Cəmiyyət Manşet

AMEA-nın əməkdaşından direktora ağır ittiham – TƏZYİQ EDİLİR

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi işçisi Lola Hüseynova həmin insititutun direktoru Abbas Seyidovu ona qarşı qərəzli münasibətdə ittiham edir.

Qafqazinfo-ya müraciət edən Lola Hüseynovanın iddia edib ki, Abbas Seyidov tərəfindən psixoloji təzyiqlərə məruz qalıb:

“Mən 2017-ci ildən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyirəm. Hazırda həmin institutun Dəmir dövrü arxeologiyası şöbəsində elmi işçi, Milli Azərbaycan Tarixi Muzeyində isə arxeologiya ixtisası üzrə dissertantam. 2021-ci ilin payızında Ramiz Mehdiyevin himayədarlığı ilə bizim instituta direktor göndərilən Abbas Seyidovla iki il öncədən problemlərimiz olub. O, vəzifəsini icra etməyə başladığı gündən bu səbəbdən məni işdən azad etməklə hədələyib. Keçən zaman ərzində məni dissertasiya işimlə bağlı abidənin tədqiqatlarından uzaqlaşdırıb. Onun mənə qarşı bitmək bilməyən şəxsi qərəzinin nəticəsidir ki, əsassız olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət növündə intizam məsuliyyətinə cəlb edilmişəm. Bu intizam tənbehinin ləğv edilməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmişəm. Barəmdə verilən intizam tənbehi Əmək Məcəlləsinə tam ziddir. Çünki izahatım alınmadan, ezamiyyədə olduğum gün mənə şiddətli töhmət verilib. A. Seyidov mənə psixoloji təzyiqlər göstərir, məhkəmənin keçiriləcəyi tarix yaxınlaşdıqca, məndən prokurorluğa şikayət edəcəyi ilə hədələyir. Hər gün oturduğum şöbəyə məni yoxlamaq üçün müxtəlif adamlar göndərir. Hətta vəziyyət o həddə çatıb ki, iş yerim olan bina daxilində mənim hansı saatda hansı otaqda oturmağımla bağlı izahatlar istəyir. Akademiya tarixində belə halla rastlaşan olmayıb. Abbas Seyidov elmi işləri yaxşılaşdırmaq, dövlətin siyasəti ilə ayaqlaşıb gənclərə şərait yaratmaq əvəzinə intriqa ilə məşğul olur. Fikirləri ilə razılaşmadığı əməkdaşları təhqir edib otağından qovur. Hər kəsi arxeoloji qazıntılarla şantaj edir. Görəsən, onun özü rəhbəri olduğu hansı ekspedisiyada 1 ay müddətində ezamiyyə yerində olub? Belə bir adam işçinin inzibati binada otaq dəyişməsini qanunsuzluq hesab edir”.

Lola Hüseynovanın sözlərinə görə, Abbas Seyidov onun haqqında şərəf və ləyaqətini alçaldan söhbətlər edib:

“Həyat yoldaşım hərbçidir. Mən elə bir müəssisə tanımıram ki, orada hərbçi yoldaşını işdən kənarlaşdırmaq üçün bu qədər oyun qurulsun. Mənim qohumlarım, əzizlərim vətən uğrunda şəhid olanda, Şuşada düşmənlə əlbəyaxa döyüşəndə, Qarabağın azadlığı uğrunda medallarla təltif olunanda, “Vətən Müharibəsi Qəhrəmanı” adı alanda, Abbas Seyidov haqqımda şərəf və ləyaqətimi alçaldan, əməkdaşlar içərisində məni gözdən salan söhbətlər etməklə məşğul idi. Hətta uşağımın xəstəliyi ilə əlaqədar 2 saat işə gecikməyimi sənəd təqdim etməyimə rəğmən üzrlü səbəb kimi qəbul etməyən Abbas Seyidov hər gün işə gəlməyimi ələ salır”.

Məsələ ilə bağlı AMEA-dan bildirilib ki, iş məhkəmədə olduğuna görə, hər hansı münasibət bildirə bilməzlər.

Qeyd edək ki, A. Seyidov bir müddət əvvəl mediaya açıqlamasında L. Hüseynova ilə hər hansı qərəzinin olmadığını bildirmişdi: “Adi bir işçidir. Elə bir səviyyəli işçi də deyil ki, deyək, bundan yoxdur. İki elmi rəhbər və iki mövzu dəyişib, amma heç bir iş görməyib. O qadın şər-böhtanla məşğuldur”.

Qafqazinfo

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir