Cəmiyyət Manşet

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ( AHİK ) və eyni zamanda təhsil işçiləri həmkarlar komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin həmkarlarının istirahətlərini yüksək səviyyədə təmin etməsini danmaq, ən azı, insafsızlıq olar. Özəlliklə, əlil və şəhid ailələrinə diqqət və qayğı, onların pulsuz yollayışlarla təchiz edilməsi belə fikirləşməyə əsasdır. Di gəl, yollayış verilməsinin hələ istirahət yerində normal dincəlməyə əsas vermədiyini də vurğulayaq. Vətəndaş yollayışla kurortlara üz tutanda istirahət mərkəzinin rəhbərliyinin elə özbaşınalıqları ilə üzləşir ki, əli üzündə qalır.

Nabrandakı “Təhsil” istirahət mərkəzi dənizdən ortalıq iki kilometr aralıqda meşə massivinin içində salınıb. Bilgiyə görə, birdəfəyə 260 nəfər turisti qəbul etmək gücündədir. Burada bir neçə kottec və üçqatlı otel dincəlməyə gələnlərin ixtiyarına verilib. Oyun meydançaları, açıq-qapalı basseyn, tibb məntəqəsi də öz yerində. Hələ yeni üçqatlı otel kompleksinin tikintisi də davam edir. Hər gün iki dəfə avtobus istirahətçiləri (iki saatlıq) çimərliyə aparıb – gətirir . Yemək evlərinin yalnız biri istirahətə gələnlərə ayrıldığından yemək vaxtı ikinövbəlidir. Amma bu da yemək zamanı darısqallıqdan xilas etmir. Fikrimizcə, digər istirahət mərkəzlərində olduğu kimi, burada da biznes marağına xidmət edən yeməkxanaların gündə üç dəfə bir saatlıq yollayışla və digər yolla gələn turistlərə ayrılması ilə problemi çözmək olar. Amma deyəsən, turistlərin istirahəti biznes marağından aşağıda tutulur. Hələ üstəlik mərkəzə girişə yeni qaydalar , daha düzü, qadağalar qoyulub.

İki gün öncə -3 avqustda saat 10 radələrində “Təhsil” istirahət mərkəzinin dəmir qəfəslikli qapısına yollayışla gələnləri gözətçi köşkünün kiçik pəncərəsindən qarşılayan şəxs içəri girməyə qadağa qoyub ki, növbə ilə buraxılmalıdırlar. Hətta Qarabağ qazisi ailəsinə də güzəşt tanımayan buyruq qulları, heç olmazsa, qapının çölündə oturmağa yer də fikirləşmir. Amma növbədənkənar xidmət hüququ olan əlil(lər) ailəsindən sonra gələnləri xüsusi tapşırıqla içəri buraxıblar. Onu da vurğulayaq ki, mərkəzin giriş qapısından qeydiyyat otağına kimi ortalıq əlli metrlik məsafə var və mərkəz böyük -on hektara yaxın ərazidə yerləşir. Belədə insanları qapının ağzında dəmir barmaqlıqlar arxasında saxlamağın nə anlamı var? Bilmək olmur, bura istirahət mərkəzidir, yoxsa islah koloniyası?

Qeydiyyat otağına uzun növbədən , halbuki növbədə görünən də yoxdu, girmək şərəfinə nail olan Qarabağ əlili ailəsinə yalnız birinci qatda iki havasız otağın olduğunu bildiriblər. Bu necə ola bilər? On günlük yollayışla səhər tezdən mərkəzdə olan vətəndaşa bütün nömrələrin tutulması yalanı necə sırına bilər? Belə çıxır, yerlər öncədən xüsusi tapşırıqla bron edilib?

Özbaşınalıq və ayrı-seçkilik ilə bağlı millət vəkili, AHİK -in sədrinə köməkçisinin araçılığı ilə müraciət edən qazi- müəllim ailəsi hələ də “Təhsil xidməti”ndən gileylidir. Elə digərləri kimi. ..

Məğrur BƏDƏLSOY //hurriyyet.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir