Cəmiyyət Manşet

Dörd il əvvəl ləğv olunan qurum necə fəaliyyət göstərir? – NONSES

2018-ci ilin dekabrında qəbul edilən yeni Mənzil Məcəlləsində el dilində JEK adlanan Mənzil İstismar Sahələrinin (MİS) fəaliyyəti qadağan olunsa da, hələ də bu qurum qeyri-qanuni olaraq fəaliyyət göstərməkdədir. Bu da onu göstərir ki, qanundan irəli gələn tələblərə əməl edilmir.
Görəsən, qanun qadağan etsə də, nədən hələ də JEK-lər iş başındadır?

Zirveyolu.info-ın məlumatına görə, mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında bələdiyyə eksperti Abel Bayramov bunun səbəbini mənzil mülkiyyətçilərinin Mənzil Məcəlləsində nəzərdə tutulan yeni üsullardan kifayət qədər istifadə etməmələrilə əlaqələndirdi:

“Əslində JEK-lərin fəaliyyətinin hüquqi əsası yoxdur. Yeni Mənzil Məcəlləsində çoxmənzilli binaların idarə olunmasının fərqli üsulları nəzərdə tutulub və burada JEK deyilən hər hansı bir anlayış yoxdur. Bu baxımdan hazırda JEK-lərin fəaliyyətinin davam etdirilməsi qanunsuz olmaqla yanaşı, mövcud Mənzil Məcəlləsinin tələblərinə ziddir.

Bəzi binalarda mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri yaradılıb. Amma təəssüf ki, həmin təcrübə mənzil mülkiyyətçilərinin maraq dairəsində olsa da, ölkə miqyasında geniş yayılmayıb. JEK-in fəaliyyət göstərməsinin səbəbi ilk növbədə onunla bağlıdır ki, mənzil mülkiyyətçiləri Mənzil Məcəlləsində nəzərdə tutulan yeni üsullardan kifayət qədər istifadə etmir. Bu da həmin istiqamətdə əhalinin məlumatlılıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Ona görə də bu istiqamətdə əhalinin maarifləndirilməsinə ehtiyac var.

Maarifləndirməni də dövlət qurumları və vətəndaş cəmiyyəti institutları aparmalıdır. İnsanların bir hissəsi yeniliklər barədə ümumiyyətlə məlumatsızdır. Amma hər bir halda, hər hansı bir qurumun fəaliyyətinin hüquqi əsası yoxdursa, onun fəaliyyəti yolverilməzdir”.

İqtisadçı ekspert Fuad İbrahimov isə bildirir ki, heç kim JEK-in fəaliyyətinə son qoymaq məsuliyyətini boynuna götürüb bu istiqamətdə pioner olmaq istəmir:

“Ona görə də JEK-lər fəaliyyəti qadağan olunsa da, hələ də iş başındadırlar. Prosesin kökündə ona cavabdeh qurumların qəbul edilən yeni Mənzil Məcəlləsindən irəli gələn müddəaları icra etməməsi dayanır. Belə görünür, həmin istiqamətdə mövcud vəziyyət sonsuzluğa qədər davam edəcək. Çünki onun icra mexanizmini də görmürəm. JEK-lə bağı məsələyə birdəfəlik son qoymaq üçün bu istiqamətdə səlahiyyətlər ya Nazirlər Kabinetinə, ya Milli Məclisə, ya da icra hakimiyyəti orqanlarına verilməlidir”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir