Ağsu rayonunun Bico və Keçdiməz kəndləri, sözün əsl mənasında, susuzluqdan yanır. Bu mövzuya bir müddət əvvəl də toxunmuşduq. Adıçəkilən kəndlərin sakinlərindən daxil olan növbəti müraciət mövzuya yenidən qayıtmağımıza vəsilə oldu.
Müraciətin girişində bildirilir ki, sözügedən kəndlərin su nəzarətçisi Asim Həmzəyev, “əjdaha çayın boğazını kəsən dəstiri”, oturub Oğuz-Qəbələ-Bakı su kəmərinin Bico ərazisindəki siyirtməsinin (krantın) üstündə, kefi istəyəndə 1 saat su verir, kefi istəməyəndə camaatın dodağını qurudur: “Asim Həmzəyevin kefinin istəməsi isə puldan asılıdı – əgər, əhali 5-10 manatdan aylıq pul yığıb (2 kənddə 300-ə yaxın ev var), siqaretpuluna işləyən, nəzarətçinin “əlaltısı” Cavanşir Bayramov vasitəsilə Asimə göndərsələr, 1-1,5 saatlıq su krantı açılacaq (qeyd edək ki, Keçdiməz kəndinə su bir gündənbir verilir), pul yığılmasa, iş qalır Allaha. Ağsu RİH başçısının 1-ci müavini Füzuli Kərimlini arxa-dayaq bilən A.Həmzəyev, kənddə tikdirdiyi təzə evi və təzəcə aldığı köhnə “jiquli” maşınını tam təmir elətdirməyənə qədər camaata su sarıdan sitəm eləyəcəyinə, el içində and içib. İş burasındadı ki, növbəli şəkildə məhlələrdən pul yığsa da, Asim Həmzəyev suyu elə açır ki, hovuzları doldurmağa gücü olmur. Amma öz məhləsinə və kəndin yarıdan yuxarı hissəsi üçün nəzərdə tutulan su anbarına gedən dəmir borudan deşib-satdığı qanunsuz xətlərə doyunca su verir. Bir də, kim 20-30 manat Asimin cibinə pul qoysa, həmin günün gecəsi bütün krantları bağlayaraq, səhərə qədər o adamın həyətinə su axıdır – dədə malı kimi.
Asim Həmzəyevin özbaşınalıqları barədə dəfələrlə rayon İH başçısının 1-ci müavini Füzuli Kərimliyə, Su-Kanal idarəsinin müdiri Elçin Muxtarova (Elçin Muxtarov kobud, ədəbsiz müdir olmaqla, həm Asim Həmzəyevin ciddi müdafiəçisidir) , Bico kənd icra nümayəndəsi Bəhlul Mahmudova kənd sakinləri tərəfindən şikayətlər olunub. Görünən budur ki, bu qədər qanunsuzluqların, özbaşınalığın qarşılığında, Asim Həmzəyevi işdən kənarlaşdırmağa gücləri çatmır. Səbəb çox sadədir: Asim Həmzəyevin telefonunda səsyazan proqram var. Özündən yuxarı vəzifəlilərlə danışdığı rüşvət xarakterli, təhdid və təhqir yüklü dialoqları telefonun yaddaşına yazıb və hansı məmur onun əməllərinə qarşı çıxsa, səs yazılarını xatırladaraq, onları şantaj edir. Bu üzdən, onun əməllərinə tabe olduğu vəzifəlilər göz yumur. Məsələn: 1-ci müavin Füzuli Kərimlinin rayonun baş memarı Mirəli Qurbanovun kənddə yaşayan əmisi oğlu üçün ana xətdən qanunsuz su xətti çəkilməsinə görə etdiyi tələb zamanı dediyi “Dediyimi eləməsən, səni atdıraram içəri!” – fikri; öz müdiri Elçin Muxtarovun “Camaatdan pul yığ, gətir mənə də ver. Mən, dovşan balası saxlamıram, mənim də uşaqlarım var” – ifadəsi, yaxud kənd əhalisinin ünvanına telefonda söydüyü söyüşlər; kənd icra nümayəndəsi Bəhlul Mahmudovun söyüş, hədə səsləri, cinayət tərkibli əməllərini əks etdirən səs yazıları və sairə. Bütün bunları Asim Həmzəyev kənd sakinlərinə qulaq asdırmaqla, öz əməllərinə haqq qazandırmağa çalışır və atasının goruna and içir ki, onu heç kim işindən ala bilməz və pensiyaya da hazırkı vəzifəsindən çıxacaq. Nəticədə isə Bico və Keçdiməz sakinləri yayın qızmarında susuzluqdan yanıb qovrulurlar. Bu da maraqlıdır ki, “Azərsu” ASC-nin səlahiyyətliləri də bu bəlanı dəf etməkdə maraqlı görünmürlər. Ümidimiz budur ki, bəlkə səsimiz ölkə Prezidentinə yetişə və adi bir su nəzarətçisinin özbaşınalığına son qoya.” //qaynarinfo.az//
VİDEO BURADA: https://player.qaynarinfo.az?v=9353&share_user_id=