Vaqif Abdullayevi bitirən milyonlar: adam döymək və… – Dayaqları sarsılan sabiq başçı həbsin kandarında…
Beyləqanın keçmiş başçısı Vaqif Abdullayevin başı üzərindən qara buludlar çəkilmir.
Zirveyolu.info xəbər verir ki, Anaxeber.info-nun əldə etdiyi məlumata görə, sabiq İH rəhbəri günbəgün həbsə yaxınlaşır. Onun üzərində olan adam döymək faktının da yenidən icraata göndərilməsi gözləntiləri V.Abdullayevin işini çətinləşdirib. Təkcə həmin fakt üzrə istintaq kifayətdir ki, cinayət işinə yenidən baxılsın. Belə ki, bir müddət əvvəl Beyləqan rayonunun keçmiş icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yalçın Abdullayev onun 1 milyon dollara yaxın pulunu biznes qurmaq adı altında “əkişdirən” Xəyyam Balayevi həbs etdirmişdi. Xəyyam Balayev məhkəmədə belə demişdi: “Vaqif Abdullayev özü də icra başçısı olarkən Beyləqanda tikilən Olimpiya Kompleksində fəhlə işləyən Rahil Əliyev adlı yerli sakini sərxoş vəziyyətdə şəxsən döymüşdü və ona ağır xəsarət yetirmişdi. Bu haqda Rahil Əliyev 2018-ci ildə sosial şəbəkələrdə yaydığı müraciətində təfərrüatları ilə danışmışdı. İcra başçısının fəhləni döyməsinə səbəb isə obyektdən “yoxa çıxan” bir neçə dəmir konstruksiya olmuşdu”. Bu hadisə sabiq başçı ilə bağlı gedən son proseslərdə cinayət dosyesinə əlavə olunmaqdadır. Amma tək bu hadisə deyil, korrupsiya, mənimsəmə, dövlət vəsaitini talama ittihamları üzrə Vaqif Abdullayevin istintaqa cəlb olunması mümkündür. Bundan əlavə, icra başçısı olduğu zaman V.Abdullayevin oğluna ad günündə 300 min manatlıq maşın bağışlamaqla gündəmə gəlmişdi. Bu da yuxarıların diqqətindədir. Hakimiyyət onun belə varlanmasını qəbul edə bilmir. Daha sonra isə məmurun özünə dəyəri 1,5 milyon manat olduğu deyilən “Bugatti” markalı avtomobil alması xəbəri yayılmışdı. Bundan başqa, Vaqif Abdullayevin “Gənclik” metrosu yaxınlığında özünə 2 milyon manata villa aldığı deyilir. Bəzi iddialara görə, Vaqif Abdullayev sabiq PA rəhbəri Ramiz Mehdiyevlə çox yaxın olub. Onun vəzifədən getməsi başçının da mövqeyini zəiflədib. İndisə həbsin kandarındadır və xilas kəməri axtarışına çıxıb. Görünür, əvvəllər onu himayə edən Ramiz Mehdiyevin yoxluğu, onun təsir imkanlarının olmaması Vaqif Abdullayevlə bağlı araşdırmalar aparılmasına yaşıl işıq yandırıb. Lakin o, təkcə Ramiz Mehdiyev kimi nəhəng dəstəyi itirməyib, elə ondan da böyük himayəçisi olan general Bəylər Əyyubovla da əlaqələri kəsilib. Generalla qohumluq münasibətləri olmuş V. Abdullayev ona bel bağlayaraq kreslosunda istədiyi əməllərə əl atırdı. Ancaq qohumluq mandatı qüvvədən düşən sabiq başçı indi tam təklənmiş vəziyyətdə – Rusiyanın günündədir. Ona görə də həm Əyyubovu, həm Mehdiyevi itirən Abdullayev, batabatda saman çöpü axtarır. Hazırda təşvişə düşdüyü iddia edilən sabiq icra başçısı əmlaklarını, biznesini, korrupsiya əməllərini gizlətməyə çalışır. Həmçinin oğluna ad günündə 280 minlik maşın hədiyyə etməsi suallar yaradıb, bu pulları necə əldə etməsi haqda hüquq-mühafizə orqanlarında səhih məlumatlar mövcuddur. Onun qardaşə oğullarının cinayət əməlləri, bu işdə Abdullayevin təsir vasitələri bu günə qədər məsələlərin real şəkildə açılmasına imkan verməyib. Bütün bunlar keçmiş məmurların cəzasız qalmasına, presedent yaranmasına səbəb olur. Yeni gələnlər də arxayınlaşır ki, sələfləri nə etdisə, cəzalanmadı, yığdıqlarını da xımır-xımır vəzifədən sonra yeməkdədirlər. Bu, təhlükəli tendensiyadır. Abdullayev kimi məmurlar da müştəbeh davranır ki, baxın, vəzifədə büdcəni taladım, indi kef çəkirəm, mənə “gözün üstə qaşın var” deyən də yoxdur. Hakimiyyət bu halların və tendensiyanən qarşısını almaq üçün sabiq məmurları cəzalandıra bilər. Bu sırada Beyləqanın keçmiş şefi üçün də təhlükə aktual olaraq qalır. Misal üçün istintaqa bəllidir ki, rüşvət və korrupsiya qalmaqalları ilə daim mətbuatın gündəmində olnuş Vaqif Abdullayev bu dəfə Beyləqan rayon İcra Hakimiyyətinin elan etdiyi tenderlərin qalibi və rayondakı əsas təmir tikinti işlərini həyata keçirən “Veteks” MMC nin rəhbəri Vüqar Aslanovdan 120 min manat almışdı. İcra başçısı ilə ciddi şəkildə alış-veriş yaradan və büdcə pullarının mənimsənilməsində başçının sağ əlinə çevrilən iş adamı bir müddət əvvəl Vaqif Abdullayevin “toruna” düşmüşdü. Yəni onlarla belə fakt göstərmək olar. Baxaq, yaxın həftələrdə onunla bağlı hansı qərar elan ediləcək. Mövzu diqqətimizdədir. Yazıda adı keçən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.