“Azərbaycanla Vyetnam arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edib” – Prezident
Prezident İlham Əliyev Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə vyetnamlı həmkarı Nquyen Suan Fuka təbrik məktubu göndərib.
Təbrik məktubunda iki ölkə arasında əlaqələrin uğurla davam etdirilərək son otuz ildə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatdığı bildirilir.
Azərbaycanın Vyetnam ilə münasibətlərə böyük əhəmiyyət verdiyinin vurğulandığı təbrikdə deyilir: “Sağlam təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, siyasi, ticari, iqtisadi, mədəni və digər sahələrdə səmərəli əməkdaşlığımız bizi sevindirir. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Vyetnamın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq”.
Bu gün iqtisadi-ticari, enerji, nəqliyyat, kənd təsərrüfatı, sərmayə qoyuluşu və digər sahələrdə tərəfdaşlığın əhatə dairəsinin genişlənməsi üçün yaxşı imkanlar olduğunu qeyd edən dövlətimizin başçısı inandığını bildirib ki, “dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Vyetnam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.