“Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək olmur…” – Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
İkinci Qarabağ müharibəsi iştirakçıları yerli icra hakimiyyətlərindən narazıdır.
Beyləqan sakini, 1985-ci il təvəllüdlü Elçin Paşayev də müharibə başlayandan sonra könüllü döyüşlərə getdiyini deyir.
Zirveyolu.info-ın məlumatına görə, o, Meydan TV-yə bildirib ki, heyvandarlıq və təsərrüffatla məşğul olmaq məqsədilə Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət edib.
Dediyinə görə, qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev hər dəfə ona müxtəlif bəhanələr gətirib:
“Pandemiyadan öncə Rusiyada yaşayıb, işləyirdim. Müvəqqəti olaraq Azərbaycana gəlmişdim. Sentyabrın 27-də müharibə başladı. Növbəti gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getdim. Yalvardım ki, döyüşlərə qoşulmaq istəyirəm. Oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı kəllə-beyin travması ilə Əhmədbəylidəki hərbi hospitala yerləşdirilmişəm”.
Elçin Paşayev deyir ki, hospitalda uzun müddət qalmayıb, təkrar döyüş bölgəsinə qayıdıb:
“Həkimə dedim ki, əlim-ayağım yerindədir, məni burax, döyüşə gedirəm. O da dedi ki, siz şokdasınız, bir neçə gün də xəstəxanada yatmalısınız. Xəstəxanada qalmadım, təkrar gəlib Beyləqandakı N saylı hərbi hissəyə qoşulub, döyüşə getdim. Bütün hücum əməliyyatlarında iştirak etmişəm. Şuşaya qədər getmişəm, oradakı əməliyyatda da olmuşam. Dekabrın 27-də oradan tərxis olunmuşam”.
Keçmiş döyüşçü “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarını alıb.
Deyir ki, müharibə zamanı səhhətində yaranan problemlər indi onun normal yaşamağına, fiziki işlərdə çalışmasına mane olur:
“Əsəbi olmuşam, kiminsə əlinin altında işləyə bilmirəm. Sağ olsunlar, tanış-biliş iş verir. Amma bir ayın beş gününü zorla işləyirəm. Kənd təsərrüffatı ilə məşğul olmaq istəyirəm. Torpaq almaq üçün aidiyyəti quruma müraciət etmişəm, amma baxan yoxdur. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının qəbuluna düşmək olmur ki, dərdimi deyim. Bir il üç ay öncə heyvandaqlıqla bağlı adımı yazdırmışam. Hələ də heç bir cavab yoxdur. Mən demirəm ki, mənə milyonlar versinlər. Mən pula görə gedib, döyüşməmişəm. Sadəcə, şikayətimə baxıb, problemimi həll etsinlər”.
Beyləqan Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heybət Əliyev Meydan TV-yə bildirib ki, bir qrup İkinci Qarabağ müharibəsi döyüşçüsü avqustun 3-də icra hakimiyyətinin qəbulunda olub:
“Onlar torpaq məsələsi ilə bağlı müraciət ediblər. Yaxınlarda problemləri həll olunacaq”.
Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1991-ci il təvəllüdlü Sumqayıt sakini Asif Hüseynov isə torpaq sahəsi almaq məqsədilə bələdiyyəyə müraciət edib:
“Səkkiz il hərbi xidmətim olub, özüm də veteranam. Altı il Bakıda, bir il Qusarda, bir il isə Laçında işləmişəm. İkinci Qarabağ döyüşləri zamanı ön cəbhədə olmuşam. 2021-ci ildə torpaqla təmin olunmağımla bağlı Sumqayıt bələdiyyəsinə getdim”.
“Orada mənə dedilər ki, sən torpaqla təmin olunmalısan, amma haradan təmin edək? Dedilər ki, elə bir torpaq sahəmiz yoxdur. Hər dəfə də gedirəm, deyirlər ki, ilk olaraq şəhid ailələrinin müraciətlərinə baxırıq. İcra hakimiyyətinə də getdim, qəbul etmədilər”, – deyə o bildirib.
Meydan TV Sumqayıt Rayon İcra Hakimiyyəti və bələdiyyəsinə dəfələrlə zəng etsə də, cavab verən olmayıb.
Sumqayıt Bələdiyyəsinin Asif Hüseynovun müraciətinə verdiyi cavabda qeyd edilir ki, bələdiyyənin ehtiyat torpaq fondunda sərbəst torpaq sahəsi yoxdur.
“İlk növbədə şəhid ailələrinə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması nəzərdə tutulur”, – məktubda deyilir.
Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə bildirib ki, qurum müharibə iştirakçılarının sosial vəziyyətini yaxşılaşdırmaq üçün proqram hazırlayaraq, aidiyyəti qurumlara göndərib:
“Qarabağ Qaziləri İctimai Birliyi olaraq on yeddi təklif göndərmişik. Təkliflərdən biri də odur ki, kənd təsərrüffatı rayonlarında şəhid ailələri, veteranlar, qazilər üçün torpaq sahəsi ayrılsın və onlara şəraiti yaradılsın. Onların eləsi var ki, arıçılıqla, digəri əkinçilik, yaxud da heyvandarlıqla məşğul olmaq istəyir. Onlara dəstək olunmalıdır. İcra hakimiyyətlərində yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin bəziləri heç bir iş görmürlər. Yaxud da qazinin birinə yardım edirlər, əllisi kənarda qalır”.