Naxçıvanın Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyevin QƏLƏMİ QIRILIB… – İLGİNC İDDİALAR…
Muxtar Respublikanın Miqrasiya Xidmətinin rəisi, general mayor Şahin Nəbiyevin qələmi qırılıb. Yaxın günlərdə onun vəzifədən qovulacağı gözlənilir.
Gundem.media xəbər verir ki, ovqat.com-a bu barədə məlumat Naxçıvan Ali Məclisindəki etibarlı mənbədən daxil olub.
Mənbənin bildirdiyinə görə, Şahin Nəbiyevin məhz bu səbəbdən bir neçə gün əvvəl – iyulun 16-da Ali Məclisin 7-ci sessiyasında iştirak etməsinə icazə verilməyib. “Ali Məclis hər nə qədər deputat yığıncağı olsa da, Muxtar Respublikanın icra strukturlarının rəhbərləri də onun sessiyalarına qatılır, üstəlik, ön cərgələrdə otururlar. Deputatlardan biri cəsarət tapıb “xan” həzrətlərinə deyə bilmir ki, zati-aliləri, iclaslara topladığınız bu məmurlar axı nə karədirlər, gəlib bizim önümüzü kəsirlər? Çıxaracağımız qərarlara yersiz müdaxilələrdə bulunur, iclaslarda əsasən onlar danışır və özlərinə sərfəli qərarları bizə qəbul etdirirlər?”, – mənbəmiz bildirir.
Qaynağımızın iddiasına görə, Şahin Nəbiyev belə sessiyalardan heç vaxt yayınmaz və “xan” həzrətlərinin gözünə girmək üçün həmişə digər məmurlarla ön cərgədə oturmaq yarışına girərdi. Son sessiyada isə onu görən olmayıb. Bu isə Şahin Nəbiyevin “xan”ın növbəti qurbanı olacağı ehtimalından irəli gəlir.
İddialara inansaq, Şahin Nəbiyevin “xan” həzrətlərinin gözündən düşməsinin çox ciddi əsasları var: “Əvvəla, o, savadsız biridir. Hətta adını belə, düzgün yaza bilmir. Təsəvvür edin ki, onun savadsızlığı “XX əsr” sözünü düzgün oxuya bilməyən qibleyi-aləmin də gözündən yayınmayıb. Dəfələrlə savadsızlığından yol verdiyi xətalar “xanı” dilə gətirib. Şahin Nəbiyevi səhvlərindən dolayı bir neçə dəfə nəyi var danlayan “xan” həzrətləri bir də bənzər hadisələrin təkrarlanacağı təqdirdə onu işdən qovacağı ilə hədələyib. Hətta barəsində Sərəncam belə hazırlayıb, lakin son anda “xan”ın böyük oğlu Rza Talıbovun araya girməsi ilə general-mayor Nəbiyev öz vəzifəsini qoruyub”.
Mənbəmiz bildirir ki, Şahin Nəbiyev Rza Talıbovun adamıdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi Rza Talıbovun onu öz himayəsi altına alması təsadüfi deyil. Axı necə olsa, Şahin Nəbiyev onun kurasiyasındadır və Rza Talıbova da onun savadı yox, imzası lazımdır.
Şahin Nəbiyevin indiki vəzifəsinə yüksəlməsinin daha maraqlı tarixçəsi var. Bildirilir ki, o, bir müddət əvvəl hakimiyyətdən uzaqlaşdırılmış Naxçıvan Daxili İşlər Nazirliyinin sabiq rəhbəri Fazil Ələkbərovun yaxın qohumudur. Hazırkı vəzifəsinə gətirilməmişdən əvvəl Naxçıvan Miqrasiya Xidməti Sədərək Gömrük Məntəqəsinin rəisi işləyən Şahin Nəbiyevin ulduzu qohumu Fazil Ələkbərovun cənab “xan”la quda olmasından sonra parlamağa başlayıb. F. Ələkbərov Naxçıvan DTX-nın rəisi təyin edildikdən qısa müddət sonra onu Sədərəkdəki məntəqədən götürüb Naxçıvana – MR Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə gətirib. Bununla da kifayətlənməyib, özünün Atabəylər məhəlləsindəki mənzilini də Şahinə bağışlayıb. Bir sözlə, bu adamın əlini çörəyə çatdırıb. Şahin Nəbiyevin öz qohumuna “sağol”u isə onu su qiymətinə “xan” həzrətlərinə satması olub. Deyilənlərə görə, Fazil Ələkbərovla “xan” həzrətlərinin qudalığı pozulan kimi, Şahin Nəbiyev Talıbovların yanında yer alıb. Öz qohumu barədə əlində olan bütün məlumatları Rza Talıbova ötürməklə öz postunu saxlamağa çalışıb və buna nail ola da bilib.
Sözsüz ki, bütün sədaqətinə baxmayaraq, Şahin Nəbiyevin taxtı da, Fazil Ələkbərovla xan həzrətlərinin arası açıldıqdan sonra, laxlamağa başlayıb. Ən xırda səhvi onun öz kreslosunu itirməsinə kifayət edəcək vəziyyətə gəlib. Limiti doldurmaq isə Şahin Nəbiyev üçün o qədər də “çətin” məsələ deyildi. Di gəl ki, Şahin Nəbiyevin sonuncu səhvi öz çəkisindən də olub.
Bildirildiyinə görə, o, 17 aprel 2021-ci il tarixində imzaladığı 488 saylı qərarla Türkiyəli iş adamı Oba Ali Serdar Fahri oğlunu beş il müddətinə Azərbaycan Respublikasından deportasiya edib. Qərarda Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 79.1.1-ci və 79.2-ci maddələrinə istinad olunub. Halbuki həmin maddələr iş oturumu alan əcnəbilər üçün nəzərdə tutulub. Ali Serdar Oba isə Naxçıvanlı bir xanımla evli idi və oturum icazəsini də məhz bu fakta əsasən almışdı. Dolayısıyla haqqında çıxarılan maddələr ona şamil edilə bilməzdi. Görünür, Şahin Nəbiyevin savadı çatmadığından iş oturumu ilə evlilik oturumu arasındakı fərqi ayırd edə bilmədiyi üçün bu ciddi səhvə yol verib. Ali Serdar Oba da məhz həmin faktı əsas götürüb Şahin Nəbiyevi məhkəməyə verib və Türklər demişkən, bu işin “peşini buraxmaq” niyyətində deyil.
Naxçıvan məhkəmələri Şahin Nəbiyevin tərəfini tutmasına baxmayaraq, Ali Serdar Oba bu məsələni paytaxta daşıyıb. Azərbaycan Ali Məhkəməsində də öz haqqını bərpa edə bilməsə, yəqin ki, beynəlxalq məhkəmələrə üz tutmalı olacaq. Nəticədə “Xan” həzrətlərinin Azərbaycanla Türkiyə arasında “qaratikan” kolu kimi dayanması faktı tam çılpaqlığı ilə orta çıxa və beynəlxalq skandala yol aça bilər. Mümkündür ki, Vasif müəllimə Türk əslli iş adamlarına qarşı bu təhlükəli inadından vaz keçməsi və iki qardaş ölkə arasında xoşagəlməz problemlər yaradan maneələri ortadan qaldırması məsləhət bilinib. O da çarəni zindeyi-zəhləsi getdiyi Fazil Ələkbərovun qohumunu güdaza verməklə özünü sudan quru çıxarmaqda görüb.