“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının püşkü barədə fikirlərini bölüşüb.
Mütəxəssis G qrupundakı rəqibləri “Olimpiakos” (Yunanıstan), “Frayburq” (Almaniya) və “Nant”ın (Fransa) güclü komandalar olduqlarını bildirib:
“İddialı bir qrupa düşdük. Görünür ki, hər bir komandanı çox böyük şansı olacaq. “Frayburq”, “Nant” “Böyük 5-lik” ölkələrinin komandalarıdır. “Olimpiakos” isə bütün illər boyu həmişə iddialı olub. Rəqiblərlə qısa müddət ərzində yaxından tanış olacağıq. Çalışacağıq ki, onları maksimum yaxından tanıyaq. Rəqiblərə qarşı düzgün hazırlaşmağa çalışacağıq. Həmişə dediyim kimi, əgər yaxşı nəticə qazanmaq şansımız varsa, bundan maksimum yararlanacağıq. Bizi maraqlı oyunlar gözləyir. Çünki hər bir rəqibin öz oyun üslubu var. Futbolçularımla birlikdə onlara qarşı yaxşı oyun göstərmək üçün əlimizdən gələni edəcəyik”.