İnam Kərimov 100 min hektarlıq İNAMIMIZI ÖLDÜRDÜ… – etiraf etdi… amma istefa vermədi…
Ölkədə taxıl biçini, demək olar ki, yekunlaşıb. İyunun 26-dək ölkə üzrə 456.556 hektar sahədə növbəti mövsüm üçün proqnozlaşdırılan taxıl əkini sahələrinin 50,6 faizində yay şumu aparılıb. Ancaq bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Real TV-yə müsahibəsində bildirib. O qeyd edib ki, eyni hal 2020-ci ildə də yaşanıb və gələcəkdə quraqlığa görə bu kimi halların yaşanması gözlənilir. İqtisadçılara görə, ölkədə 1 milyon hektar sahədə dənli bitkilər, 600 min hektarda buğda, 400 min hektarda isə arpa əkilib. Açıqlanan rəsmi məlumata əsasən, artıq 100 min hektarda əkilən məhsul məhv olubsa, deməli, bu il son məhsulun həcmi xeyli azalacaq. Maraqlıdır, 100 min hektarda əkilən məhsul məhv olubsa, bu hal məhsuldarlığa necə təsir edəcək?
Yeri gəlmişkən, hazırda dünyanın qarşılaşdığı böyük problemlərdən biri də ərzaq təhlükəsizliyi ilə bağlıdır. Bunun səbəbi əhalinin sürətlə çoxalması, ərzağa olan tələbatın artması, ərzaq məhsulları istehsalının isə azalmasıdır. Mütəxəssislər ərzaq istehsalının azalmasını həmçinin dünyada baş verən iqlim dəyişikliyi ilə əlaqələndirirlər. Belə ki, bir yandan leysan yağışlar əkin sahələrini sıradan çıxarır, digər tərəfdən quraqlıq üzündən münbit torpaqlar səhralaşmağa başlayır. Bu problemlə bağlı vəziyyəti koronavirus pandemiyasının yaratdığı çətinliklər daha da ağırlaşdırdı. Üç ilə yaxın davam etmiş pandemiya təchizat zəncirinin qırılmasına səbəb oldu. Dünya bu xəstəliyin fəsadlarını aradan qaldırmağa macal tapmamış digər problemlə üzləşdi. Rusiya-Ukrayna münaqişəsi çətin olan vəziyyəti daha da gərginləşdirdi. BMT mütəxəssislərinin hesablamalarına görə, dünyada 40 milyon insanın çörəklə təminatı risk altına düşüb. Dia.az-ın məlumatına görə, iqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Ən son statistikaya görə, Azərbaycan ərazisində 1 milyon 900 min hektar taxıl əkilib, bundan 677 mindən bir qədər artıq buğda, 331 mindən bir qədər çox isə arpa əkinidir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkə miqyasında iyun ayı üzrə taxıl biçini statistikası verilib və qeyd olunur ki, 2021-ci illə müqayisədə 100 min hektar daha çox taxıl biçini aparılıb. Ümumi taxıl biçini aparıldığı ərazi 305 min hektardır. 305 min hektarda 923 min ton taxıl yığılıb. Görünür, burada hər hektardan orta məhsuldarlıq 30.2 sentner olub. Burada rayonlar üzrə məhsuldarlığa toxunmaq istəyirəm. Göstərilir ki, arpanın ən aşağı məhsuldarlığı Abşeronda olub. Arpa üzrə ən yuxarı məhsuldarlıq isə Sabirabadda olub. Abşerona 12.5 sentner, Sabirabadda 37.7 sentner. Amma buğda üzrə yenə də Abşeron və Hacıqabulda aşağı məhsuldarlıq göstərilib, hər ikisində 19 sentnerdir. Amma Bərdədə məhsuldarlıq ən yüksək olub, hər hektardan 44.3 sentner məhsuldarlıq əldə olunub. Qeyd etdiyim kimi, ən aşağı 19, ən yüksək 44, 3 sentnerdir, amma ortalama hesablasaq, 30.2 sentner düşür. Bu statistik məlumatı verməkdə məqsədim ”əgər quraqlıq səbəbindən taxıl məhv olmasaydı, məhsuldarlıq necə dəyişərdi” sualına cavab verməkdir. Sadə bir riyazi hesablama aparsaq görərik ki, ortalama Azərbaycanda 1 milyon hektar ərazidə taxıl əkilibsə və bunun yüz min hektarı məhv olubsa, bu, təqribən 10 faizli məhv olma statistikasıdır. Yəni torpaq əkin sahələrinin 10 faizi quraqlıqdan məhv olub. O zaman həmin statistikaya baxaq. Əgər orta məhsuldarlıq 30.2 sentnerdisə və 10 faiz məhv olmasaydı, 10 faizdən də 30.2 məhsuldarlıq götürərdiksə, o zaman bizim orta məhsuldarlıq 33.3 olacaqdı. Yəni əgər 100 min hektar əkin sahəsi məhv olmasaydı, orta məhsuldarlıq 10 faiz artmış olardı. Çünki məhv olmuş ərazinin həcmi ümumi ərazinin 10 faizini əhatə edir. Nəticədə məhsuldarlıq (arpa, buğda) 30.2 yox, 33.3 sentnerə qədər arta bilərdi”.
Ekspert məhv olmuş həmin ərazilərlə bağlı nə kimi qabaqlayıcı tədbirlərin görülməsindən də danışdı: “Nəzərə alsaq ki, Cənubi Qafqazda Azərbaycan su ehtiyatının cəmi 10 faizinə sahibdir. Gürcüstan 62, Ermənistan 28 faizinə sahiblənib. Azərbaycanın da sahib olduğu 10 faiz su ehtiyatının 70 faizi transsərhəd çayların hesabına ödənilir. Su ehtiyatlarımız çox aşağı səviyyədədir. Kənd təsərrüfatı məhsullarının, əkin sahələrinin planlaşdırılması zamanı həm su ehtiyatlarını, həm də illik iqlim normalarını, o cümlədən digər riskləri elə hesablamaq, planlamaq lazımdır ki, gözümüzü dikdiyimiz 600 hektarlıq taxıl sahəsindən və digər arpa sahələrindən məhvolma xəbərlərini almayaq. Təbii olaraq hər il bu cür hadisələr baş verir, bu da iqlim normalarında olan dəyişkənlikdən irəli gəlir. Amma düşünürəm ki, daha dəqiq planlaşdırma və daha fərqli yanaşma tətbiq etməklə bu itkini biz azalda bilərik. Biz elə texniki bitkilər əkirik ki, bitkilər ciddi strateji əhəmiyyətə malik olmasalar da, Azərbaycanda böyük su, torpaq ehtiyatlarını mənimsəyir. Sonra da torpaqları şoranlaşdırır, şoran torpaqlar isə sıradan çıxır. Ona görə də düşünürəm ki, bu tip torpaq və su ehtiyatlarının hesabına daha strateji məhsulları, o cümlədən də taxıl məhsullarının əkinini həyata keçirə bilərik”.