Cəmiyyət Manşet

5 aydır Ramiz Mehdiyev erası başa çatsa da… – AMEA-da NƏ BAŞ VERİR?

Milli Elmlər Akademiyası (AMEA) ilə bağlı neqativ məlumatların intensivləşməsi bu qurumdakı vəziyyətin sadəcə islahatlarla düzələcəyinə dərin şübhə yaradır.

AMEA-da artıq 5 aydır Ramiz Mehdiyev erası başa çatsa da, Akademiyanın adını yalnız neqativlərlə assosiasiya etdirən iş prinsipindən imtina olunmaması bu təşkilata yönəlik narazılıqları xeyli artırıb.

Mediada yayılan materiallara əsasən, demək olar ki, sabiq prezidentin dövründə haqlı tənqidlərə tuş gələn bütün mənfi cəhətlər AMEA prezidenti vəzifəsini icra edən akademik Arif Həşimovun sayəsində yeni forma taparaq israrla davam etdirilməkdədir.

Bunun nəticəsində AMEA-da yarıtmaz kadrların yenidən irəli çəkilməsi, vəzifələrə təyinatlarda şəxsi və qohumluq münasibətlərinin əsas götürülməsi, elmi yeniliklərə imza atılmaması, Akademiyanın “durğunluq məkanı”na çevrilməsi kimi ciddi nöqsanların aradan qaldırılması əvəzinə, onların stimullaşdırılması müşahidə edilməkdədir.

Akademiya ilə bağlı diqqəti cəlb edən başqa bir məqam AMEA-nın yeni rəhbərinin öz sələfinə inanılmaz “bağlılığı”dır. Hər halda, belə olmasaydı, Akademiyanın binasında Ramiz Mehdiyevin yaradıcılığına həsr edilmiş xüsusi stend yaradılmaz, onun müəllifliyi şübhə ilə qarşılanan kitabları orada sərgilənməzdi.

Arif Həşimovun bu diqqəttinə, bəlkə də, hər hansı formada izahat tapmaq mümkün ola bilərdi… Amma iş ondadır ki, AMEA-nın rəhbəri Ramiz Mehdiyevə bu cür diqqətli yanaşdığı halda, eyni sayğını Ümummilli Lider Heydər Əliyevdən və Prezident İlham Əliyevdən, nədənsə, “əsirgəyib”. Bunu sadəcə, unutqanlıq və ya diqqətsizlik olaraq qiymətləndirmək isə razılaşın ki, asan deyil.

Buradan gəlinən nəticə belədir ki, Akademiyanın yeni rəhbərliyi, konkret desək, Arif Həşimov AMEA-da Ramiz Mehdiyev “kult”unu yaşatmaqda təkid edir. Yəni o da tabeliyindəki bir çoxları kimi, “Mehdiyev kultu”na “sədaqət”indən əl çəkmək niyyətində deyil. Belə olan təqdirdə, AMEA rəhbərindən Mehdiyevin qurduğu sistemi demontaj etməyi və iş üslubunu dəyişməyi gözləmək sadəlövhlük olardı. Görünən budur ki, Arif Həşimov öz sələfini “böyük ustad”, hətta daha irəli getsək, “Piri-Mürşid”i kimi görməkdədir. Amma Həşimov öz sələfinə göstərdiyi diqqəti bir az da elmə yönəltsəydi, yəqin ki, indi bu qədər tənqid olunmazdı…
www.yenicag.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir