Cəmiyyət

“Qələmin cavabı yalnız qələmlə verilir” Əli Rzazadə yazır

Hind əsilli Britaniyalı yazıçı Salman Rüşdi 1989-cu ildə qələmə aldığı “Şeytan ayləri” adlı kitabı ilə dünyada qalmaqala səbəb olmuşdur. Onun yazdığı əsər bir çox müsəlman ölkələrində birmənalı qarşılanmamış, hətta dini liderlər tərəfindən ölümünə fətva verilmişdi. Kitabın nəşri Səudiyyə Ərəbistanı, Misir, Somali, Bangladeş, Sudan, Malaziya, İran və s. müsəlman ölkələrində qadağan edilmişdir. Rüşdinin başına üç milyon ABŞ dolları pul qoyulmuşdur. Son məlumata görə avqustun 12-də Salman Rüşdinin Nyu Yorkda keçirilən bir konfransda bıçaqlandığı xəbəri yayıldı.

Dünyada yazarlara qarşı belə sui-qəsd ilk dəfə baş vermir. Mövzu ilə bağlı şərqşünas-yazar Əli Rzazadə münasibət bildirib.

Salman Rüşdinin müəllifi olduğu “şeytan ayələri” kitabına görə ona, kitabla, qələmlə cavab vermək lazım olduğu halda, bıçaqla verildi. Ümumiyyətlə yazara qarşı sui-qəsd şərqin bəlalarından biridir və bu ilk hal deyil. Bilirsiniz necədir, ədəbiyyat elə bir dünyadır ki, orada bıçaq, qılınc, qalxan, top tüfənglə söz demək olmur. Orda söz var, qələm var, kitab, dəftər var. Lakin təəssüflər olsun ki, bəzən dünya ədəbi mühitində belə hallara rast gəlirik. Belə fətvaları verən insanların demək ədəbiyyatdan xəbərləri yoxdur, ədəbiyyatın nə olduğunu bilmirlər. Onlar sözə qarşılıq söz ərsəyə gətirməyə tənbəllik edir və məsələni qılınc gücü ilə həll etməyin daha asan olduğu qərarını verirlər. Bu isə zəiflik əlamətidir. Salman Rüşdinin iddaları o qədər də güclü və cavabsız iddialar deyildi. Baxmayaraq ki, o kitabında İslam dinini zorakılıqda günahlandırmışdı, lakin hamı bilir ki, onun bu kimi iddiaları boş və əsassızdır. Bunun əksini göstərən minlərlə fakt ortaya qoymaq olar. Şübhəsiz ki, 33 il ərzində onun iddialarına tutarlı cavablar verəcək onlarla kitab yazmaq olardı. Bəlkə haradasa belə bir kitab yazılmışdır, lakin qalıcı olmamışdır. Lakin bu hansısa yazara qarşı sui-qəsd aktını həyata keçirməyə əsas verməməlidir.

Belə hadisələr Nəcib Məhfuzu xatırladır. Xatırladım ki, 1994-cü ildə Qahirənin “Acuza” məhəlləsində Nəcib Məhfuz iki radikal tərəfindən bıçaqlandı. Ən ciddi yarasını boğazından və ənsə sümüyündən almasına rəğmən, xoşbəxtlikdən dahi yazar həyatını itirmədi, lakin iki ay xəstəxanada ciddi şəkildə həkim nəzarətində qaldı. Sui-qəsd onu ömürlük şikəst etdi, ömrünün axırına (30 avqust 2006) kimi sağ əlini normal şəkildə tərpədə bilmədi. Bıçaq zərbəsi onu həmişəki kimi yazmaqdan məhrum etdi. İbtidai istintaq zamanı sui-qəsdlə bağlı 16 nəfər şübhəli şəxs qismində dindirildi. İfadələrdən məlum olmuşdu ki, müttəhimlərin heç biri onun heç bir əsərini oxumayıb, kənar siyasi qüvvələrin göstərişi əsasında bu terror aktını həyata keçiriblər. Onu bıçaqlayan gənc məhkəmədə yazarın adını belə doğru tələffüz etmirdi. Bir daha qeyd edim ki, Salman Rüşdinin absurd dolu faktlarla dolu kitabı hamıya məlumdur, amma 1989-cu ildən bəri onun yazıdığı kitabın qarşılığı olaraq elə də ciddi əsər ortaya qoyulmadı. Elə bir əsər olmalı idi ki, Salman Rüşdinin bütün iddialarını puça çıxartsın və beləliklə onun əsəri qüvvədən düşsün. Lakin şərq dünyası ancaq ona qarşı fətvalarla kifayətləndi. Ümumiyyətlə heç bir yazar öz yazısına görə sui-qəsdə məruz qalmamalıdır. Qələmin cavabı yalnız qələmlə verilir.

Şərqşünas-yazar Əli Rzazadə

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir