“Birinci Qarabağ müharibəsində döyüşmüşəm və 1992-ci ildə ağır yaralanmışam. Güllə belimdən girib, sinəmdən çıxıb, qarnım yırtıq-yırtıqdır. 1999-cu ildən ikinci qrup əlil kimi pensiya alırdım. 6 aydan çoxdur ki, heç bir əsaslı səbəb göstərmədən pensiyamı kəsiblər”. Zirveyolu.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Masallı rayonunun Təzə Alvadı kəndindən olan Birinci Qarabağ müharibəsi əlili Hikmət Allahverdiyev müraciət edib.
O bildirib ki, müharibədə aldığı güllə yarasına görə əmək qabiliyyətini itirib. Üç övladını 20 ildən çoxdur ki, əlil kimi aldığı pensiya ilə dolandırıb: “Mən müharibə əliliyəm, əvvəllər Prezident təqaüdü ilə birlikdə 600 manata yaxın pensiya alırdım. 6 aydan çoxdur ki, pensiyamı kəsiblər. İyun ayının 8-i komissiyadan keçsəm də, iyulda mənə “imtina” cavabı gəlib. Bəs bu neçə ildə hökumət mənə pensiyanı boş yerə verib? Bəs mən bu vəziyyətdə nə edim? İndi ac-susuz evimdə oturmuşam. Çox pis gündə yaşayıram, balalarım acdır. Qardaşım 3-5 manat köməklik edir, onun ümidinə yaşayıram…”
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdik. Agentliyin məktbuat katibi Tural Qurbanov sorğumuza cavab olaraq bildirilib ki, Allahverdiyev Hikmət Ağaverdi oğlu, əlilliyinin qiymətləndirilməsi məqsədilə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib: “H. Allahverdiyevin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib. Bu baxımdan, qanunvericiliyə uyğun olaraq ona imtina qərarı verilib”.