Cəmiyyət Manşet

Azərbaycan Beynəlxalq Bankı hansı “dövlət “qoçusu”nundur? – ETİRAZ

Bank sektorunda istehlakçıların hüquqlarının pozulması elə həddədir ki, müştərilər hesablarından istədiyi kimi yararlana bilmir. Banklar inhisarçı mövqeyindən yararlanaraq komissiya haqqı tutulmayan vəsaitlərə faiz tətbiq edir , hətta Prezident təqaüdünə, pensiya və müavinətlərə çeşidli bəhanələrlə “əl uzadırlar”. Bank sektorunda istehlakçıların hüquqlarının qorunmasına cavabdeh olan Azərbaycan Respublikasının Mərkəzi Bankı isə hüquq qorumaqdan daha çox qanunsuz cavablarla baş aparmaq yolunu tutub. Yeddi baş direktoru olan Mərkəzi Bankın Ziya Əliyev adlı baş direktoru iki ilə yaxındır “komissiya haqqı nəzərdə tutulmayan vəsaitlərə 0.5 faiz komissiya haqqı tutulması” anlaşılmazlığını sırımaqla “baş aparır”. İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti , Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) də ən yaxşı halda bu anlaşılmaz cavabı sırımaqla hüquq müdafiəçiliyini dırnaq işarəsi altına alırlar. Məhkəməyə gəldikdə isə. ..
Ortalıq 6 il öncənin söhbətidir, o çağlar “Kapitalbank”ın araçılığı ilə ödənilən Prezident təqaüdünə (bir il olar bu xidmət Beynəlxalq Banka verilib ) “blok” qoyulması ilə üzləşdim. Ha “blok”un səbəbini öyrənməyə çalışdım, çabam boşa getdi. Sən demə, kartın şifrəsi düzgün daxil edilməyibmiş; banka zəng edib “blok”un açılmasını dilədim, ödəniş tələb edildi və beləcə 6 ay təqaüddən məhrum edildiyimdən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9 maddəsinə əsasən Bakı şəhəri, Nizami rayon məhkəməsinə istehlakçı hüquqlarının müdafiəsi haqqında iddia ilə üz tutdum. Bu arada bank toxunulmaz təqaüdümdən 2 faizə (?) yaxın vəsait tutmaqla kartımı “blok”dan açdı , amma Sabunçu məhkəməsindəki özbaşınalıqları ilə hakim adına gətirdiyi ləkəni Nizami məhkəməsində sürdürən qoca rüşvət hakimi Fikrət Mirzəyev iddianı necə it-bata saldısa, hələ də – 6 ildir nə Məhkəmə Hüquq Şurası tapa bilir, nə Ombudsman , nə də baş prokuror. Heç gənc Ülkər Yusifovanın Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi işinə yenidən hakim təyin edilərək yoxa çıxardığı iddiamın da yaşı az deyil – il yarıma çatmaq üzrədir. Belə görünür ki, Nizami rayon məhkəməsinin şəxsi heyəti hakimlik əvəzinə cavabdeh “Kapitalbank”ın Nizami filialına vəkilliklə məşğuldur. Heç demə, bu vəkillik təkcə “Kapitalbank”la yetərlənmirmiş, Beynəlxalq Bankın məhkəmə müdafiəsi daha yüksək qeyri-prosessuallıqla təmin olunur.
2 ilə yaxındır Beynəlxalq Bankın Nizami filialı Qarabağ əlili müştərisinə xidmətdən imtina edir. Özbaşınalıq o həddədir ki, hesabıma avro ilə daxil olan vəsaiti on manat qarşılığında verilən bank kartına köçürməkdən imtina edib , bank filialından limitlə verirlər. Özü də hesaba vəsait köçürülən kimi ümumi məbləğdən 0.5 faiz komissiya haqqı tutulub, indi də hər götürəndə əlavə 0.5 faiz tutulur.(?) Bu açıq-aşkar inhisarçılığa, istehlakçı hüquqlarının pozulmasına nə Mərkəzi Bankın idarə heyəti , nə də 7 baş direktoru hüquqi qiymət verilməsini təmin edir . İqtisadiyyat Nazirliyi və yanındakı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Ombudsman, baş prokurorluq da eləcə. Beləcə 2 ildir bank dələduzluğu ilə üz-üzəyəm, puluma-əmlakıma sərəncam vermək hüququndan məhrum edilmişəm. Nizami məhkəməsi isə banka vəkilliyin yeni üsulunu köhnə qaydada sürdürür . 3 ay qabaq məhkəməyə təqdim etdiyim iddianın gənc hakim Həqiqət Əhmədovanın icraatına verildiyini e-məhkəmə portalından müəyyən etdim. Heç bir akt verilmədiyindən, yeni iddia ilə məhkəməyə müraciət etdim. Portaldan bu iddianın da Həqiqət Əhmədovaya verildiyini bildim. Bu hakim əsl partizan kimi susur, nə qərardad verilir, nə də iclas təyin edilir. Özbaşınalığı təsəvvür edə bilirsiniz? Belə məhkəmə təminatı hüququ olar, belə əlil, istehlakçı, insan hüquqları qorunar?
Hələ də pulum Beynəlxalq Bankın, iddiam Nizami məhkəməsinin girovluğundadır. Ritorikdir, ya deyil, sual mənə rahatlıq vermir :
GÖRƏSƏN, AZƏRBAYCAN BEYNƏLXALQ BANKI HANSI “DÖVLƏT “QOÇUSU”NA XİDMƏT EDİR?

Məğrur Bədəlsoy //gundemxeber.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir