[center][medium]https://gundem.media/uploads/posts/2022-08/1661513042_1661511866_0001.jpg[/medium][/center]
“Müəllim savadsız ola bilməz. Əgər müəllim savadsızdırsa, bunun məsuliyyətini təkcə özü daşımır. Müəllimin savadsız olması onun ali məktəbdə aldığı təhsillə, artıq neçə ildir ki, keçirilən MİQ imtahanlarında onun işə götürülməsi ilə bağlıdır. Belə bir sual yaranır ki, təlimlərə, müəllimlərin təkmilləşdirilməsinə 100 minlərlə manat vəsait ayrılır. Bəs bu vəsait müəllimin savadlı olmağına niyə təsir göstərmir? Görünür, burada imitasiyalar çoxdur”.
DİA.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Etibar Əliyev deyib. Orta təhsil müəssisələrində bəzi müəllimlərin savadsız olması barədə ittihamlara münasibət bildirən deputat problemlərin haradan qaynaqlanmasından danışıb:
“İbtidai təhsil üzrə dərs deyən müəllim işlədiyi təhsil pilləsinin adını düz yaza bilmirsə, bu, 21-ci əsr üçün faciədir. Bütün bunlarla yanaşı, nə qədər məktəb nəzarəti var. Nə qədər təlimlər, imtahanlar olur, indi də sertifikasiyaya hazırlaşırlar. Bütün bunlar göstərir ki, məsələ təkcə müəllimin problemi deyil. Heç kim savadsızlığını etiraf etmir. Hansı peşənin sahibi olsa da, hər kəs özünü çox bilmiş aparır. Ancaq bu müəllim peşəsidir. Əgər müəllim öz tədris etdiyi təhsil pilləsinin adını səhv yazırsa, o dərhal işdən çıxarılmalıdır”.
E.Əliyev, həmçinin təhsilin keyfiyyətinin yoxlanılması prosesindən bəhs edib:
“Müəllimin keçdiyi dərsin keyfiyyətini kim qiymətləndirir? Müəllimin 45 dəqiqəsini kim qiymətləndirir? Həmin 45 dəqiqə ərzində müəllim həm dərsi izah etməli, həm sual verməli, həm də cavab almalıdır. Hansı baş verir, bunun monitorniqi varmı? Konkret olaraq pilot kimi 50 məktəb götürüb, yoxlasınlar, görsünlər müəllimin keçdiyi dərsin keyfiyyəti var? Əgər müəllimin keçdiyi dərsin keyfiyyəti yoxdursa, o dərhal işdən kənarlaşdırılmalıdır. Məktəbdə savadsız müəllim ola bilməz. Buradan belə bir nəticə çıxır ki, müəllimlərin işə qəbulunda, təlimlərdə ciddi problemlər var”.
Parlament üzvü hesab edir ki, savadsız müəllimlər universitetə təsadüfən qəbul olunub:
“Bu, o deməkdir ki, müəllim ali məktəbdə keçdiyi dərsləri mənimsəməyib. Hansısa formada qəbul olub və oranı bitirb. Lakin sonrakı mərhələdə də təkmilləşməyib. Savadını artıra bilməyib. Ancaq orta məktəbdə tədrisini davam etdirir. Burada filtir olmalıdır ki, məktəbə savadsız müəllimlər ayaq açmasın”.
Deputat bisavad müəllimlərin kollec təhsili alması barədə fikirlərə də münasibət bildirib:
“İndi kollec təhsili pillə və müddət baxımından ali məktəbdən fərqlidir. Fənlərdə müxtəlif fərqlər var. Ancaq lap kollecdən də məzun olubsa, müəllim öz üzərində çalışmalıdır. Müəllim səhv etməməlidir. Elə bil ki, bir kitabı oxuyursan, xeyli korrektə səhvləri görürsən. Kitab gözdən düşür. Anlayırsan ki, kitaba ürəklə yanaşılmayıb. Müəllim də elədir. Səhv edirsə, valideynin, şagirdin gözündən düşür. Müəllim adına xələl gətirir. Artıq neçə illərdir ki, kolleclərdən universitetlərə inteqrasiya var. Kollec balları nəzərə alınır və ali məktəbə keçid mümkün olur. Bütün hallarda kimin haranı bitirməsindən asılı olmayaraq hansısa peşəyə yiyələnibsə, o biliklərini dondurmamalı, daim üzərində çalışmalıdır. İndi elə hesab edirlər ki, Pedaqoji Universitet keyfiyyətli müəllimlər hazırlayır. Əlbəttə, yox. Mən həmin proqramla tanışam. Pedoqogika və psixologiyanın tədrisi ilə tanışam. Ən böyük faciə odur ki, fəlsəfəni ali məktəblərdən yığışdırıblar. Düşüncə elmini yığışdırıblar. Tədris olunan psixologiya sovet psixologiyasıdır. Müəllim həm yaxşı pedaqoq, həm də psixoloq olmalıdır. Əgər bunları yaxşı əxz edə bilmirsə, müəllim tərbiyəçi funksiyasını da itirir. Bütün dünyada artıq öyrətmə pradiqmasından çox tərbiyə pradiqması ön plandadır. Son olaraq müəllim statusunun mahiyyətinə varmaq lazımdır. İnsanlar dövlətdən sənəd alıblarsa da, müəllim statusunun fəqinə varmırlar”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə keçirdiyi mətbuat konfransında müəllimlərlə bağlı şikayətlərini dilə gətirib. Nazir bildirib ki, bəzi müəllimlər ibtidai sözünü “ipdidai” olaraq yazıb. Belə müəllimlərin şagirdlərin qarşısına çıxarılması günahdır.