və heç bir sənəd imzalanmışdır. Bildiyiniz kimi korrupsiyaya qarşı bütün əməliyyatlar qanunvericiliyə uyğun olaraq DTX-nın iştirakı ilə keçirilməli olduğu halda mənə qarşı keçirilən qərəzli tədbir heç bir məhkəmə qərarı olmadan DTX iştirakı olmadan keçirilmişdi. Müraciətlərimdə də dediyim kimi 12 il Komitənin mərkəzi aparatında xidmət göstərsəm də bu müddət ərzində kirayə mənzildə yaşamış, ikinci qrup Çernobıl əlili olan atam tərəfindən hədiyyə olunan maşından başqa heç bir mülkə sahib olmamışam.
İqtisadiyyat Universitetinə yüksək balla qəbul olub, universitetin bakalavr və magistr dərəcələrini bitirmişəm. Komitədə fəaliyyətim dövründə təşəkkür, fəxri fərman və xüsusi rütbələrlə təltif olunmuşam. Çox təəssüflər olsun ki, Gömrük orqanlarında audit komissiyasının bir üzvü kimi korrupsiyaya qarşı apardığım mübarizə iki azyaşlı övladımın uzun müddət atasız, acınacaqlı vəziyyətdə yaşamasına, özümün isə həbs olunmağıma səbəb olmuşdu. Nəzərinizə çatdırıram ki, Cənab Prezidentin 27 may 2022-ci il tarixli sərəncamı ilə əfv olunmuşam. Pozulmuş hüquqlarım barədə verdiyim şikayət isə hazırda Avropa məhkəməsinin icraatındadır. Aiddiyati dövlət orqanlarına müraciətimdə bildirdiyim kimi bundan sonra da Gömrük orqanlarında baş vermiş şahidi olduğum pozuntular və kənarlaşmalar barədə məlumat verməyə hazıram. Yeni təyinat barədə qeyd etmək istərdim ki, ümid edirəm Şahin Bağırovun təyinatı onun bir peşəkar kimi ciddi islahatların aparılmasına səbəb olacaq gələcəkdə sədr təyin olunması ehtimalı isə nəinki dövlətin yaralı yeri olan gömrük sisteminə hətta ölkə iqtisadiyyatına böyük töhfə olacaqdır”.
Natiq İmanov hüquqlarının müdafiəsi uğrunda sonadək mübarizə aparacağını bildirib.