Naxçıvan şəhər Qaracuq kənd sakinləri yolların bərbad olmasından şikayətçidirlər.
Bu haqda “Gündəlik Naxçıvan”a sakinlər özləri məlumat verib. Onlar deyir ki, son illər kənddə abadlıq-quruculuq işləri aparılsa da, kəndə yeni asfalt yol çəkilsə də, məhəllə yolları bərbad vəziyyətdədir. Bu səbəbdən onlar yayda yolların toz-torpağından, qışda isə palçığından əziyyət çəkirlər.
Kənd sakini M. B. deyir ki, aidiyyəti qurumlara dəfələrlə şikayət etsələr də, nəticəsi olmayıb:
“Bir neçə il əvvəl yeni tikilən məktəbə və inzibati binalara gedən yollar asfaltlandı. Kəndin bəzi ərazisində dairəvi yol çəkildi. Yeni tikilən inzibati binalara kanalizasiya xətti çəkmək üçün kənd içindəki bəzi məhəllə yolları qazıldı. Həmin ərazilərdə kanalizasiya xətləri çəkildikdən sonra üzərinə torpaq verilsə də asfaltlanmadı. 2019-cu il mayın 26-da prezident ilham Əliyev də Naxçıvana səfəri zamanı həmin ərazidə olub. Yeni salınmış sərhəd zastavasının yaradılan şəraitlə tanış olub. Həmin vaxt məmurlar kənd camaatına söz verdilər ki, açılışdan sonra kəndin daxili yolları da asfaltlayacaq. O gün, bu gün hələ də asfaltlanmayıb, əksinə daha bərbad və acınacaqlı vəziyyət yaranıb”
Başqa bir kənd sakini isə deyir ki, toz-torpaqdan evlərində rahat nəfəs ala bilmirlər:
“Bir balaca külək olanda, yolla maşın gedəndə evlərə toz-torpaq dolur. Bu səbəbdən xəstəlik də baş alıb gedir.
Bir azdan yağışlar başlayacaq, yollar dizə qədər palçıq olacaq. Uşaqlar məktəbə gedərkən zülm çəkirlər. Bu hal illərdir davam edir. Aidiyyatı qurumlardan isə hələ də səs çıxmır”.
Kənd sakinləri deyir ki, yolların bərbad olması səbəbindən şəhərdən kəndə marşrutla gedib-gəlmək də uzun vaxt aparır:
“Şəhərdəki Heydər Əliyev sarayının yanından kəndimizə 7 saylı marşrut işləyir. Normalda kəndə marşrutun gedib qayıtması 20-25 dəqiqə vaxt aparmalıdır. Lakin yolların bərbad olması səbəbindən marşrutla kəndə gedib, qayıtmaq haradasa bir saata yaxın vaxt aparır. Marşrutla gedərkən həm toz-torpaq sakinləri məhv edir, həm də vaxt itkisinə səbəb olur. Buna səbəb isə həmin məhəllə içi yolların asfaltlanmamasıdır”.
“Gündəlik Naxçıvan”