“Leyla Medical Center”də ÖZBAŞINALIQ: “Bu qədər laqeydlik və insafsızlıq olmaz” – ŞİKAYƏT
“Oturacaqda oturub çəkisi 13 kiloqram olan uşağımın qızdırmasının düşməsini gözlədim”.
Yenicag.az xəbər verir ki, Arzu Muradova adlı şəxs “Leyla Medical Center”də üzləşdiyi laqeydlik və özbaşınalıqdan şikayətlənərkən deyib.
Onun sözlərinə görə, həmin xəstəxanada xəstələrə qarşı kobud rəftar və həkim laqeydliyi hökm sürür:
“Pediatr Nigar Namazovanın əsəbləşmiş xəstənin babası ilə çox qeyri-etik formada kobud danışığına şahid oldum. Bizi qəbul etdikdə (artıq biz 45 AZN ödəmişdik) 39.2 və kəskin baş ağrısı ilə apardığım oğlumun hərarətini termometrlə ölçüb öncə 37.5, daha sonra üç dəfə ölçdükdən sonra 38.5 qeyd etdilər. Təkidlə civəli “dədə-baba” termometrdən istifadə edilməsini istəsəm də, o boyda klinikada tapılmadı. Daha sonra bildirdilər ki, cibinizə uyğundursa, sistem köçürə bilərik. Yalnız sistem köçürülməsi haqqı dərmansız (təxmini 30 AZN dərmanlar) üç saat çəkəcək və bu xidmət 100 manat civarında olacaq. Əgər sistem istəməsək, iynə vura bilərlər. Həmin iynəni təcili tibbi yardımı xəstəyə ödənişsiz vurur.
Sistemin baha olduğunu söylədikdə iynəni vurdular. Oturacaqda oturub çəkisi 13 kiloqram olan uşağımın qızdırmasının düşməsini gözlədim. Baxmayaraq ki, içəri daxil olmadan öncə bizdən qəbul haqqı almışdılar. Gecə vaxtı halsız olan uşağımın 15 dəqiqə uzanması üçün şərait yaradılmadı. Həkimin sözlərinə görə, uşağı uzandırmaq üçün yatışa icazə olmalıdır və COVID-19 analizi verməlidir. Yəni şəhərin mərkəzində olan boş xəstəxanada iki gün qusma, qaytarma və qızdırmadan heydən düşmüş huşsuz uşaqla dəhlizdə durmalıyam.
Onu da qeyd edim ki, Nigar Namazova adlı pediatr nə bir resept, nə də bir məsləhət verdi. Mənə dedi ki, evdəki dərmanları istifadə edərsiniz. Uşağın qızdırması qalxsa, təcili tibbi yardım çağırıb qızdırmasını salarsınız. Üstəlik, sistem etdirmədiyim üçün mənə kağız da imzalatdırdılar. Bir uşağa, bir anaya və ən əsası, Azərbaycan vətəndaşına qarşı bu qədər laqeydlik və insafsızlıq olmaz”..
Yenicag.az