Ölkəmizin müxtəlif ərazilərində, daha çox dağlıq rayonlarda, bəzi şəhərlərin ərazilərində fəaliyyət göstərən sanatoriyaların, ayrı-ayrı müalicə müəssisələrinin və s. olduqca böyük əhəmiyyətə malik olmaları hər kəsə bəlli olan həqiqətlərdir.
Bu sırada respublikamızın qərb bölgəsində yerləşən və dünya əhəmiyyətli unikal müalicəvi kurortlarının, yeganə müalicəvi naftalan neftinin varlığı ilə adı dillər əzbəri olan Naftalan şəhəri, bu gün də nəinki ölkəmizin hüdudlarında, hətta onun hüdudlarından çox-çox uzaqlarda da məşhurdur. Düzdür, bu şəhərin əhatə etdiyi ərazilərdə bir neçə sanatoriyalar fəaliyyət göstərir və onlardan biri də “Sehrli Naftalan” sanatoriyasıdır. Unutmaq olmaz ki, bu sanatoriyanın fəaliyyəti ilə bağlı gecə-gündüz geninə-boluna təbliğat işləri aparılsa da, reklam lövhələrində “bəy tərifləri” yazılsa da, əslində bu burada ab-hava tamam fərqli formadadır. Çünki, belə bir atalar məsəli var: “Yüz eşitməkdən bir görmək yaxşıdır”. Bəli, bu sanatoriyada gözlərimizlə gördüklərimizə, qulaqlarımızla eşitdiklərimizə mat-məəttəl qaldıqdan sonra o halda dərk etdik ki, səndemə “Sehrli Naftalan” müalicə müəssisəsi “sehrli əməllərə” qol qoyulan bir ünvandır. Məsələn, bu sanatoriyada heç bir mühafizə xidməti yoxdur, sanatoriyaya hansı şəxsin gəldiyini, hansı şəxsin getdiyini və s. dəqiqləşdirmək üçün heç bir kamera quraşdırılmayıb. Belə bir səbəbdən də, bu müalicə müəssisəsində əxlaqsızlıq əməlləri baş alıb gedir. Yəni, bu cür çirkin işlərə həvəsi olan kişilər sanatoriyanın həyət-bacasında “yallı gedib” dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxt qaldıqları otaqlara aparır və həmin qadınlarla minbir hoqqalardan çıxırlar. Söz yox ki, belə bir hoqqalar müəyyən məbləğ pul vəsaitlərinin qarşılığında həllini tapır. Yəni, bu sanatoriyada bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, hardan gəlib, hara gedir? Bir sözlə, “Sehrli Naftalan” müalicə müəssisəsi, əslində müalicə müəssisəsi deyil, ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir.
Bundan əlavə, “Sehrli Naftalan”da yaşanan biabırçılıqlardan biri də, burada çalışan qadın işçilərdən tam əksəriyyətinin heç bir tibbi təhsilə malik olmamalarıdır. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə sanatoriyaya rəhbərlik edən şəxsin yaxın qohumu (Fərqanə xanım, ad şərtidir) bu ünvanda xəstələrə fizioterapiya xidməti göstərir və həmin xanım Gəncə şəhərindəki təhsil müəssisələrindən birində müəllimə də işləyir. Sual oluna bilər ki, axı dövlət və ya qeyri-dövlət qurumlarında çalışan şəxslər bu sanatoriyaya müayinə və müalicə olunmaq məqsədilə üz tuturlar və bu ünvanda çalışanlardan tam əksəriyyətinin heç bir tibbi təhsilləri yoxdursa, o halda onlar xəstələri necə müalicə edə bilərlər? Diqqəti cəlb edən hallardan biri də, “Sehrli Naftalan”da ödənilən ödənişlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsidir. Daha bir biabırçılıq isə, bu ünvanda xəstələr xüsusi vannalarda naftalan neftini qəbul edərkən, bir xəstənin qəbul etdiyi nefti digər xəstənin də qəbul etməsi olur. Belə bir addımın atılması, bu sanatoriyada müayinə və müalicə olunan xəstələr arasında daha çox dəri və keçici xəstəliklərin yayılmasına yollar açır. Elə ki, “Sehrli Naftalan”a müayinə və müalicə olunmaq məqsədilə xəstələr üz tuturlar və onlar rəhbərlikdən normal şəraiti olan otaq istəyirlər, o halda “Heç də darıxmayın, sizə bir-iki günə lazımi şəraiti olan otaq verəcəyik” deyə vəd versələr də, son anda rəhbərlikdə olanlar verdikləri vədlərinə “fıs çıxırlar”. Yaşlı insanların əllərində “padnos” ayaqüstə durub yemək götürmələri, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi sənədinin olmaması, sanatoriyanın otaqlarında antisanitariyanın tüğyan etməsi və s. kimi problemlərin varlığı da başqa bir söhbətin mövzusudur.
Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, isti yay günlərində ölkəmizin ərazisində fəaliyyət göstərən bir çox sanatoriyalara, o cümlədən “Sehrli Naftalan” sanatoriyasına da həm yerli, həm də əcnəbi vətəndaşlar üz tuturlar və onlar bu ünvanda yaşanan hər cür biabırçılığı, məhz öz gözləri ilə görürlər. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər bu ünvanda baş verənləri görüb eşitdikcə bizim ölkəmiz haqda nə düşünürlər? Deməli “Sehrli Naftalan” sanatoriyasında vəziyyətin belə iyrənc, dözülməz həddə gəlib çatmasında bir çox vəzifə sahiblərinin, ələlxüsus yerli hüquq-mühafizə orqanları əməkdaşlarının da üzərinə böyük məsuliyyət yükü düşür. Odur ki, bu müalicə müəssisəsində baş verən “sehrli əməllər”i təhlil edib belə qənaətə də gəlmək olar ki, bu cür çirkin işlərə, qanunsuzluqlara cavabdehlik daşıyanlar ya üzərinə düşən vəzifələrini yerinə yetirmək istəmirlər, ya da ki, yerinə yetirə bilmirlər. Deməli, …
Mövzuya qayıdacağıq. Bizi izləyin.
araz.az