“Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir”- Göyçay RMX-də vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir.
“Dağın təpəsinə hansı yoldan çıxarsansa çıx, mənzərə eynidir” – Yəni rəhbərliyindən aslı olmayaraq Göyçay səhiyyəsinin dədə-babadan vəziyyəti belə gəlib, belə də davam edəcək.
Təəssüflər olsun olsun ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında vəziyyət hər gələn gün ötən günə nisbətən daha da çətinləşir. “Yaşar Əhmədov hələki təzədir, tədricən hər şey düzələcək” deyərək yeni direktorun inqilab edərək vəzifəyə gəlməsinə köməklik göstərənlər, yalnız şəxsi maraqlarını güdürlər. Özündən öncəki sabiqlərin yalnışlarını təkrarlayan, hətta daha çox qanunsuzluqlara şərait yaradan Yaşar Əhmədov gəldiyi cəmi 8 ay müddət olmasına baxmayaraq, artıq o, sosial şəbəkələrin şikayət bölümlərində “Trend” olmağa başlayıbdır.
TEREF “Göyçay Operativ Xəbər ” səhifəsinə istinadən yazır ki, Yaşar Əhmədovun islahatlar apara biləcəyinə və yaxşılığa doğru dəyişikliklər edə biləcəyinə etimad bəsləmək tamamilə əlçatmaz xəyallardan ibarətdir. Şah İsmayıl Xətai 14 yaşında, Makedoniyalı İsgəndər isə 20 yaşında böyük bir imperiyaya artıq hökmdar edirdilər. Yəni necə deyərlər: “Ağıl yaşda deyil, başdadır”.
Bu gündən etibarən Yaşar Əhmədov 10 il müddət ərzində direktor olmağa davam etsə belə, nəaliyyətlər əldə edə bilməyəcəkdir. O, insanın idarəetmə qabiliyyəti yoxdur. Şübhəsiz ki, qırxında öyrənən gorunda çalar.
Göyçay Xəstəxanası rüşvət ocağıdır. Xəstələr bəzi insafsız “tibb işçiləri” üçün yalnız və yalnız çörək ağacıdır. Allah heç kimin yolunu Göyçay Rayon Mərkəzi Xəstəxanasına salmasın! Canımızı əmanət etməzdən öncə cibimiz can sağlığında qazandığımız pul-para ilə dolu olmalıdır ki, canı bizə verən Yaradanın əmanətinə xəyanət etməsinlər.
Sonunda onu da xatırladım ki, Göyçay səhiyyəsində nadanlarla yanaşı kifayət qədər savadlı və insaflı tibb işçiləri də vardır ki, onların xəstələrə göstərdiyi qayğı və məhəbbətin məsəli, gecələr səhərə kimi körpəsinin üstündə yuxusuz halda fədakarlıq edən ananın məsəlinə bənzəyir.
Ümid edirik ki, aidiyyəti qurumlar çoxsaylı şikayətlərimizə obyektiv yanaşaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasını ciddi nəzarətə götürəcəklər…
Teref.az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin fikirlərini dərc etməyə hazırıq!
Teref.az