“Xalq Bank” Ramiz Mehdiyevin ailə üzvlərinə məxsus radionu məhkəməyə verdi – TƏFƏRRÜAT
“Xalq Bank” ASC “Antenn” Müstəqil Teleradio Kompaniyasına (radio “Antenn” 101 FM) qarşı məhkəmə iddiası qaldırıb.
Zirveyolu.com yeniavaz.com-a istinadla xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib.
Qeyd edək ki, “Xalq Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
Məlumat üçün bildirək ki, “Antenn” Müstəqil Teleradio Kompaniyası 01.06.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 189-da yerləşən şirkətin direktoru Əliyev Rüstəm Qədim oğludur.
Onu da qeyd edək ki, Əliyev Rüstəm Qədim oğlu eyni zamanda bir neçə şirkətin qanuni təmsilçisidir. Rüstəm Əliyevin qanuni təmsilçi olduğu şirkətlərdən biri “Digital Media” MMC-dir (“Medya FM” radiosu). Bu MMC 20.08.2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, M. Araz, ev 25A-da yerləşir.
Milli Televiziya və Radio Şurası hər iki şirkətə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verib. “Antenn” Müstəqil Teleradio Kompaniyası “101 FM”, “Digital Media” MMC isə “105,5 MHs” tezliyində yayımlanır.
Rüstəm Əliyevin qanuni təmsilçi olduğu daha bir şirkət “Abşeron Bio-Texnoloji” MMC-dir. Bu şirkət 08.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 130 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Mir Cəlal, ev 87, m. 5-də yerləşir.
Qeyd edək ki, mətbuatda adları qeyd olunan şirkətlərin AMEA prezidenti Ramiz Mehdiyevin ailə üzvlərilə bağlılığının olduğu yazılır. Bildirilir ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biri olub. Bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, “Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Mehdiyeva Nigar İsmayıl qızına, 19,01%-i (12 min 634 ədəd) Sadiq Rza İsmayıl oğluna, 6%-i (3 min 987 ədəd) isə Mahmudova Tükəzban Ağa qızına məxsusdur.
Uzun illərdir mətbuatda “Bank BTB”nin əsas səhmdarı olan Nigar İsmayıl qızı Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin gəlini olduğu yazılır və bu məlumat bu günə kimi təkzib olunmayıb.
Onu da bildirək ki, hazırda Tibb Universitetinin Onkoloji Klinikasınında direktor müavini olan həkim-onkoloq Nigar İsmayıl qızı Mehdiyeva və Rza İsmayıl oğlu Sadiqin uzun illər Nazirlər Kabinetində yüksək vəzifələrdə çalışan İsmayıl Rza oğlu Sadıqovun övladları olduğu bildirilir.
İsmayıl Rza oğlu Sadıqov 1993-cü ilin iyul ayında Baş nazir Pənah Hüseynovun imzaladığı qərarla Nazirlər Kabineti elm, səhiyyə və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad edilərək Nazirlər Kabineti İşlər İdarəsi elm, mədəniyyət və xalq təhsili şöbəsinin müdiri təyin edilib. Ramiz Mehdiyevin qudası (gəlinin atası) olduğu bildirilən İsmayıl Sadıqov yaş senzinə görə 2018-ci ildə Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Onu da bildirək ki, “Bank BTB” ASC-nin əsas səhmdarı olan Nigar Mehdiyevanın həyat yoldaşı fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevdir. Ramiz Mehdiyevin nazir müavini olan yeganə oğlu da ölkənin aparıcı nəşriyyatlarından biri olan “Şərq-Qərb” ASC-nin əsas səhmdarı (96,5%) hesab olunur.
“Antenn” Müstəqil Teleradio Kompaniyasını məhkəməyə verən “Xalq Bank” ASC 2004-cü ildə təsis olunub. “Xalq Bank” ASC-nin səhmdarları “İdeal Biznes Ko” MMC (50%), “Yevro Standart” MMC (33,85%) və “AMAL İnvest Qrup” MMC olub. “Xalq Bank” ASC-nin hesabatında hər iki şirkətin hüquqi ünvanı kimi “Neftçilər prospekti 153” göstərilir. Bu ünvanda həm də ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq” yerləşir. “Xalq Bank” ASC-nin hesabatında həmçinin qeyd olunur ki, bankın yekun mülkiyyətçiləri Bank üzrə birgə nəzarəti həyata keçirən Leyla Əliyeva və Arzu Əliyevadır.