Naxçıvanda, daha dəqiqi Babək rayonunda sakinləri su çiləsi davam edir. Keçən günlərdə DİA.AZ olaraq nəzərinizə çatdırmışdıq ki, insanlarımız nəinki həyətyanı sahələrini, əkdiklərini suvara bilmirlər, hətta içməyə də su tapmırlar. Bununla bağlı sosial şəbəkələrdə Babək sakininin Allaha yağış üçün duası da məhşurlaşmışdı.
İndi isə sözügedən rayonun Cəhri kəndindən redaksiyamıza şikayət daxil olub.
DİA.AZ-a müraciət edən cəhrililər su çiləsinin şiddətli formada davam etdiyini, əlaqədar qurumların isə bununla bağlı tədbir görmədiyini qeyd edirlər.
Daxil olan məlumata görə, Babək rayonu Cəhri kəndinin sakinləri 1 maşın suyu 30 manata alırlar. Hətta həyətlərini belə maşınla aldıqları su ilə suvarmaq məcburiyyətində qalıblar…
Məsələ diqqətimizdədir. Əlaqədar qurumları dinləməyə hazırıq…