15 il əvvəl Xəzər dənizində qazma quyularında onurğa sütunundan xəsarət alan, əməliyyatdan sonra da səhhətindəki problem aradan qalxmayan Nəriman Abdullayev bu səbəbdən ikinci qrup əlil kimi, 13 il pensiya alıb. 2021-ci ilin iyunundan sonra onun əlillik müddətini uzatmaqdan imtina ediblər. Deyiblər ki, hazırkı durumuna görə ona əlillik dərəcəsi düşmür. Bu üzdən pensiyası da kəsilib.
Zirveyolu.info-ın məlumatına görə, Nəriman Abdullayev Meydan TV-yə bildirib ki, hazırda nə təqaüd ala bilir, nə də səhhətindəki problemlərə görə işə götürülür:
“Bəzən ağrıdan dayana bilmirəm, bəs mən lazım olan dərmanları necə alım? Hardan pul tapım? Səhhətimdəki ciddi problemlər işləməyə imkan vermir, bunlar da pensiya vermirlər ki, “yox, sağalmısan”. Belə biabırçılıq, bu qədər yalan olar? Mən acından ölməliyəm?!”
Nəriman Abdullayev hazırda onurğa sütunu üçün korsetlə gəzir, əl ağacından istifadə edir. Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan 57 yaşlı keçmiş neftçi 1985-ci ildən bu sahədə çalışıb. Öncə Tamponaj İdarəsində Kompleks qazma işləri üzrə trestdə sürücü-motorçu işləyib. Sonradalan başqa vəzifələrdə çalışıb.
1988-ci il noyabrın 2-də ikinci qrup əlilliyə gətirib çıxaran peşə xəstəliyinə tutulub – ayaqları yeriməyib, iki il yataq xəstəsi olub. Müalicə olunandan sonra 1993-cü ildə yenidən işə götürülüb.
2006-cı il dekabrın 31-də gecə Qum adası yatağında (Bahar buruqları quyusu) növbə dəyişikliyi zamanı qazma qurğusundan gəmiyə keçərkən eniş meydançası qırılıb. Nəticədə Nəriman Abdullayev dənizə düşüb. Onun sözlərinə görə, qazma qurğusunun altında onu uzun müddət axtarıblar, xeyli cəhdlərdən sonra xilas ediblər:
“Həmin vaxt kürəyimdən güclü zərbə almışdım. O vaxtdan onurğa sütunumda və belimdə dəhşətli ağrılar var. Onurğa sütunumda xəsarət, peşə xəstəliyi və ikinci qrup əlillik səbəbindən 2008-ci il iyunun 21-də işdən azad edildim…”.
Nəriman Abdullayevin əlilliyi əvvəllər hər il yenidən təsdiqlənirdi və o, pensiya alırdı. 2016-cı ildə dəyişiklik olub və əlillik müddəti 5 illik təsdiqlənib. 2021-ci ilin iyununda müddətin başa çatması əsas gətirilərək, pensiyası dayandırılıb.
“Qaradağdakı 23 saylı xəstəxananın baş həkimi məni 4 dəfə təkrar müayinəyə göndərib. Hər dəfə MRT-dən (Maqnit Rezonans Tomoqrafiya) keçmişəm. Həm MRT-nin, həm də EMQ-nin (Elektromioqrafiya) nəticələrini, epikrizləri əlavə edib göndərmişəm. Keçən il avqustun 25-dən sentyabrın 2-nə qədər də Neftçilər xəstəxanasında müayinələrim aparılıb. Mənə “Bel sütununun sol L4 köklərinin sıxılması (hemilyanin ektomiyasi), L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonrakı vəziyyət, kürək fəqərələrinin osteoxondrozu, uzunmüddətli kəskin ağrılı diskogen radikulopatiya, sağ ayağın parezi, ağır asteno-nevrotik vəziyyət diaqnozu qoyulub. Sonradan Neftçilər xəstəxanasında bir də müayinədən keçdim. L4-L5 fəqərələri arasında yırtığın çıxarılmasından sonra kürək fəqərələrinin diffuz osteoxondrozu diaqnozu da əlavə olundu. Bu il yanvarın 31-də Respublika Kliniki Xəstəxanasında dördüncü dəfə müayinə olundum, orada da diaqnozlar təsdiqləndi. Buna baxmayaraq, əlilliyimi təsdiq eləməkdən imtina elədilər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nəriman Abdullayev yanvarın 25-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində də müayinə olunub:
“Məlum olub ki, tibb müəssisəsinin onurğa sütununda zədələnmələr haqqında diaqnozu təsdiq edilmir. Ümumilikdə Nəriman Abdullayevin vəziyyəti ona əlil statusunun verilməsi üçün əsas vermir”.
Nazirlik vurğulayıb ki, Azərbaycanda əlilliyin müəyyən edilməsinin yeni meyarları tətbiq edilir. Daha əvvəl sağlamlıq vəziyyətilə əlaqədar müavinət alan bəzi insanlar bu meyarlara uyğun deyil:
“Təkrar attestasiya zamanı vətəndaşın əlil statusu olmadan normal yaşamaq iqtidarında olduğu müəyyən edilsə, onun daha əvvəl aldığı müavinətlər xəzinəyə qaytarılmır. Vətəndaşlar komissiyanın qərarından məhkəməyə şikayət vermək hüququna malikdilər”.
Nəriman Abdullayev də bu ilin aprelində məhkəməyə üz tutub. Onun hüquqlarını məhkəmədə vəkil Rauf Əzimov müdafiə edib. Vəkilin əsas arqumentlərindən biri bu olub ki, qanunvericilik 10 il fasiləsiz əlil kimi təqaüd almış adama münasibətdə belə davranışı qadağan edir. O vurğulayıb ki, 13 il ərzində ciddi xəstəliklərdən əziyyət çəkən, bu müddətdə sağalmayan adamın indi sağalması məntiqli deyil. Vəkil məhkəmədə vurğulayıb ki, bütün bunlar əsas götürülməli, sabiq neftçinin şikayəti təmin olunmalıdır.
Məhkəmədə cavabdeh qismində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi isə buna etiraz edib, Nəriman Abdullayevin iddiasının təmin olunmamasını istəyib.
Bakı İnzibati Məhkəməsinin hakimi Mehriban Qarayeva iyulun 26-da Nəriman abdullayevin xeyrinə qərar verib – onun şikayəti təmin edilib.
“Bu qurum bilə-bilə ki, haqsızdılar, yenə də bu cür məhkəmə qərarlarından yuxarı instansiyalara şikayət verir. Məqsəd insanları süründürməkdir. Adama deyərlər ki, əgər təqaüd vermirsənsə, sağaldığımı iddia edirsənsə, buyur, məni SOCAR-dakı işimə bərpa elə…”, – keçmiş neftçi əlavə edib.