İsmayıllı rayonunun Qarabağ qəsəbəsinin yaxınlığında, təxminən yüzə yaxın ailənin yaşadığı yaşayış məhəlləsində ışıq, qaz, internet yoxdur.
Zirveyolu.info bildirir ki, bunu Meydan TV-yə həmin məhəllənin sakini Nəriman Eyvaz oğlu Şükürov bildirib. Onun sözlərinə görə məhəllənin adı yoxdur.
“21-ci əsrdə biz işıqsız, qazsız, internetsiz ərazidə yaşayırıq. Yollar bərbad gündədir, təsəvvür edin ki, telefona kontur vurmaq üçün kilometrlərlə yol gedirik. Qışda vəziyyətimiz daha da çətinləşir. Qazandığımızı oduna, çör-çöpə xərcləyirik”,- şikayətci bildirib.
Nəriman Şükürov deyib ki, bəziləri qəsəbədən işıq, su, qaz xətti çəkməyə çalışır, amma bununla bütün məhəllənin problemini həll etmək mümkün deyil:
“Məhəllə çoxdan salınıb, yeni evlər tikilib. Amma kommunal xidmətlər olmadığından çox adam köçə bilmir. Əlacsızlıqdan yaşayanlar da əziyyət çəkir. Televizora baxa bilmirik, dünyada baş verən hadisələrdən kiminləsə ünsiyyətdə olandan sonra xəbər tuturuq. Sanki hansısa Afrika ölkələrindəyik”.
Məhəllə sakinləri deyirlər ki, “Azəriqaz”, “Azərişıq” və digər aidiyyatı orqanlara müraciət ediblər. Lakin onlara adsız məhəlləyə, qeydiyyatsız evlərə işıq, qaz xəttinin çəkilməsinin mümkün olmadığını bildiriblər.
Sakinlər deyirlər ki, qarşıdan qarlı qış gəlir. Yenə istiliksiz qalacaqlar. Kimi yaxınlıqdakı qohum-əqrabanın evinə sığınacaq, kimi də son qəpiyinə qədər oduna xərcləyəcək.
İsmayıllı Rayonu İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, həmin ərazidəki problemdən xəbərdardılar:
“O evlər bələdiyyə torpaqlarında tikilib. Orada əsasən məcburi köçkünlər məskunlaşmışdı. Sonradan kimlərsə də evlər tikiblər”.
İcra hakimiyyətindən yaxın bir neçə ildə əraziyə ışıq, qaz xəttinin çəkilib- çəkilməyəcəyi ilə bağlı sualı cavablandıra bilməyiblər.
“Azəriqaz” İstehsalat Birliyinin ” qaynar xətt” xidmətindən deyiblər ki, konkret ünvan deyilməsə, ərazinin qaz xətti çəkiləcək yaşayış məhəllərinin arasında olub-olmadığını söyləyə bilməyəcəklər. Ərazinin isə heç konkret ünvanı da yoxdur…