Keçmiş deputat Hacı Salayevin adı torpaq qalmaqalında hallanır.
Zirveyolu.info qaynarinfo-ya istinadla xəbər verir ki, Əliyev Avtandil Talıb oğlu adlı vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib. Hacı Salayev, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunub.
İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdir. İddialara görə, torpaq mübahisəsi Hacı Salayevlə Avtandil Əliyev arasındadır. Lakin məsələnin təfərrüatları bəlli deyil.
Hacı Salayev Milli Məclisin dördüncü və beşinci çağırış deputatı olub. Deputat seçilənə qədər “Trust” mühafizə şirkətinin Baş direktoru vəzifəsində çalışıb. Bəzi məlumatlara görə, şirkətin sahibi də elə Hacı Salayevdir.
Hacı Salayevin qardaşı Baba Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisidir. Bundan əvvəl o, Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2017-ci ildə Prezidentin sərəncamı ona gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib.